Qabil Hüseynli: “Bütün bunların Birləşmiş Ştatlar tərəfindən etiraf olunması onu göstərir ki, Azərbaycan antiterror mübarizəsinə mühüm töhfələr verir”
Məlum olduğu kimi, ABŞ Dövlət Departamenti 2017-ci ildə terrorizmlə mübarizə problemləri haqqında hesabatı dərc edib. Hesabatda bir sıra məqamlara toxunulub. Dövlət Departamentinin məruzəsində Azərbaycanın terrorizmlə mübarizəyə verdiyi töhfəyə də yer ayrılıb.
Sənəddə deyilir ki, Azərbaycan terrorizmlə mübarizə sahəsində ABŞ-ın güclü tərəfdaşıdır. Azərbaycan rəhbərliyi insanların, pul vəsaitlərinin və materialların Cənubi Qafqazda quru və dəniz yolu ilə hərəkətinə əngəl olan terrorçuların aşkar edilməsi və onların cəhdlərinin qarşısının alınması üçün fəal iş aparıb. Azərbaycanın hüquq-mühafizə və xüsusi xidmət orqanları terror hücumları planlarının pozulması və qarşısının alınması üzrə əməliyyatlar həyata keçirib, terrorçuluqda şübhəli bilinən şəxsləri saxlayıb və cinayət məsuliyyətinə cəlb edib, həmçinin, ölkənin hüdudlarından kənarda terrorçu qruplara qoşulan və xaricdə döyüş əməliyyatlarından sonra geri qayıdan Azərbaycan vətəndaşlarına qarşı cinayət işi qaldırıb. Məruzə müəllifləri vurğulayırlar ki, Azərbaycanın terrorizmlə mübarizədə ABŞ-la əməkdaşlığı Birləşmiş Ştatlar vətəndaşlarının səfər etdikləri turizm obyektlərinə və ABŞ üçün iqtisadi cəhətdən mühüm obyektlərə terror hücumları risqini xeyli dərəcədə azaldıb.
Hesabatda, həmçinin, qeyd olunub ki, 2017-ci ildə Azərbaycan “Asiyanın qəlbi - İstanbul Prosesi” çərçivəsində həmsədrlik edərək Əfqanıstanda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirib.
Görünən odur ki, Azərbaycan terrorizmlə mübarizədə də beynəlxalq müstəvidə öz töhfəsini verir və nəyisə əsirgəmir. Bütün bunlardan çıxış edərək hesabatda Azərbaycanın önəminin xüsusi qeyd olunmasını ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynlinin sözlərinə görə, ABŞ Dövlət Departamentinin məlum dəyərləndirməsi Azərbaycanın strateji əhəmiyyətindən irəli gəlir: “Həm də Azərbaycanın bu işə verdiyi töhfəni etiraf etməsi deməkdir. Doğrudan da Azərbaycan terrorla mübarizə sahəsində NATO, beynəlxalq təşkilatlarla birgə hərəkət edir. Onlarla birlikdə terrorizmə qarşı mübarizə aparır. Məsələn, Azərbaycan Əfqanıstanda terrorizmin kökünün kəsilməsi istiqamətində aparılan mübarizəyə böyük dəstək verir. Çünki Əfqanıstanda yerləşən NATO qoşunlarının təchizatının minimum 80 faizi Azərbaycan üzərindən həyata keçirilir. Bu məsələdə Azərbaycan nəqliyyatından da istifadə edilir. Belə ki, yüklər təyyarə ilə Bakıya gətirilir, sonra isə Xəzər dənizi vasitəsilə Qazaxıstanın Aktau limanına daşınır. Oradan da Əfqanıstana aparılır. Bundan başqa, Azərbaycanın 120 əsgərdən ibarət bir taboru Əfqanıstanda terrorla mübarizədə iştirak edir. Bütün bunların Birləşmiş Ştatlar tərəfindən etiraf olunması onu göstərir ki, Azərbaycan antiterror mübarizəsinə mühüm töhfələr verir. Bir növ, Azərbaycanın bununla bağlı verdiyi töhfələr həm etiraf olunur, həm də yüksək qiymətləndirilir. O baxımdan hesab edirəm ki, ABŞ tərəfindən Azərbaycanın bu sahədəki fəaliyyətinin qiymətləndirilməsi müsbət haldır”.
Vidadi ORDAHALLI