Elşən Həsənov: “... özünü demokrat adlandıran Paşinyan gələcək qələbəsinə təmin etmək üçün növbəti saxtakarlığı ilə İrəvanın idarəçiliyini öz əlinə keçirdi”
Ermənistanın baş naziri Nikol Paşinyanın sədri olduğu "Vətəndaş sazişi” partiyasının rəhbərlik etdiyi "Mənim addımım” seçki bloku İrəvan şəhər şurası seçkilərində qalib gəlib. Ermənistan KİV-ləri xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Komissiyanın məlumatına görə, "Mənim addımım”seçki bloku seçicilərin 81,06 faizinin səsini toplayıb. Rəsmi məlumatda bildirilir ki, 475 seçki məntəqəsinin hamısının bülletenlərinin hesablanmasına əsasən "Mənim addımım” 370,3 min seçicinin 294109 nəfərinin səsini toplayb.
Nəticələrə görə, ikinci yerdə Qaqik Tsarukyanın rəhbəri olduğu "Çiçəklənən Ermənistan” Partiyası qərarlaşıb. Partiya 6,95 faiz (25219 səs) toplayıb. Seçkilərdə qalib gəlmək uğrunda 12 partiya və blok mübarizə aparıb. Qeyd edək ki, seçkilərdə kütləvi qanun pozuntuları qeydə alınıb. Ermənistanın Baş Prokurorluğunun mətbuat xidməti seçki günü saat 13:00-dək 132 müraciətin daxil olduğunu açıqlayıb.
Göründüyü kimi, artıq Ermənistanın ən böyük şəhəri və paytaxtı olan İrəvanın idarəetmisini Paşinyan, saxtakarlıqla olsa da, öz əlinə keçirə bildi. Bununla onun gələcəkdə hakimiyyətini bərkitmək yolunda mühüm addım atdığı bildirilir. O bu “qələbə”dən maksimum istifadə edəcək ki, qarşıdan gələn növbədənkanar parlament seçkilərində maksimum qələbə qazansın. Paşinyan bu amildən həm psixoloji olaraq, həm də inzibati resurslardan seçkilərdə istifadə etmək baxımından ciddi yararlanmağı düşünür. Saxtakarlıqla olsa da, İrəvan uğrunda “döyüşü” udmağı bacaran Paşinyan bu “qələbəsindən” gələcək seçkilərdə hansı formada yaralanmağa çalışacaq?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, prosedura görə, 65 üzvdən ibarət İrəvan Ağsaqqallar Şurasına seçkilərdə 40 faizdən çox səs qazanan siyasi qüvvənin siyahısına başçılıq edən namizəd İrəvan bələdiyyə başçısı vəzifəsinə seçilmiş hesab edilir: “Namizəd İrəvan meri vəzifəsi üçün tələblərə cavab vermir, vəzifədən imtina edir, yaxud heç bir siyasi qüvvə səslərin 40 faizindən artıq əldə edə bilmirsə, mer Ağsaqqallar Şurası üzvlərinin gizli səsverməsi nəticəsində seçilir. Qeyd edim ki, İrəvan meri vəzifəsi iyulun 9-da sabiq bələdiyyə başçısı Taron Marqaryan korrupsiya qalmaqalı ilə bağlı istefa verdikdən sonra boş qalıb. Paytaxt Ağsaqqallar Şurası mandatları üçün mübarizədə iştirak etməkdən ötrü Ermənistan Mərkəzi Seçki Komissiyasında 12 siyasi qüvvə qeydə alınmışdı.
Baş nazir Nikol Paşinyanın himayə etdiyi "Mənim addımım" seçki blokunun siyahısına aktyor, prodüser Hayk Marutyan başçılıq edir.
Yerli oliqarx hesab edilən millət vəkili Qaqik Tsarukyanın rəhbərlik etdiyi Firavan Ermənistan Partiyası siyahısında birinci partiya siyasi şurasının katibi Naira Zohrabyan olub. Seçkilərin zorakı üsulla, açıq-aşkar saxtakarlaşdırıldığı bildirilir. Belə məlumatları Ermənistanın rəsmi qurumları media vasitəsilə ictimailəşdirir. Paşinyanın açıq-aşkar bu üsula əl atması, sözsüz ki, növbəti parlament seçkilərində qələbəni təmin etməyə hesablanıb”.
Ekspertin sözlərinə görə, bunu bir neçə amillə izah etmək mümkündür: “ Bəllidir ki, Paşinyan hakimiyyətə ölkənin konstitusiyası dəyişiləndən sonra, inqlab nəticəsində gəlib. Məhz həmin hadisələrə olunan kütləvi etirazların fonunda o zorla özünü baş nazir seçdirə bildi. Faktiki olaraq o, ölkəyə rəhbərlik etsə də, mütləq hakimiyyətə yiyələnə bilməyib. Çünki parlament respublikasına çevrilən Ermənistanda hakimiyyətin taleyini deputatlar həll edir. Yeni parlamentdə isə çoxluq devrilən Sarkisyanın partiyasına məxsusdur. Paşinyan nə qədər cəhd etsə də, Konstitusiyanı dəyişə bilmədi. O gözəl dərk edir ki, bu gedişlə qarşıdakı növbədənkənar parlament seçkilərini uduza bilər və bunun da nəticəsində hakimiyyətlə birdəfəlik vidalaşmalı olar. Ona görə də, zorakılıqla olsa da, gələcək qələbəsini təmin edib, hakimiyyətdə qalmaq üçün İrəvanı öz əlinə keçirdi. Bilir ki, ölkə əhalisinin böyük əksəriyyəti paytaxtda cəmləşib və seçkinin taleyi məhz bu şəhərdə həll edilir. Bir sözlə, özünü demokrat adlandıran Paşinyan gələcək qələbəsini təmin etmək üçün növbəti saxtakarlığı ilə İrəvanın idarəçiliyini öz əlinə keçirdi. Bununla o, həm də, öz tərəfdarlarına bir stimul verdi ki, nə yolla olursa-olsun bunu bacardıqsa, qarşıdakı seçkini də mütləq udacağıq”.
Məhəmmədəli QƏRİBLİ