Azərbaycan və Rusiya arasında son illərdə siyasi, mədəni, humanitar əlaqələrlə yanaşı, iqtisadi müstəvidə də münasibətlərin dərinləşməsi aydın müşahidə olunur. Bu hal xüsusən də sentyabrın 1-də prezident İlham Əliyevin Rusiyaya baş tutmuş rəsmi səfəri fonunda özünü daha qabarıq formada büruzə verir. Hesab edilir ki, bu səfər ikitərəfli münasibətlərin inkişafı üçün yeni imkanlar açıb. Hətta imzalanmış sənədlərin miqyasına görə bu səfəri Azərbaycan-Rusiya münasibətləri üçün ilin hadisəsi kimi də dəyərləndirənlər var.
Xatırladaq ki, həmin səfər çərçivəsində on yeddi mühüm sənəd imzalanıb. Onların içərisində “Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat” fonunda belə bəlli olur ki, tərəflər qarşıdakı dövr ərzində iqtisadi müstəvidə əməkdaşlaqlarını daha da dərinləşdirməyi düşünür. Çünki iqtisadi sahədə əməkdaşlığın çox geniş imkan və potensialı var. Belə ki, 2017-ci ildə Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu isə 1,5 milyard dollar təşkil edib. İndi bu göstəricilərin artırılması xüsusi diqqət mərkəzində yer alır. Bundan başqa, Rusiya idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır və qeyri-neft sahəsinin azərbaycanlı ixracatçıları üçün birinci yerdədir. Bu ilin altı ayının yekunları da bunu bir daha təsdiq edir. Altı ayın yekunlarına görə, Azərbaycan Rusiyaya 350 milyon dollar dəyərində məhsul ixrac edib. Rusiyadan Azərbaycana isə 788 milyon dollarlıq məhsul daxil olunub. Bu göstəricilərin də artıırlması prioritetdir. O da faktdır ki, Azərbaycan tərəfindən Rusiyadan alınan hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və bu sahədə əməkdaşlıq bundan sonra da davam edəcək. Qeyd olunan fonda Rusiya prezidenti Vladimir Putinin Azərbaycana yeni səfəri də mühüm əhəmiyyətə malikdir. Vladimir Putinin Azərbaycana rəsmi səfəri sentyabrın 25-27-nə planlaşdırılır.
Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr şöbəsinin rəhbəri Leonid Kalaşnikov bu xüsusda bildirib: "Rusiya prezidentinin Bakıya səfərinin ardından hər iki dövlət başçısı - Vladimir Putin və İlham Əliyev sentyabrın 28-də Düşənbədə keçiriləcək MDB ölkələrinin sammitində iştirak etməyi planlaşdırırlar". Dövlət Dumasının Komitə rəhbərinin sözlərinə görə, Rusiya yaxın qonşuları ilə münasibətlərin inkişafında maraqlıdır: "Hesab edirəm ki, qarşıdakı səfər Rusiya və Azərbaycan arasında ciddi razılaşmalar əldə olunacaq. Bir sıra sahələrdə sənədlər paketinin imzalanacağı gözlənilir". Hesab edilir ki, imzalanacaq yeni sənədlər Bakı və Moskvanı strateji tərəfdaşa çevirəcək. Rusiyalı ekspert Andrey Şapoşnikov da bunu vacib sayır. Vladimir Putinin cavab səfəri onun sözlərinə görə, Bakıda Rusiya-Azərbaycan regionlararası forumun keçirildiyi günlərə təsadüf edəcək və iki dövlətin çoxşaxəli əməkdaşlığının təzahürü olacaq. Ekspert bildirir ki, hazırda Rusiya ilə Azərbaycanın münasibətləri ən yüksək nöqtəsinə çatıb: “Azərbaycan Rusiyanın regionda iqtisadi, siyasi və hərbi məsələlər üzrə əsas müttəfiqinə çevrilib. İki ölkənin biznesi müxtəlif sahələrdə sıx əlaqədədir, ölkələr logistika layihələrini fəal şəkildə inkişaf etdirirlər ki, bunların arasında “Şimal-Cənub“ nəqliyyat dəhlizi xüsusi yer tutur. İndi isə Xəzərdə əməkdaşlıq iqtisadi əlaqələrin fəallaşması üçün əsas istiqamətlərdən biridir. Bakıya Putinlə birlikdə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin də gəlir və özü ilə Rusiya biznesini gətirir. Azərbaycanda artıq “KamAZ”, “QAZ”, “LUKoil” və başqa nəhəng şirkətlər fəaliyyət göstərir.
Son illər ərzində Azərbaycan Rusiya silahlarına üstünlük verməklə ölkənin vacib hərbi tərəfdaşına çevrilib. Bu günlərdə Bakıda keçirilən və paytaxt şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradda bütün dünya Rusiya hərbi texnikasını izləmək imkanı əldə etdi. Putinin Azərbaycana səfəri günlərində Bakıda müdafiə sənayesinə həsr olunmuş ADEX-2018 sərgisi keçiriləcək. Burada da Rusiyada istehsal edilən ən müasir silahlar nümayiş etdiriləcək. Əliyevlə Putinin danışıqlarında əsas mövzulardan biri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi olacaq. Bu yaxınlarda Putin Ermənistanın yeni baş naziri Nikol Paşinyanla görüşüb. Yəqin ki, həmin görüşdə də bu mövzu müzakirə edilib. Ermənistanın baş nazirinin hərəkətlərini proqnozlaşdırmaq çətindir. Sözdə o, Rusiya ilə müttəfiq olduğunu desə də, bir gözü Qərbdədir. Ermənistanla bu anlaşılmazlıq fonunda Rusiya Azərbaycanla yaxınlaşır. Soçidə Putin düz bir saat İlham Əliyevlə protokoldan kənar söhbət edib. Bir çox ekspertlərin fikrincə, Putin həmin görüşdə Əliyevə əhəmiyyətli təklif edib. Söhbət Azərbaycanın KTMT və Şanxay Əməkdaşlıq Təşkilatı kimi strukturlara mümkün üzvlüyündən gedə bilər“. məsəlyə münasibət bildirən amerikalı politoloq Piter Teysin fikrincə, bu məsələlər Vladimir Putinin Bakıya səfəri fonunda yenidən diqqət mərkəzində yer alacaq: “Rusiya Ermənistanın öz ordusunu beynəlxalq hüquqa əsasən Azərbaycana məxsus olan bütün ərazilərdən çıxartmasına nail olmalıdır”. Qeyd edilənlərdən bu qənaətə gəlmək olar ki, Rusiyanın Azərbaycanla yaxınlaşması bölgədə Ermənistanın mövqelərini daha ad zəiflədəəck.
Tahir TAĞIYEV