Ramil Hüseynov: “Noyabrdan sonra ABŞ sanksiyalarının təsiri Ermənistan iqtisadiyyatı üzərində özünü daha qabarıq formada göstərəcək”
Rusiyalı milyarder Oleq Deripaskanın Ermənistandakı biznesi ABŞ sanksiyaları üzündən ziyanla üzləşib. Bu səbəbdən Ermənistanda "UC Rusal" zavodu sanksiyalar səbəbindən istehsalını dayandırmağa başlayıb.
Deripaskaya məxsus “Armenal” zavodu istehsalı azaltmaq və əməkdaşlarının bir hissəsini ixtisara salmaq məcburiyyətində qalıb. Buna səbəb kimi ABŞ-ın Rusiyaya qarşı sanksiyaları üzündən zavodun istehsal etdiyi məhsula tələbatın azalması göstərilir. “Armenal” zavodunda istehsal olunan məhsul əsasən Şimali Amerika və Avropaya ixrac olunurdu.
Qeyd edək ki, aprelin 6-da Vaşinqton alüminium istehsalı ilə məşğul olan “UC Rusal” şirkətini və onun sahibi Oleq Deripaskanın adını sanksiya siyahısına daxil edib.
Erməni mətbuatı bununla bağlı baş verənləri böyük üzüntü ilə qarşılayır. Ermənistan mətbuatının yazdığına görə, 2017-ci ildə 33,7 min ton alüminium folqa istehsal edən "Armenal" məhsulları əsasən Şimali Amerika və Avropaya ixrac edib. 2017-ci ildə "Armenal" ın gəlirləri 101 milyon dollar, xalis mənfəəti isə 3 milyon dollar olub. Məlumata görə, sentyabr ayının sonuna qədər istehsal idarəsinin 184 əməkdaşı, daha sonra digər idarələr və xidmətlər məcburi məzuniyyətə göndəriləcək. Ümumilikdə, şirkətdə 670 nəfər çalışır.
Onu da qeyd edək ki, Ermənistan üçün bu zavodun əhəmiyyəti böyükdür. Ona görə ki, bu zavodun istehsal etdiyi məhsullar ölkənin ümumi ixracının təxminən 5 faizini təşkil edir.
Göründüyü kimi, ABŞ-ın Rusiyaya və İrana tətbiq etdiyi sanksiyalar praktiki olaraq Ermənistanı da vurur.
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, bütün bunlar gözlənilən idi: “Ona görə də hesab edirəm ki, bu hələ başlanğıcdır. Bundan sonra ABŞ sanksiyaları Ermənistan iqtisadiyyatına daha çox təsir göstərəcək. Bu da səbəbsiz deyil. Məsələ ondadır ki, özünü təcrid vəziyyətinə salan Ermənistan Rusiya və İranla sıx iqtisadi əlaqələrə malikdir. Ermənistanda az-çox üzdə olan iqtisadi sahələr əsasən Rusiyaya bağlıdır. Rusiyanın yardımı olmasa, Ermənistan iqtisadiyyatı ümumiyyətlə pis vəziyyətə düşəcək. Həmçinin, İranın da Ermənistan üçün hansı önəmə malik olduğunu geniş şərh etməyə ehtiyac yoxdur. Həm Rusiyaya, həm də İrana qarşı ABŞ-ın münasibəti bəllidir. Hesab edirəm ki, noyabrdan sonra ABŞ sanksiyalarının təsiri Ermənistan iqtisadiyyatı üzərində özünü daha qabarıq formada göstərəcək. Nəzərə almaq lazımdır ki, ABŞ sanksiyaların genişləndirilməsində qərarlıdır. Bu kimi məsələlərdə erməni lobbisi də Ermənistanı xilas edə bilməyəcək. Fakt ondan ibarətdir ki, Ermənistan Rusiya və İranla böyük iqtisadi əlaqələrə malikdir. Sanksiyalar da mütləq Ermənistana, dolayı da olsa, təsir göstərəcək. Necə ki, göstərir”.
Vidadi ORDAHALLI