Məhəmməd Əsədullazadə: “Azərbaycanın uğurlu enerji layihələri regionda işğalçı Ermənistanın tam izolyasiyasını təmin edəcək”
Azərbaycanın iqtisadi müstəqilliyinin əsası 24 il əvvəl qoyulub desək yanılmarıq. Məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində "Əsrin müqaviləsi" imzalandi. Bu müqaviləyə Azərbaycanın müəlliflik etməsi görünməmiş bir yenilik, hətta siyasi sensasiya idi. Belə ki, uzaqgörən siyasət və güclü iradə Azərbaycanı böyük enerji ölkəsinə çevirdi.
XX əsrin son rübü Azərbaycan üçün sərt imtahanlar dövrü kimi yadda qalıb. Qazandığımız siyasi müstəqillik ölkədən iqtisadi müstəqillik də tələb edirdi. Digər postsovet respublikaları ilə müqayisədə Azərbaycanın buna həm kifayət qədər iqtisadi potensialı vardı, həm də dövrün tələblərinə cavab verəcək uzaqgörən siyasi rəhbərliyi. 20 sentyabr 1993-cü ildə Azərbaycan MDB-yə üzv oldu. Düz bir il sonra, 20 sentyabr tarixində neft kontraktı imzalandı. Bakının "Gülüstan" sarayında dünyanın aparıcı 13 neft şirkəti ilə Azərbaycan arasında "Əsrin müqaviləsi" imzalandı. Nəticədə Azərbaycanın beynəlxalq arenada nüfuzu möhkəmləndi.
2017-ci il sentyabrın 14-də Azərbaycanın neft sənayesi tarixində daha bir əlamətdar hadisə baş verdi. Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Həmin sazişin müddəti 2050-ci ilə qədər uzadıldı. Bu, necə deyərlər, ikinci möhtəşəm kontrakt idi. 2017-ci il noyabr ayının 8-də Azərbaycanda 2 milyardıncı ton neft hasil olundu. Bu qədər qara qızılın 700 milyon tonu müstəqillik illərində, o cümlədən 460 milyon tonu “Əsrin müqaviləsi” çərçivəsində son 20 ildə çıxarılıb.
Ümumilikdə, 1994 və 2017-ci illərdə imzalanan neft kontraktları Azərbaycanın geosiyasi mövqeyinin möhkəmlənməsində necə rol oynadı?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə kontekstdən yanaşdı: “1994-cü ildə Azərbaycan Qərb ölkələri ilə "Əsrin müqaviləsi"ni imzaladıqdan sonra regionun geosiyasi əhəmiyyətli ölkəsi olaraq Avropa və Asiya arasında mühüm status əldə etdi. “Əsrin müqaviləsi”ndən sonra, demək olar ki, ölkəmiz enerji sektorunda böyük nailiyyətlər əldə edərək, ABŞ və Böyük Britaniya kimi beynəlxalq oyunçuların diqqətini özünə çəkdi. Hesab edirəm ki, 1994-cü ildən Azərbaycan neft və qaz layihələrini həyata keçirməklə, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum boru kəmərlərini çəkməklə Avrasiyanın enerji xəritəsində böyük dəyişikliklərə imza atdı. Hazırda “Cənub Qaz Dəhlizi”, TANAP və TAP enerji layihələri məhz 1994-cü ildə imzalanan neft kontraktının uğurlu davamıdır. 2017-ci ildə sazişin müddəti uzadıldı. Bu gün ölkəmiz məhz neft və qaz layihələrini uğurla inkişaf etdirməklə, Avropanın enerji diversifikasiyasında mühüm rol oynayır. Bəli, tam əminliklə demək olar ki, neft amili ölkəmizin beynəlxalq əhəmiyyətinin artmasına, manevr siyasətimizə, xüsusilə Ermənistan üzərində diplomatik qələbəmizə səbəb olub. Bu gün ordumuzun güclənməsi, regionda sözükeçən ölkə statusunun qazanılması neft strategiyasının uğurlu davamı kimi xarakterizə edilməlidir. Rusiya, ABŞ, Almaniya və Fransa kimi beynəlxalq oyunçularla ölkəmizin əlaqələrinin yüksək səviyyədə olması neft amilinin siyasi diplomatiyada qələbəsidir. Hesab edirəm ki, bundan sonra da Azərbaycanın uğurlu enerji layihələri regionda işğalçı Ermənistanın tam izolyasiyasını təmin edəcək. Bu gün Ermənistanda inqilab məhz ağır sosial-iqtisadi vəziyyətin nəticəsidir”.
Vidadi ORDAHALLI