Azərbaycan iqtisadiyyatı inkişaf edib və əsas vəzifələr icra edilib. İqtisadiyyatın əsas göstəriciləri müsbətdir. "Trend"in məlumatına görə, bunu Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, kənd təsərrüfatı 2.6 faiz, ölkənin qeyti-neft sənayesi isə 5 faiz artıb:
"Baxmayaraq ki, neftin qiyməti dünyada 3-4 dəfə aşağı düşüb, əvvəlki illərdə aparılmış işlər və keçən il apardığımız dərin islahatlar nəticəsində biz bu inkişafı təmin edə bilmişik. Əlbəttə, bu gün dünyada davam edən iqtisadi və maliyyə böhranı bizim işimizə də öz mənfi təsirini göstərib. Mən hesab edirəm ki, Azərbaycan digər ölkələrlə müqayisədə bu ağır vəziyyətdən minimum itkilərlə çıxa bilib. Keçən il 100 mindən çox daimi iş yeri yaradılıb. Bu proses 2004-cü ildən bu günə qədər davam edir. Biz Dövlət Neft Fondunun valyuta ehtiyatlarını qoruya bilmişik, bu da hesab edirəm ki, çox əlamətdar hadisədir".
Prezident İlham Əliyev deyib ki, neftlə zəngin ölkələrin böyük əksəriyyəti öz valyuta ehtiyatlarının bir hissəsini xərcləyib:
"Biz isə çalışırdıq ki, valyuta ehtiyatlarını qoruyaq və buna nail olduq. Çünki bizim valyuta ehtiyatlarımız bu gün və sabah üçün lazım olacaq və bütövlükdə bizim iqtisadi imkanlarımızı, iqtisadi müstəqilliyimizi möhkəmləndirən amildir. Bizim 2016-cı ildə gördüyümüz işlərə dünyanın mötəbər beynəlxalq iqtisadi qurumları da yüksək qiymət verib. Bunların arasında dünyanın ən böyük qeyri-hökumət iqtisadi qurumu - bütün dünya liderlərini, dünyanın siyasi, iqtisadi elitasını birləşdirən Davos İqtisadi Forumu Azərbaycanla bağlı verdiyi hesabatda yenə də müsbət rəy bildirib".
Prezident İlham Əliyev həmçinin vurğulayıb ki, ölkələrin rəqabətlilik qabiliyyətinə görə Azərbaycan 3 pillə irəli gedərək 37-ci yerdə qərarlaşıb:
"Digər göstəriciyə - inkişaf edən ölkələr arasında inkişafa görə isə bu hesablama hardasa 80-ə yaxın inkişaf edən ölkələri cəmləşdirir, bu reytinqə görə Azərbaycan 1-ci, 2-ci yerləri bölüşür. Bunlar aparıcı beynəlxalq iqtisadi qurumların bizim işlərimizə verdikləri qiymətdir. Biz əlbəttə ki, öz işlərimizi reytinq almaq üçün qurmuruq, ancaq belə fikirlər ortalığa qoyulanda bu bizi daha da sevindirir, eyni zamanda bu, dünyanın bütün maliyyə qurumlarına bir siqnaldır. Ona görə bu gün Azərbaycan üçün istənilən layihə ilə bağlı kredit almaq artıq çoxdan problem deyil. Hətta bizim indiki siyasətimiz ondan ibarətdir ki, xarici kreditlərə o qədər də böyük meyl göstərmirik".
Dövlət başçısı sonra bildirib: "Çalışaq ki, bundan sonra biz işləri daxili imkanlar hesabına görək, çünki xarici borcun artması müsbət hal deyil. Bizdə isə bu göstərici də çox yaxşı səviyyədədir, hardasa 20 faiz səviyyəsindədir. Bu, əvvəlki illərlə müqayisədə daha böyük rəqəmdir, bunun da səbəbi manatın devalvasiyaya uğramasıdır. Ondan əvvəlki dövrlər bizim xarici borcumuz 10 faiz həddini keçməyib. Bu gün də bu məqbul səviyyədədir, amma biz çalışmalıyıq ki, bu artmasın, əksinə azalsın. Xarici borcu azaltmaq üçün biz xarici kreditləri çox böyük ehtiyatla almalıyıq. Ancaq ölkəmiz üçün strateji məna daşıyan layihələrə biz xarici borc ala bilərik. Bir sözlə, 2016-cı ildə ümumi iqtisadi inkişaf hesab edirəm ki, müsbət qiymətləndirilməlidir, xüsusilə bölgələrdə aparılan işlər də öz dinamikasını saxlamış və keçən il bölgələrdə çox böyük işlər görülüb. Regionlarn sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası bölgələrimizin simasını dəyişdirib".
