PKK- PYD üzündən ABŞ-Türkiyə savaş təhlükəsi böyüyür…

PKK və ona bağlı terror qüvvələrinə görə Türikyə və ABŞ arasında yaranan gərginliyin daha da şiddətlənməsi gözlənir. Bunun əsas səbəbi artıq Suriya ərazisində Türkiyənin PKK terrorçularını zərərsizləşdirmək istiqamətində yeni addımlar atmağa hazırlaşmasıdır. Ankara Suryia əməliyyatları çərçivəsində PKK-nın bu ölkədəki qolu olan PYD, onun silahlı qanadı YPG-ni neytrallaşıdrmağı düşünr. Amma bu vəziyyət ABŞ-ın xoşuna gəlmir. Hətta ABŞ açıq şəkildə PYD və YPG-ni müdafiə edəcəyini bəyan edir. Bu isə, faktiki olaraq, Türkiyə ilə açıq hərbi qarşıdurmaya getmək deməkdir. Lakin ABŞ bundan çəkinmir.
İŞİD-ə qarşı beynəlxalq koalisiyanın mətbuat katibi olan amerikalı hərbçi Rayn Dilon da bunu təsdiq edir. İraqın paytaxtı Bağdadda videokonfrans vasitəsilə jurnalistlərin suallarını cavablandıran Dilon PKK-nın Suriyadakı qolu olan PYD və YPG-ni Türkiyədən qoruyacaqlarını bildirib. Türkiyənin "Hürriyet" qəzeti bunu xəyanət kimi dəyərləndirir. Qəzetin məlumatına əsasən, jurnalistlərdən birinin "Türkiyə ordusu PYD-nin nəzarətində olan Suriyanın Afrin şəhərinə müdaxilə etməyə hazırlaşır, planınız nədir" sualına Dilon belə cavab verib: "Hələlik belə bir şey eşitməmişik, ancaq baş versə, əlbəttə, müttəfiqimiz PYD-ni qoruyacağıq". Rayn Dilon əlavə edib ki, Türkiyə PKK-nın qolu olan PYD ilə vuruşmaqdansa, bütün gücünü İŞİD-lə mübarizəyə sərf etsə daha yaxşı olar.
Xatırladaq ki, bu günlərdə İngiltərənin BBC telekanalı ABŞ-ın PYD ilə birgə Rakkada həyata keçirdiyi hərbi əməliyyatla bağlı şok videogörüntülər paylaşıb. Həmin görüntülərdə ABŞ və PYD-li döyüşçülərin İŞİD terrorçularının şəhəri tərk etmələrinə şərait yaratdığı, onlara 1 güllə belə atmadıqları görünür. Qeyd edək ki, rəsmi Ankara PYD-ni PKK terror təşkilatının Suriyadakı qolu hesab etsə də, ABŞ-ın başçılıq etdiyi Qərb ittifaqı sözügedən terrorçulara ağır silah yardımı göndərməyə davam edir.
“Yeni Şəfəq” qəzeti isə yazır ki, Suriyada İŞİD terror qruplaşmasının tam məğlub edilməsindən sonra ABŞ-ın növbəti hədəfinin Türkiyə olacağı gözlənir. Qəzet xatırladır ki, Suriyada İŞİD terror qruplaşmasının əlində olan torpaqların 96 faizini itirdiyini açıqlayan ABŞ Müdafiə Nazirliyi Hasekedə PKK-ya verdiyi silahları Türkiyə ilə həmsərhəd Afrin bölgəsinə daşıyır. Son bir həftə ərzində yüzlərlə TIR-dan ibarət 3 kolon Afrinə gəlib. Afrin, Tel-Abyad, Münbiç və Ayn əl-Arabda toplantı keçirən PKK isə Türkiyə sərhədindəki bütün nöqtələrdə döyüş hazırlıqlarına başlayıb. Terror təşkilatı döyüşçülərinə “Türkiyəyə hücuma hazır olun!” təlimatı verib.
Silah-sursatla yanaşı, son bir həftə ərzində 2 mindən çox terrorçunun Afrinə daxil olduğu bildirilir. Silahların arasında isə uzaqmənzilli raketlər və zenit qurğularının yerləşdirildiyi avtomobillər də var. PKK tərəfindən elan edilən “İdlib Hərbi Assambleyası”nın başçısı seçilən Əhməd Sultan təşkilat üzvləri üçün bir bəyanat verib. O, bütün hazırlıqların Türkiyəyə qarşı bir neçə ay davam edəcək böyük bir müharibə üçün edildiyini etiraf edib. Haseke, Qamışlı, Ayn əl-Arab və Münbiçdə elan edilən səfərbərlik qərarı ilə 18-36 yaş arasında olan vətəndaşları zorla toplayan PKK onları terror düşərgələrində verilən 3 həftəlik təlimdən sonra Afrinə göndərir. Türkiyə isə Afrinə nəzarəti ələ keçirməkdə israrlıdır. Amma belə görünür ki, burada onun PKK, PYD ilə böyük savaşı olacaq. Bu zaman ABŞ da terrorçuları açıq müdafiə edəcəyini bəyan edir. Deməli, yeni toqquşmalar Ankara üçün daha çətin olacaq. Digər tərəfdən, ABŞ-dan təxminən 4 min TIR silah-sursat alan PKK Suriya rejimindən kimyəvi silah da əldə edib. “Yeni Şəfəq” yazır ki, bu iddia ilə 2012-ci ilin əvvəlində Suriya ordusunda Kimyəvi Silahlar üzrə Dairə Başçılığı vəzifəsini icra edən general Zahir Sakid çıxış edib. Onun sözlərinə görə, terror təşkilatı 2015-ci il avqustun 31-də Bəşər Əsəd rejimi ilə kimyəvi silah mövzusunda razılaşıb. Razılaşma çərçivəsində Dəməşq PYD-yə xeyli miqdarda xardal qazı verib. Suriya ordusundan ayrılan generala görə, başlığına xardal qazı kapsulu yerləşdirilmiş 100 mərmi hazırda terror təşkilatının əlindədir: “Son təslimat Deyr-ez-Zorda olub. Əsədlə PKK arasında Dəməşqdə əldə olunan razılaşmanın ilk maddələrindən biri bu silahın Türkiyəyə qarşı istifadə edilməsi ilə bağlıdır. ABŞ da təşkilatın əlində olan kimyəvi silahla bağlı məlumatlara malikdir. PKK-ya xardal qazı verən rejimin məqsədlərindən biri kimyəvi silahın tətbiqi ilə bağlı cinayət işində özünə yeni tərəfdaş tapmaqdır”. Hazırda RKK-nın əlində olan kimyəvi silahların Münbiçdəki Tişrin anbarının yaxınlığında yerləşən digər anbarda mühafizə edildiyi bildirilir. Kimyəvi sursatı mərmi kapsuluna çevirdiklərini deyən general anbarın yerləşdiyi ərazinin Cerablusa olduqca yaxın mövqedə yerləşməsinə diqqət çəkib. Beləliklə, böyük dövlətlərin oyunu nəticəsində Suriyada Türikyə üçün çox təhlükəli bir vəziyyətin yarandığı müşahidə olunur. Hesab edilir ki, bu təhlükənin aradan qaldırılması üçün Ankara Rusiya və İranla işbirlyini daha da dərinləşdirəcək.
Tahir TAĞIYEV