Xətai Baxışov: “Azərbaycanda orduya qadınlar…” Fatimə Hacıbəyli: “Qadın hərbi qulluqçular və mülki işçilərin problemlərinin həlli üzrə referent vəzifəsinin təsis edilməsi düzgün qərardır”
Dünyanın bir sıra ölkələrində kişilərlə yanaşı qadınlar da hərbi xidmət keçir. Hələ İkinci Dünya Müharibəsində qadınların ön və arxa cəbhədəki fəallıqları sonrakı dövrlərdə onların hərbi sahədə təmsil olunmalarına zəmin yaratdı.
2014-cü ilin sonlarından etibarən dünya təcrübəsi Azərbaycan Silahlı Qüvvələrində tətbiq edilir. Hazırda Azərbaycanda qadınların hərbi xidmət keçməsi "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə ilə tənzimlənir və könüllü sürətdə həyata keçirilir. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 28.6-cı maddəsinə əsasən, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlar yaşayış yeri üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən hərbi qeydiyyata alındıqdan sonra hərbi biletlərlə təmin edilirlər.
Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, Azərbaycan Ordusunda hazırda 10 mindən artıq qadın xidmət edir. Bu günlərdə Müdafiə naziri Zakir Həsənov mediaya açıqlamasında yaxın zamanlarda Müdafiə nazirinin qadın hərbi qulluqçular və mülki işçilərin problemlərinin həlli üzrə referenti vəzifəsinin təsis edilməsini nəzərdə tutulduğunu da diqqətə çatdırıb.
Hərbi ekspert Xətai Baxışov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda orduya qadınlar artan templə cəlb olunur: “Orduya qadınlar kargüzarlıq, aşpaz, telefonçu və digər yüngül vəzifələrə cəlb olunur. Eyni zamanda, bəzi qadınlar nişan alma sahəsində peşəkar olduğu üçün onları o vəzifəyə təyin edirlər. Ölkəmizdə hədəfi tam şəkildə müəyyən edən snayper qadınlar var. Ermənistandan fərqli olaraq, Azərbaycanda qadın taboru yaradılmır. Ermənistanda da qadın taboru yaradılır”.
“Vəfa” Sosial Birliyinin sədri Fatimə Hacıbəyli bizimlə söhbətində qeyd etdi ki, qadınların hərbi xidmətə cəlb olunması normal qəbul olunmalıdır: “Kişilərlərlə yanaşı, Azərbaycan qadınları da Azərbaycanın tam hüquqlu vətəndaşlarıdır. Bu gün Azərbaycanda kişilərlə yanaşı yüksək vəzifədə çalışan qadınlarımız, xanım generallarımız var ki, onlar hərbçiliyi özlərinə həyat peşəsi kimi seçiblər. Buna da hamı hörmətlə yanaşmalıdır".
Həmsöhbətimiz onu da vurğuladı ki, orduda 10 mindən artıq qadının xidmət etməsi sevindiricidir: “Bəziləri düşünür ki, qadın əlinə silah ala bilməz. Ancaq bu düzgün yanaşma deyil. Nəzərə almaq lazımdır ki, tək Qarabağ döyüşləri zamanı onlarla hərbçi qadınımız bəylərlə çiyin-çiyinə döyüşüb. Bu səbəbdən də hesab edirəm ki, qadın hərbi qulluqçular və mülki işçilərin problemlərinin həlli üzrə nazirin referenti vəzifəsinin təsis edilməsi düzgün qərardır”.
Cəmilə QARAYEVA