Əli Əlirzayev: “Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətləri alqışlamaq lazımdır”
“Azərbaycan xarici ölkələrə silah satışını artırıb”. Xəbər verildiyi kimi, bunu jurnalistlərə açıqlamasında müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev deyib. Nazir müavini bildirib ki, əsasən atıcı silahların satışı artıb: "Azərbaycanın silah satdığı əsas ölkələr Asiya, Afrika və Yaxın Şərq ölkələridir".
Ümumilikdə, son illər Azərbaycanda hərbi sənaye sürətlə inkişaf edir. Ölkədə bir sıra silahlar istehsal olunur. Belə ki, Azərbaycanda istehsal olunan döyüş sursatları, müasir atıcı silahlar və artilleriya silahları, pilotsuz uçuş aparatları, zirehli texnikalar və digər müdafiə təyinatlı məmulatlar 10-dan çox ölkəyə ixrac olunur.
Məlumata görə, ümumilikdə, ixrac olunan məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. İstehsal olunan məhsulun 89 faizini müdafiə və xüsusi təyinatlı, 11 faizini isə mülki təyinatlı məmulatlar təşkil edir. İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı 1200-ə çatdırılıb.
Bütövlükdə, ölkədə istehsal olunan müxtəlif növ silahların bir sıra ölkələrə ixrac olunması Azərbaycanın gücünün göstəricisidir. Artıq Azərbaycan bununla bağlı dünyada öz sözünü deyir. Bir sıra ölkələrə silah ixracının artması deyilənlərə əyani sübutdur.
Maraqlıdır, bəs ekspertlər Azərbaycanın xaricə, əsasən də Asiya, Afrika və Yaxın Şərq ölkələrinə silah ixracının artmasının iqtisadi-siyasi nəticələrini necə şərh edirlər?
Məsələyə münasibət bildirən iqtisadçı-alim Əli Əlirzayevin sözlərinə görə, Azərbaycanın silah ixracını artırmasının həm iqtisadi, həm də siyasi üstünlükləri var: “Əvvəla silah istehsalı və ixracı da bir fəaliyyət növüdür. Nəzərə almaq lazımdır ki, elə ölkələr var silah ixrac etməklə varlanırlar. Bunun vasitəsilə özlərinin həm iqtisadi, həm də siyasi-hərbi mövqelərini möhkəmləndirirlər. Ona görə də silah ixracının həm iqtisadi, həm də siyasi üstünlükləri var. Ona görə də hesab edirəm ki, Azərbaycanda silah sənayesinin inkişaf etməsi müsbət haldır. Birinci növbədə silah satışında nəzərə alınan faktor, göstərici texnologiya və yeni innovasiyalardır. Əlbəttə, yeni texnologiyalara əsaslanan silah o deməkdir ki, yaxşı zavodlar, yaxşı kadr potensialı var. Məsələn, İkinci Dünya Müharibəsi zamanı Bakıdakı Leytenant Şmit adına zavodda tank istehsal olunurdu. Yəni traktordan tank istehsalına keçmək asandır. Bu mənada silah istehsalı və ixracının əhəmiyyəti böyükdür. Bu həm də ölkədə maşınqayırma sənayesinin inkişafı deməkdir. Buna görə də Azərbaycanın bu sahədə nailiyyətlər əldə etməsi müsbət haldır. Bu, ölkəyə valyuta gətirir, iş yerləri açılır, metalurgiya sənayesi inkişaf edir. 12 il əvvəl Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yarandı ki, bu sahə inkişaf etsin. Biz silahla bağlı bütün vasitələri xaricdən almamalıyıq. Ölkədə silah istehsalını genişləndirməklə həm özümüzü təmin etməliyik, həm də kommersiya maraqlarımızı qorumalıyıq. İstənilən bir məhsulu və texnologiyanı nə qədər çox biz xaricə ixrac ediriksə, bir o qədər bizim mövqeyimiz genişlənir və nüfuzumuz artır. Bu həm də rəqabət mühitinin inkişafına müsbət təsir göstərir. Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətləri alqışlamaq lazımdır”.
Vidadi ORDAHALLI