Elşən Mustafayev: “Nə qədər ki, Ermənistana danışıqlar prosesində konstruktiv olmaqla bağlı ciddi xəbərdarlıq və təzyiq edilməyib, Paşinyan müxtəlif bəhanələrlə sülh prosesini daha da uzadacaq”
Dağlıq Qarabağ münaqişəsi güc tətbiq olunmadan həll edilməlidir. Bunu Ermənistan parlamentinin “Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana şərti müharibə elan etməsi qərarının münaqişənin həlli prosesinə təsiri barədə sorğuya cavab olaraq Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.
XİN-dən deyiblər: “Biz dəfələrlə vurğulamışıq ki, Dağlıq Qarabağ münaqişəsi güc tətbiq olunmadan, yalnız sülh yolu ilə həll edilməlidir. Bununla əlaqədar olaraq tərəflərin diqqətini 2017-ci ilin oktyabrında Cenevrədə əldə olunmuş razılığa əsaslanan danışıqlar prosesinin fəallaşdırılmasına yönəltməsini daha aktual hesab edirik”.
Qeyd edək ki, Ermənistan parlamenti “Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana şərti müharibə elan edib. Müvafiq məlumat parlamentin saytında yerləşdirilib.
Rusiyanın Dağlıq Qarabağ münaqişəsilə bağlı ortaya qoyduğu bu mövqeni necə dəyərləndirmək olar?
Politoloq Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, əslində, Rusiya ənənəvi mövqeyinə sadiqlik nümayiş etdirən bir bəyanat verib: “Rusiya nə vaxt deyib ki, onlar münaqişənin sülh yolu ilə deyil, başqa üsullarla həllinin tərəfdarıdır? Təbii ki, biz indiyə qədər belə bir bəyant eşitməmişik. Bu bəyanatın indiki məqamda səslənməsi, eyni zamanda, Ermənistanın yeni rəhbərliyi üçün bir xatırlatma rolunu daşıyır. Ermənistanın müharibə ritorikasına üstünlük verməsi, əslində, Azərbaycanı özündən çıxarmağa hesablanıb. Onlar gözəl bilirlər ki, Rusiya buna imkan verən deyil. Bununla, eyni zamanda, Rusiyanın da başını qatmaq istəyirlər. Paşinyan özünün və Azərbaycanın hərbi qüdrətinin nəyə çatdığını hamıdan gözəl bilir. Buna görə də onun müharibə bəyanatları imitasiyadan başqa bir şey deyil. Bilirsiniz ki, Paşinyan heç əzəli müttəfiqləri olan Rusiya ilə də münasibətlərini yoluna qoya bilməyib. Onun davranışları sübut edir ki, adam hələ də meydan, küçə ab-havasından o tərəfə keçə bilmir. Rusiya Cenevrədə əldə olunan son razılaşmaları yol xəritəsi kimi göstərməklə, həm də Ermənistana mədəni formada xəbərdarlıq etmiş olub. Çünki həmin prinsiplərdən də yayınan məhz İrəvandır. Həmin razılaşmanın ən böyük ağırlığı “mərhələli həll” planının üzərinə düşür ki, ondan da Ermənistan var gücü ilə yayınır. Rusiya, eyni zamanda, danışıqlar prosesinin fəallaşmasının zəruriliyinə işarə edir. Amma bu məsələdə də əvvəlki kimi ümumi danışır. Yaxşı olardı ki, danışıqlar prosesini pozan, məsuliyyətsiz bəyanatlar səsləndirən, müharibəyə sürükləyən fikirləri ilə qıcıq yaradan şəxsin adını çəksinlər. Bu ad hamıya bəllidir. Nə qədər ki, Ermənistana danışıqlar prosesində konstruktiv olmaqla bağlı ciddi xəbərdarlıq və təzyiq edilməyib, Paşinyan müxtəlif bəhanələrlə sülh prosesini daha da uzadacaq”.
Məhəmmədəli QƏRİBLİ