Nəzakət Məmmədova: “Çünki Prezidentin hər bir çıxışı dərin təhlil olunaraq ölkəmizdə akkreditə olunmuş səfirliklər tərəfindən şifrəli və ya açıq teleqramlarla öz dövlətlərinə göndərilir...”
Inqlab nəticəsində hakimiyyətə gələn Ermənistanın yeni rəhbərliyi onlara bəslənən heç bir ümidləri doğrultmayıb. Bu qısa müddət ərzində ölkənin daxili və xarici siyasət kursunda baş verənləri buna əyani sübut saya bilərik. Ən əsası da Nikol Paşinyanın dünyanı ciddi narahat edən Dağlıq Qarabağ problemi ilə bağlı tutduğu qeyri-konstruktiv mövqe və səsləndirdiyi məsuliyyətsiz bəyanatlar onu özündən əvvəlki sələflərindən də hörmətsiz duruma salıb.
Paşinyanın bu mövqeyi və ölkə daxilində siyasi rəqiblərinə qarşı apardığı repressiv davranışları onun demokratiya adından yalnız imitasiya etdiyini üzə çıxarmış oldu. Ermənistanda baş verən bu neqativlikləri son vaxtlar ən ciddi tənqid edənlərdən biri də Azərbaycan Prezidenti İlham Əliyevdir. Cənab Prezidentin müxtəlif tədbirlərdə Ermənistandakı yeni rejimin antidemokratik mahiyyətini və bəzi beynəlxalq təşkilatların hələlik bu vəziyyətə göz yummaları barədə verdiyi bəyanatlar erməni mediası və həmin ölkənin dövlət xadimləri tərəfindən ciddi narahatlıqla qarşılanır. Prezident sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas zamanı söylədiyi geniş nitqində yenidən bu mövzuya toxunub. Sitat: “...Mən hesab edirəm ki, bundan sonrakı dövrdə Ermənistanın yeni rəhbərliyi bu məsələ ilə bağlı öz siyasətində ciddi düzəlişlər etməlidir. Çünki bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir. Azərbaycan öz prinsipial mövqeyindən geri dönməyəcək. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır, beynəlxalq hüquq baxımından da Azərbaycan torpağıdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir.
Münaqişəyə, böyük humanitar fəlakətə baxmayaraq, bir milyondan çox insan bu münaqişədən əziyyət çəkir, Azərbaycan inkişaf yolundadır, Azərbaycanın inkişafı çox sürətlidir. Ermənistan isə, əksinə, getdikcə daha da zəifləyir. Ermənistanda bu ilin yazında baş vermiş çevriliş əslində göstərir ki, əvvəlki rejim xalqın dəstəyini tam itirmişdir. İyirmi il Ermənistana rəhbərlik etmiş rejim çökdü və bu bir daha onu göstərir ki, onların işğalçılıq siyasəti iflasa uğradı. Eyni zamanda, beynəlxalq təşkilatlar da bu məsələ ilə bağlı gərək ciddi təhlil aparsınlar və özlərinə sual versinlər ki, necə ola bilər, Ermənistanda son müddət ərzində keçirilmiş parlament və prezident seçkilərinə beynəlxalq müşahidəçilər müsbət reaksiya vermişlər. Məgər onlar bilmirdilər ki, Ermənistanda bütün seçkilər kobudcasına saxtalaşdırılır? Bilmirdilər ki, orada əvvəlki rejimin hörməti sıfıra bərabərdir? Bilirdilər, ancaq hansısa səbəblərə görə göz yumurdular. İndi də Ermənistanda yaranmaqda olan yeni diktatura rejimi, demək olar ki, eyni siyasəti aparır. Siyasi rəqiblərə qarşı zorakılıq həyata keçirilir, siyasi rəqiblər həbsə alınır, mətbuat nümayəndələrinə qarşı repressiyalar aparılır, mətbu orqanlar bağlanır, dövlət orqanları siyasi rəqiblərinin həbsi ilə bağlı açıq-aşkar göstərişlər verir, bu göstərişləri bütün dünya eşidir. Bir dənə də olsun beynəlxalq təşkilat, xüsusilə mətbuatla, media azadlıqları, insan haqları ilə bağlı olan təşkilatlar səsini çıxarmır. Sual olunur, nəyə görə Ermənistanda gedən bu təhlükəli proseslərə beynəlxalq təşkilatlar reaksiya vermir? Bunun arxasında hansı səbəblər var? Bu, çox ciddi araşdırılmalıdır. Biz onsuz da yaxşı bilirik ki, bəzi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı ikili standartlar siyasəti aparılır. Biz buna öyrəşmişik və buna qarşı mübarizə aparırıq. Bizim mübarizəmiz çox tutarlı arqumentlərlə dəstəklənir. Bayaq qeyd etdiyim kimi, deputatlarımız bizə qarşı aparılan çirkin kampaniyalarla bağlı öz sözlərini tutarlı arqumentlərlə deyirlər. Bizə qarşı irəli sürülən ittihamlar 100 faiz saxtadır, yalandır, ikili standartlar əsasındadır və siyasi məqsədlər güdür. Onu da bildirməliyəm ki, bu hücumlar, bu ittihamlar bizim siyasi iradəmizə zərrə qədər təsir etmir və etməyəcək. Amma Ermənistan açıq-aşkar repressiya siyasətini aparır, medianı boğur, siyasi opponentlərini həbsə alır, baş nazir onların həbsi ilə bağlı göstəriş verir və buna heç bir reaksiya verilmir. Bu, çox düşündürücü məsələdir və hesab edirəm ki, beynəlxalq təşkilatlar bizim bu sualımıza mütləq cavab verməlidirlər. Verməsələr, deməli, onlar bu yeni yaranan diktatura rejimi ilə əlbirdirlər...”