Əgər 2014-cü ildə bu proqramı qəbul etməsəydik...
Prezident İlham Əliyev əlavə edib ki, bugünki konfrans sayca 14-cüdür: "14 il biz hər il ilin əvvəlində görülən işlərə qiymət veririk, nöqsanları aşkar edirik və gələcək üçün fəaliyyət planımızı tuturuq. Bu il də bu ənənəyə sadiq olaraq bu toplantını keçiririk. Burada mərkəzi, yerli icra orqanlarının rəhbərləri, aparıcı biznes qurumlarının nümayəndələri iştirak edir və konfransın 1-ci hissəsindən sonra konfrans işinə davam edəcək. Əminəm ki, aparılacaq müzakirələr imkan verəcək ki, bu il də il ərzində əlavə görüləcək işlər haqqında fikir formalaşsın. Əslində, biz regional inkişaf proqramlarını tərtib edərkən bölgələrdən rəylər almışıq və üçüncü dövlət proqramı - hansı ki, bu gün müzakirə edirik, yerlərdən gələn təkliflər əsasında və ölkəmizin strateji istiqaməti nəzərə alınaraq 2014-cü ildə qəbul edilib və tərtib edilib. Proqramların məqsədi məhz ondan ibarətdir ki, bütün mövcud olan problemlər, insanları narahat edən sosial məsələlər öz həllini tapsın. Bizim proqramlarımız çox konkretdir, konkret hədəflər qoyulur, həm 1-ci, həm 2-ci proqram artıqlaması ilə və uğurla icra edilib. Əminəm ki, 3-cü proqramın taleyi də eyni olacaq".
Dövlət başçısı qeyd edib ki, Dövlət Proqramının 2014-cü ildə qəbulu tarixi hadisədir, çünki regionların inkişafı, ölkə iqtisadiyyatının şaxələndirilməsi, atılan bu addımlar, infrastrukturla bağlı layihələr bu günki reallığı yaradıb: "Əgər o vaxt proqramı mənim təşəbbüsümlə biz qəbul etməsəydik, əlbəttə ki, regionlarda bu günki uğurları əldə edə bilməzdik. Bütün bölgələrimiz və şəhərlərimiz abadlaşıb, gözəlləşib. Əsas şəhərlərimiz - Bakı, Gəncə və Sumqayıt göz oxşayır, dünya üçün bir nümunədir. Bütün şəhərlərimizdə abadlıq, quruculuq işləri aparılıb, böyük infrastruktur layihələri icra edilib və bu imkan verir ki, bu gün Azərbaycan dinamik inkişaf etsin. Həmçinin, biznes strukturları bu imkanlardan səmərəli şəkildə istifadə etsin. Bizim proqramımızın birinci mərhələsi daha çox infrastruktur layihələri ilə bağlı idi. Bu da təbii idi. Çünki 2004-cü ildə biz enerji təhlükəsizliyimizi tam təmin edə bilməmişdik. O vaxt bizim əsas neft kəmərimiz Bakı-Tbilisi-Ceyhan inşa edilirdi, həmin dövrdə biz xaricdən elektrik enerjisi və qaz alırdıq. Bu asılılıq, əlbəttə ki, imkan vermirdi ki, biz istədiyimiz dərəcədə inkişaf edək. Yəni, bizim inkişafımızı saxlayan xarici faktorlar idi. Biz xaricdən istədiyimiz qədər enerji, qaz ala biləcəyik, yoxsa yox və hansısa qiymətə alacağıq? Ona görə birinci hədəf enerji müstəqilliyimizi təmin etmək idi. Qısa bir müddət ərzində biz buna nail olduq və 2004-cü ildən bu günə qədər ölkəmizdə 26 elektrostansiya tikilib. Bu stansiyaların ümumi istehsal gücü 2400 meqavatdır. İndi təsəvvür edin, əgər bunu etməsəydik, bu gün biz necə yaşaya bilərdik, necə inkişaf edə bilərdik? Onu da deməliyəm ki, son 13-14 il ərzində yaradılmış elektrik gücü bütün əvvəlki illərdə yaradılmış gücə təxminən bərabərdir. Bu gün bizim 35 elektrostansiyamız varsa, onlardan 16-sı proqram icra edilərkən tikilib. O vaxt Azərbaycanda qazlaşmanın səviyyəsi aşağı idi - 51 faiz. Bölgələrdə isə, demək olar ki, təbii qaz yox idi. Bu gün Azərbaycanda qazlaşmanın səviyyəsi 92 faizə qalxıb. 2004-cü ildən bu günə qədər təxminən 11 min kilometr avtomobil yolu tikilib. Bu həm magistral yollara, həm də şəhərlərarası, kənd yollarına aiddir. Yol infrastrukturu insanlara rahatlıq verir, eyni zamanda iqtisadi inkişaf üçün də mühüm amildir. Yol olmayan yerdə nə investisiya, nə iş yeri, nə də inkişaf olacaq. Ona görə yol infrastrukturuna çox böyük diqqət verilib. Bununla bərabər, yol tikintisində kifayət qədər çox işçi qüvvəsi iştirak edib. Məşğulluğu beləliklə təmin edə bilmişik və müasir yol infrastrukturu yaradılıb. Bu proses davam etdirilir. Bu il görülən işlər haqqında danışacağıq və məqsəd qoyulub ki, bütün yollarımız - magistral, şəhərlərarası, kənd yolları yüksək səviyyədə olsun".
