Əhəd Məmmədli: “Bütün bu addımlar və səsləndirilən bəyanatlar, eləcə də ölkənin real durumu Paşinyan hakimiyyətinin məsuliyyətsizliyinin bariz nümunəsi sayıla bilər”
Prezident İlham Əliyev bu günlərdə Azərbaycanın cənub bölgəsinə etdiyi səfər zamanı ictimaiyyət nümayəndələrilə görüşü çərçivəsində Ermənistanın yeni rəhbərliyinin siyasi məsuliyyətsizliyindən danışıb:
“Bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz. Ermənistan indi çox ağır vəziyyətə düşüb. İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb. Mən dəfələrlə demişdim ki, Ermənistanı quldur dəstə idarə edir və bu gün bunu erməni xalqı deyir. Ancaq əfsuslar olsun ki, Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir, sarsaq bəyanatlar verirlər və təmas xəttində, Ermənistan-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atırlar. Azərbaycan Ordusu onlara layiqli cavabını verir, verəcək, necə ki, 2016-cı ilin aprel döyüşlərində onları yerinə oturtdu, torpaqlarımızın bir hissəsini azad etdi, bu ilin may ayında Naxçıvan istiqamətində uğurlu əməliyyat nəticəsində böyük ərazi nəzarətimizə keçdi”.
Prezident daha sonra bildirib ki, bundan sonra da biz onlara lazım olan vaxtda tutarlı cavablar verəcəyik: “Düşmən bilir ki, bizim qarşımızda duruş gətirə bilməz. Baxın, bir neçə gün bundan əvvəl onların silahlı təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədində atışma olub və əsgərlərimiz onlara elə dərs veriblər ki, çətin ki, yaxın günlərdə özlərinə gəlsinlər. Biz bu istiqamətdə siyasətimizi ardıcıl olaraq aparacağıq, ordumuzu daha da gücləndirəcəyik, daha da böyük vəsait ayıracağıq və ordumuzun döyüş qabiliyyətini daha da möhkəmləndirəcəyik. Nümayiş etdirilən paradda bizim texniki imkanlarımız, əsgər-zabitlərimizin hazırlığı düşmənə yaxşı bir siqnaldır ki, otursun yerində, yoxsa, axırı pis olar”.
Ermənistanın yeni hakimiyyətinin siyasi məsuliyyətsizliyini nələrdə görmək olar?
Politoloq Əhəd Məmmədli qəzetimizə bildirdi ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ziddiyyətli bəyanatları populist xarakter daşıyır: “Nikol Paşinyanın "Azərbaycan "Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır” tezisi isə ümumiyyətlə qəbuledilməzdir. Hər kəsə məlumdur ki, Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğal edilib və Dağlıq Qarabağdakı qondarma rejimin arxasında Ermənistan durur. Buna görə də Paşinyanın bu kimi iddiaları indiki məqamda danışıqlar prosesini pozmaq məqsədi daşıyır. O cümlədən Paşinyanın Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma rejimin tərkib hissəsi olması kimi bəyanatları da Ermənistan rəhbərliyinin beynəlxalq qanunlara, beynəlxalq ictimaiyyətə, xüsusilə də ATƏT-in Minsk Qrupu həmsədrlərinə hörmətsizliyinin bariz nümunəsidir. Bir məqamı da qeyd edək ki, Paşinyan son Rusiya səfəri zamanı üzləşdiyi uğursuzluğu məsuliyyətsiz bəyanatlarla kompensasiya etməyə və ölkə əhalisi arasında nüfuzunu qorumağa çalışır. Populist vədlər verərək hakimiyyətə gələn Paşinyan indiki halda mövcud reallıqları dərk etməyə başlayıb və düşdüyü mürəkkəb durumu necə həll edəcəyini bilmir. Hesab edirəm ki, bütün bu addımlar və səsləndirilən bəyanatlar, eləcə də ölkənin real durumu Paşinyan hakimiyyətinin məsuliyyətsizliyinin bariz nümunəsi sayıla bilər”.
Məhəmmədəli QƏRİBLİ