Mehdi Mehdiyev: “Düşmən ordusunun təchizat səviyyəsi çox aşağıdır”
Prezident İlham Əliyev Azərbaycanla Ermənistanın hərbi güc nisbəti, cəbhədəki son vəziyyət, habelə Ermənistanın yeni rəhbərliyinin məsuliyyətsiz davranışları ilə bağlı mühüm açıqlamalar verib. Dövlət başçısı bildirib ki, bu gün Ermənistan ordusu heç bir halda Azərbaycanla rəqabət aparacaq gücdə deyil.
Prezident vurğulayıb ki, Azərbaycan Ordusu bundan sonra da onlara lazım olan vaxtda tutarlı cavablar verəcək. Ölkə başçısı 15 sentyabr - Bakının işğaldan azad olunmasının 100 illiyi ərəfəsində cəbhədə atəşkəs rejiminin pozulması hallarına da toxunaraq bildirib ki, bu zaman qarşı tərəfə layiqli cavab verilib.
Prezident İlham Əliyev diqqətə çatdırıb ki, bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. İyun ayında Azərbaycan Milli Ordusunun 100 illiyinə və bir neçə gün bundan əvvəl Bakının işğalçılardan azad olunmasına həsr edilmiş hərbi paradlar ordumuzun gücünü göstərib. Ordumuzun qüdərti hər bir vətəndaş üçün qürur mənbəyi, düşmən üçün isə bir ismarıcdır. Dövlət başçısı bildirib ki, Azərbaycan hazırda hərtərəfli inkişaf edir. Azərbaycanın hərbi potensialı da bu ümumi inkişafın fonunda baş verir.
Prezident İlham Əliyev bu ilin geridə qalan 8 ayının nəticələrinə də toxunaraq deyib ki, makroiqtisadi göstəricilər gələcək üçün nikbin proqnozlar verməyə əsasdır. İxrac əhəmiyyətli dərəcədə artıb və idxalı üstələyir. Bu da iqtisadi sabitliyə, manatın məzənnəsinin möhkəm səviyyədə saxlanmasına xidmət edir və bizə imkan verir ki, bundan sonra da bir çox önəmli layihələri icra edək.
Reallıq ondan ibarətdir ki, Ermənistan ordusu bütün parametrlərə görə Azərbaycan Ordusundan geridə qalır. Bundan sonra da çətin ki, Azərbaycan Ordusu ilə rəqabət apara bilsin. Bu baxımdan, yaranan vəziyyəti ekspertlər necə şərh edirlər?
Məsələyə münasibət bildirən hərbi ekspert Mehdi Mehdiyevin sözlərinə görə, Ermənistan ordusu bütün parametrlərə görə Azərbaycan Ordusundan geri qalır: “Belə olan halda, əlbəttə ki, onlar bizimlə rəqabət apara bilməyəcəklər. Azərbaycan iqtisadiyyatının güclənməsi nəticəsində orduya ayrılan vəsait ilbəil artırılır. Bunun sayəsındə ən müasir və bütün tələblərə cavab verən döyüş texnikaları alınıb. Silahlı Qüvvələr müasir silahlarla təchiz olunub. Taktiki hazırlıqlar, çoxsaylı təlimlər və ordunun təminat səviyyəsinin yüksəldilməsi vacib faktorlardan biridir. Bu gün Azərbaycan regionda ən güclü orduya malik olmaqla yanaşı, dünyanın 50 aparıcı ordularının sırasındadır. Ermənistan isə bunların heç birinə malik olmadığı üçün öyünə bilməz. Digər tərəfdən, Azərbaycan Ordusunun şəxsi heyəti tam komplektləşdirilib. Ancaq Azərbaycandan fərqli olaraq, Ermənistan ordusunda səfərbərlik resursu yoxdur. Çoxsaylı çatışmazlıqlar var. Bu, cəbhə bölgəsində də özünü göstərir. Məsələ ondadır ki, Ermənistan ordusunun təchizat səviyyəsi çox aşağıdır. Onlar bu gedişlə çətin ki, bizim səviyyəmizə çatsınlar. Bununla yanaşı, düşmən ordusunda nizam-intizam yoxdur, əsgərlər incidilir. Təsadüfi deyil ki, Ermənistan ordusunda intihar halları artıb. Bütün bunlar Ermənistan ordusunun mütəşəkkil qüvvə kimi fəaliyyət göstərə bilməməsinin göstəricisidir. Hesab edirəm ki, Ermənistan ordusu indi olduğu kimi, bundan sonra da Azərbaycan Ordusu ilə rəqabət apara bilməyəcək”.
Vidadi ORDAHALLI