Azərbaycanın iki və çoxtərəfli əsasda qurduğu əməkdaşlıq bu gün ölkəmizin beynəlxalq miqyasda mövqelərinin güclənməsində mühüm rol oynayır. Eyni zamanda bu hal xaricdə Azərbaycanın maraqlarının daha çox nəzərə alınması ilə müşayiət edilir.
Qeyd edilənlərə konkret nümunə qismində Azərbaycan-İsrail əlaqələrini göstərmək olar. Məhz bu əlaqələrin yüksək səviyyəsinin nəticəsidir ki, hazırda nüfuzlu yəhudi lobbisi də dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ-da Azərbaycanın maraqlarından çıxış edir. Bu günlərdə müdafiə naziri Aviqdor Liberman başda olmaqla İsrail nümayəndə heyətinin Azərbaycana rəsmi səfərinə dair yayımladığı növbəti məqalədə də “The Jerusalem Post” qəzeti Bakının yəhudilərə münasibətinin tarixən yüksək olduğunu vurğulayır. Diqqət ona yönəlir ki, bu gün Azərbaycanda 25 min üzvü olan çox nüfuzlu yəhudi icması yaşayır: “Burada iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi tikilib. Tezliklə Azərbaycanda ilk yəhudi muzeyinin açılması nəzərdə tutulur. Bu, Cənubi Qafqazda birinci yəhudi muzeyi olacaq.
Azərbaycanın şimalında, Quba rayonunda yerləşən bütün dünyada məşhur və qədim Qırmızı qəsəbədə 3500-dən çox sakin yaşayır. Azərbaycanın fəxri olan bu qəsəbə İsrail hüdudlarından kənarda yeganə yəhudi kəndidir. İsrail ilə Azərbaycan arasında, azərbaycanlılarla yəhudilər arasında münasibətləri təkcə qarşılıqlı maraqlarla izah etmək olmaz. İsrail-Azərbaycan münasibətləri ümumi dəyərlərlə və ortaq tarixlə səciyyəvidir. Bu iki ölkə arasında sıx insani əlaqələr və bir-birini dəstəkləmək qətiyyəti var. Yəhudilərlə çoxəsrlik səmimi münasibət bu gözəl ölkəyə və onun xalqına rəğbəti daha da gücləndirir. İsrail dövləti Azərbaycanı dəstəkləyir və Ermənistan-Azərbaycan münaqişəsini beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlamağa çağırır. Libermanın səfəri isə iki ölkə və onların xalqları arasında münasibətlərin möhkəmlənməsində və dərinləşməsində yeni səhifə açıb”. Belə vəziyyətdə yəhudi lobbisinin Azərbaycanı dəstəkləməsi də tamamilə təbii sayıla bilər. Bu isə erməni lobbisinə qarşı mübarizədə ölkəmiz üçün çox önəmlidir.
Hazırda müşahidə olunan odur ki, qarşılıqlı əməkdaşlıq Azərbaycanın okeanın o tayında da mövqelərini getdikcə gücləndirir. ABŞ-ın Tennessi ştatı universitetinin politologiya professoru Andrey Korobkov bildirir ki, hazırda, Ermənistandan fərqli olaraq, Azərbaycanın ABŞ-ın tərəfdaşı olmaq üçün real imkanları var. Eyni zamanda, ekspert hesab edir ki, Amerikanın keçmiş liderlərindən fərqli olaraq, prezident Donald Tramp lobbi dairələrinin təsiri altında deyil: “Buradakı erməni diasporu artıq əvvəlkitək Ağ Evə təsir edə bilmir. Tramp iş adamıdır və hər şeyə kommersiya üçün məqsədəuyğunluq prizmasından yanaşır. Azərbaycan regionda strateji əhəmiyyətə malikdir, deməli, Tramp erməni lobbisinin maraqları naminə bu ölkə ilə münasibətlərini qurban verməz”.
Digər amerikalı politoloq Piter Teys də bundan əvvəl açıq şəkildə bildirib ki, Ağ Ev müxtəlif lobbi qruplarının təsirini azaldacaq qanun layihələri qəbul edib. O vurğulayıb ki, Trampı, erməni lobbisi də daxil olmaqla, bir sıra müxtəlif lobbi qruplarının ABŞ Konqresi və icra orqanlarına təsirinin azaldılması istiqamətində gördüyü işlərə görə alqışlamaq lazımdır: “Nəzərə alsaq ki, prezident Tramp yəhudi iş adamları ilə sıx bağlıdır və əslində onların istəyini nəzərə alır, bu addımdan daha çox erməni lobbisinin ziyan görəcəyini ehtimal edə bilərik. Vurğulayaq ki, Tramp ABŞ prezidenti seçildikdən sonra Birləşmiş Ştatlardakı erməni lobbisinin maraqları müəyyən mənada zərbələr almağa başladı. Məsələ ondadır ki, Tramp erməni diasporunun pullarından asılı vəziyyətdə deyil. Trampın özü milyarderdir və onun iş ortaqları ermənilər deyil. O öz seçki kampaniyasını kənar ianə və sərmayə cəlb etmədən, özü maliyyələşdirib. Erməni lobbisi Trampın seçkilərində heç bir rola malik olmayıb. Ona görə də Ağ Evin sahibi özünü erməni lobbisinə borclu hesab etmir. Bu mənada Tramp ABŞ-ın ilk prezidentidir ki, bu ölkədəki erməni diasporu onun üzərində heç bir təsirə malik deyil. Bu da, öz növbəsində, şübhəsiz ki, Amerikadakı erməni lobbisinin ciddi məğlubiyyəti kimi qəbul edilir. Bu baxımdan ehtimal edə bilərik ki, ABŞ-ın xarici siyasətinə Amerika erməni lobbisinin təsiri minimuma enməkdədir. Ən azı ona görə ki, Tramp administrasiyasının ermənilərin qarşısında hər hansı korporativ öhdəliyi yoxdur. Digər tərəfdən, Vaşinqtonda da anlayırlar ki, artıq erməni diasporunun girovluğunda olmaq onların geosiyasi maraqlarına zərbə vurur. Bu baxımdan, Donald Trampı erməni diasporu ilə qarşılıqlı maraqlar bağlamır“. Bundan başqa, ekspert qeyd edir ki, Tramp daha çox yəhudi lobbisinin maraqlarının müdafiəçisidir: “Erməni və yəhudi lobbiləri isə artıq uzun illərdir ki, bir-birinə qarşıdır. Qarabağ münaqişəsi ilə bağlı da yəhudi lobbisi Azərbaycana dəstək verir. Ermənistan İsrailin maraqlarına cavab verəcək imkanlara və mövqeyə malik deyil. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb. Ermənistan isə antisemit çağırışları ilə tanınıb. Əslində, son illər ərzində erməni lobbisi ABŞ, Rusiya və bir sıra Avropa ölkələrində əsaslı dərəcədə mövqe itirməyə başlayıb“. Belə vəziyyətdə Azərbaycanın mövqelərinin güclənməsi isə beynəlxalq miqyasda ölkəmizə əlavə üstünlüklər qazandırır.
Tahir TAĞIYEV