Son günlər ərzində Ermənistan mediası ətrafında apardığımız monitorinqdən tam olaraq bu nəticəyə gəlmiş oluruq ki, Ermənistanın mediası və müəyyən dövlət rəsmiləri hər vəchlə İlham Əliyevin Paşinyan rejiminin mahiyyətini açması və beynəlxalq qurumların susqun mövqeyi ilə bağlı irəli sürdüyü fikirləri təkzib etməyə çalışırlar. Cənab İlham Əliyevin son vaxtlar məlum istiqamətdə etdiyi çıxışlar, irəli sürdüyü konkret arqumentlərlə bağlı Ermənistanda yaranan ciddi narahatlığın kökündə hansı amilər dayanır?
Politoloq Nəzakət Məmmədova qəzetimizə açıqlamasında bildirdi ki, narahatlığın kökündə bir sıra amillər dayanır: “Əsas səbəb odur ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın indiki hakimiyyətinin qanunsuz əməllərini mötəbər tədbirlərdə, xarici ölkələrin siyasi dairələrinə, qərarvermə mərkəzlərinə bağlı olan, onlarla işləyən nüfuzlu ictimai-siyasi xadimlər qarşısında ifşa edir. ATƏT-in Minsk Qrupu həmsədrlərindən sonra dövlət basçısı Azərbaycan parlamentinin yubileyi münasibətilə ölkəmizə gəlmiş mötəbər auditoriya qarşısında da belə fikirlər səsləndirdi. Habelə, Prezidentin nəinki özü xaricdə olarkən və ya xaricdən gəlmiş nümayəndə heyətləri ilə görüşündə, ölkə daxilində də vətəndaşlar qarşısında istənilən çıxışında biz Ermənistan rəhbərliyinin əməllərinin cəsarətlə ifşa edildiyini görürük. Çünki Prezidentin hər bir çıxışı dərin təhlil olunaraq ölkəmizdə akkreditə olunmuş səfirliklər tərəfindən şifrəli və ya açıq teleqramlarla öz dövlətlərinə göndərilir və onlar həm də Azərbaycsn Prezidentinin çıxışları əsasında Ermənistandakı vəziyyət barədə təsəvvür əldə edirlər”.
Nəzakət Məmmədovanın sözlərinə görə, Azərbaycan Prezidentinin siyasi xadim kimi beynəlxalq nüfuzunun yüksək olması onun dediyi hər bir fikrə də xaricdə ciddi yanaşmağı tələb edir: “ Ermənilər də bundan çox narahat olurlar. Çünki bilirlər ki, İlham Əliyevin dediyi hər bir fikir öz nəticəsini verir, necə ki, Ermənistanda baş verdi. Onun illər boyu Sarkisyan rejimi barədə səsləndirdiyi fikirləri ermənilər bu ilin aprel ayında İrəvanda təkrar etdilər. Ancaq bu dəfə də doğru seçim edə bilmədilər. Çünki Sarkisyanı və Köçəryanı tənqid edən Paşinyan özü də elə onların siyasətini davam etdirir.
Ermənistanda demokratiyaya, yaxşılığa doğru dəyişən heç bir irəliləyiş müşahidə olunmur. Hazırda orada xarici siyasətdə uğursuzluq və bu uğursuzluğu ört-basdır etmək üçün işğalçılıq siyasətinin davam etdirilməsi planlarını görürük. Daxildə isə köhnə rəqiblərlə haqq-hesab çəkilməsini görürük. Paşinyan doğrudan da özünü qələmə vermək istədiyi kimi demokratik düşüncəli, insan haqlarına dəyər verən bir siyasətçi olsaydı, Köçəryana qarşı ittihamlarda ona qarşı təkcə hakimiyyəti qeyri-qanuni zəbt etmə və xələfinə ötürmə yox, həm də hərbi cinayətkar kimi müharibə zamanı dinc Azərbaycan əhalisinə qarşı törətdiyi cinayətlər də əks olunardı. Necə ki, keçmiş Yuqoslaviyada bu baş verdi və hərbi cinayətkarlar tribunal qarşısında dayanmalı oldular”.
Xanım politoloqun sözlərinə görə, o zaman bütün dünya görərdi ki, hazırda Ermənistanda baş verənlər siyasi rəqiblərlə haqq-hesab çəkmə yox, həqiqətən də cinayətkarların etdikləri bütün cinayət əməllərinə görə məsuliyyətə cəlb olunması istəyidir.
Məhəmmədəli QƏRİBLİ