Prezident İlham Əliyev deyib ki, kənd təsərrüfatını stimullaşdırmaq üçün böyük meliorativ tədbirlər görülüb. Yüz minlərlə hektar torpaqda meliorativ vəziyyət yaxşılaşdırılıb və ya yeni suvarılan sahələr dövriyyəyə buraxılıb: "4 su anbarı tikilmişdi, xüsusilə onlar arasında Taxtakörpü və Şəmkirçay ən böyük su anbarlarıdır. Qeyd etmək istəyirəm ki, Tovuzçay, Göytəpə su anbarları tikilmişdi. Bu da çox böyük vəsait tələb edən məsələlərdir, amma çox lazımdır. Əfsuslar olsun ki, təbiət belə gətirib ki, bizim su ehtiyatlarımız ölkəmizin hüdudlarından kənarda formalaşır, ona görə biz sudan səmərəli istifadə etməliyik və ölkə daxilində elə imkanlar, infrastruktur və rezervuarlar yaratmalıyıq ki, həm ehtiyatımız olsun, həm də əkin sahələrini biz genişləndirə bilək. Bu, çox böyük investisiya tələb edən sahədir və hesab edirəm ki, bu sahədə əsas işlər görülüb, görüləcək işlər haqqında bir qədər sonra mən öz fikirlərimi bildirəcəyəm. Beləliklə, birinci proqramdan sonra deyə bilərəm ki, əsas infrastruktur layihələri icra edilib. Çox şadam ki, biz qısa müddət ərzində bunu da etdik. Mən həmişə çalışırdım ki, biz vaxt itirmədən bunları edək. Ölkəmizin inkişafı və gələcəyimiz üçün bu zəruridir. Bu infrastruktur bundan sonra on illiklər ərzində xalqımıza, dövlətimizə xidmət edəcək. Bu, bizim dövlətimizi böyük dərəcədə gücləndirmişdir. Elə bir imkan yaratmışdır ki, bu gün Azərbaycanda istənilən sahəyə investisiya qoymaq istəyən qurumlar fəallaşır".
Dövlət başçısı əlavə edib ki, investisiya ancaq o yerə qoyulur ki, orada artıq baza infrastrukturu var: "Əgər investor hansısa iş görmək istəyirsə, görsə ki, işıq, qaz, su yoxdur, heç vaxt ora investisiya qoymaz. Yaxud, heç bir investor öz hesabına infrastruktur layihələrinə pul qoymaz, bu, dövlətin işidir. Biz bunu görmüşük. Daxili və xarici investorlar üçün. O ki qaldı, daxili biznes qurumlarının fəaliyyətinə, deyə bilərəm ki, bu illər ərzində Azərbaycanda güclü biznes sinfi - fəal, milli biznes sinfi formalaşıb. Əlbəttə ki, dövlət də bu sahədə öz dəstəyini əsirgəmir. Mən iş adamları ilə daim təmasdayam, görüşlər keçiririk, onların problemlərinin həlli ilə məşğul oluram. Onlara həmişə siyasi və maddi dəstək də verilir. Çünki mən yaxşı başa düşürdüm ki, ilkin kapital olmadan heç bir iş görmək mümkün deyil. Bir də ki, risqli yerlərə, ölkələrə heç bir biznesmen, iş adamı heç vaxt pul qoymaz. Ona görə təhlükəsizlik, sabitlik, gözəl ictimai ab-hava, biznesə dövlət dəstəyi və maddı dəstək - bax bu faktorlar, hesab edirəm ki, milli biznes sinfini formalaşdırır. Son illər ərzində, 2004-cü ildən bu günə qədər təxminən 2 milyard manat dəyərində Azərbaycan sahibkarlarına güzəştli şərtlərlə kreditlər verilib. Bu kreditlər ölkə iqtisadiyyatının inkişafına böyük dəstək verib. Onu da deməliyəm ki, bu il Sahibkarlığa Kömək Milli Fondunun xəttilə veriləcək güzəştli kreditlərin hamısı əvvəlki illərdə verilmiş və qaytarılmış kreditlər hesabına veriləcək. Yəni artıq dövlət bu yükü öz üzərindən kənara qoyub. Məqsəd də ondan ibarətdir ki, hər il böyük məbləğdə - 200 milyon, bəzi hallarda 250 milyon manat ayırırdıq, bu vəsait hesabına işlər görülürdü, iş yerləri açılırdı, böyük biznes imkanları yaradılırdı, vaxt gəldi ki, artıq dövlət büdcədən pul ayırmır və qaytarılmış kreditlər hesabına biz bunu edirik".
Bir çox ölkələr bizim təcrübəmizi götürür, istifadə edirlər
Dövlət başçısı qeyd edib: "Bu da hesab edirəm ki, bir yenilikdir. Mən xatırlamıram ki, bu formada hər hansı bir ölkədə biznes strukturlarına dövlət tərəfindən yardım göstərilsin. Onu da qeyd etməliyəm ki, bizim təcrübəmizi indi bir çox ölkələr götürürlər, istifadə edirlər və bizi nümunə kimi göstərirlər. Ona görə, infrastruktur layihələrinin icrası, bununla paralel olaraq biznes mühitinin yaxşılaşdırılması, biznesə göstərilən diqqət və əlbəttə ki, sosial infrastrukturun yaradılması da vahid bir proqram çərçivəsində uğurla icra edilir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, bizim siyasətimizin məqsədi ölkəmizi gücləndirməkdir, müstəqilliyimizi möhkəmləndirməkdir, dayanıqlı inkişafa nail olmaqdır və əlbəttə ki, məqsədimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın. Yəni bütün bu işləri biz xalq üçün edirik ki, xalqımız daha da yaxşı yaşasın. Ona görə də sosial məsələlərin həlli bütün proqramlarda nəzərdə tutulmuşdur. Maaşların, pensiyaların artırılması, sosial müavinətlərin artırılması, ünvanlı sosial yardımın həcminin artırılması, eyni zamanda, sosial infrastrukturun yaradılması məqsəd kimi qarşımıza qoyulmuşdur".
Sosial infrastruktura gəldikdə, İlham Əliyev qeyd edib ki, son illər ərzində - 2004-cü ildən başlayaraq, 3 mindən çox məktəb tikilib təmir edilib, 600-dən çox tibb ocağı tikilib təmir edilib. Yalnız bölgələrdə 40-dan çox olimpiya idman kompleksi, 20-dən çox muzey, 10-dan çox teatr inşa edilib: "Yəni bütün sosial infrastruktur daim diqqət mərkəzində idi. Bu proses davam etdirilir və bu ilin dövlət investisiya proqramında da sosial infrastrukturun yaradılması üçün kifayət qədər böyük vəsait nəzərdə tutulmuşdur. Biz bu illərdə ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı çox ciddi addımlar atmışdıq. Azərbaycanda kosmik sənaye yaradılmışdır, bizim artıq iki peykimiz var və bu da yenilikdir, texnologiyadır, biznesdir. Əlbəttə ki, biz bu nöqteyi-nəzərdən bu məsələlərə yanaşırıq. Bu, həm müasir texnologiyaların inkişafı, həm kadr hazırlığıdır, həm də ki, kosmik sənaye, əgər düzgün qurularsa, böyük gəlir mənbəyidir. Biz bu yolla gedirik və əminəm ki, bizim qoyduğumuz bütün vəsait - peyklərin hazırlanmasına, orbitə buraxılmasına qoyulan vəsait qaytarılacaq, çünki artıq biznes imkanları da kifayət qədər genişdir. Biz bu illər ərzində ölkəmizin strateji maraqlarını təmin edən nəhəng layihələri icra etmişik. Bakı-Tbilisi-Ceyhan 2006, Bakı-Tbilisi-Ərzurum isə 2007-ci illərdə istifadəyə verilmişdir. İndi ölkəmizi və bölgəmizi bu layihələrsiz təsəvvür etmək mümkün deyildir. Bu layihələr nəinki ölkəmizi gücləndirib, xalqımıza da xeyir gətirir. Bax bütün infrastruktur layihələrini nəyin hesabına icra etmişik? Eyni zamanda, bölgədəki ölkələrə də xeyir gətirir, regional əməkdaşlığı dərinləşdirir, regionda sabitliyi möhkəmləndirir və əlbəttə ki, Azərbaycanın bu sahədə liderlik keyfiyyətlərini açıq şəkildə ortaya qoyur. Biz bəziləri üçün əfsanə kimi görünən layihələri heç bir problemsiz, heç bir maneəsiz həyata keçirdik. Baxmayaraq ki, bir çox qüvvələr vardı ki, bizə problem yaratmaq, o layihələri əngəlləmək istəyirdilər. Alınmadı, çünki biz güclü siyasi iradə ortaya qoyduq və düşünülmüş siyasətlə, çox dəqiq siyasətlə bu strateji hədəflərə çata bilmişik. Bu gün isə artıq bu təbii dəhliz əsasında yeni bir qlobal layihəni - "Cənub Qaz Dəhlizi"ni icra edirik".
Prezident vurğulayıb ki, bu layihə də uğurla icra edilir: "Mən tam açıq deyə bilərəm - Azərbaycan yenə də bu layihənin icrası ilə bağlı liderlik keyfiyyətlərini ortaya qoymasaydı, heç vaxt bu layihə icra edilməzdi. Mən şəxsən bu layihə ilə bağlı 10-a yaxın beynəlxalq konfransda, təbdirdə iştirak etmişəm. Bu tədbirlərdə, əlbəttə ki, öz sözümü demişdim, təkliflərimi irəli sürmüşdüm. Mən konkret danışmışdım, sadəcə olaraq formal yox, konkret Ü nə kimi işlər görülməlidir. Biz qərar qəbul etdik ki, biz özümüz öz gücümüzə, dost qonşu ölkələrlə birlikdə bunu edəcəyik və bunu edirik. Ondan sonra bu simpoziumları, konfransları keçirənlər də bizə qoşuldular. Əlbəttə ki, bu da məqbul bir haldır, biz bunu alqışlayırıq. Əməkdaşlıq formatı nə qədər çox genişlənərsə, bizim üçün bir o qədər yaxşıdır. Ancaq yenə də onu demək istəyirəm ki, yalnız Azərbaycanın liderliyi hesabına "Cənub Qaz Dəhlizi" icra edilir. Bunu bu işlərlə tanış olan hər kəs təsdiq edə bilər. Təsadüfi deyil ki, keçən ilin fevralında Bakıda "Cənub Qaz Dəhlizi"nin II Məşvərət Şurasının yekun sənədində bu göstərilir. Azərbaycan liderdir və burada əsas rolu oynayır".
Azərbaycan Prezidentinin sözlərinə görə, bu layihə əlbəttə ki, uzunmüddətli maraqlarımızı təmin edəcək. Bu layihənin icrasından sonra ən böyük maliyyə imkanlarımız olacaq, daha da artacaq, eyni zamanda regional əməkdaşlıq, enerji təhlükəsizliyi artacaq: "Azərbaycan indikindən də daha böyük önəm daşıyan ölkə olacaq. Son illər ərzində görülmüş bütün işləri sadalamaq çətindir. Mən sadəcə olaraq əsas məqamları diqqətinizə çatdırıram. Ona görə ki, bu bizim tariximizdir. Bunlar olmasaydı, bu gün biz gələcək planlarımız haqqında danışa bilməzdik. Azərbaycan o ölkələrdəndir ki, neftdən çox səmərəli və ağıllı şəkildə istifadə etmişdir. Mən xatırlayıram, hələ 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək, ancaq biz bu təbii sərvətimizdən maksimum dərəcədə istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, möhkəm dövlət qurmuşuq, 25 ildir müstəqil ölkə kimi yaşayırıq, şəhərlərimizi qurmuşuq, özümüz üçün gözəl həyat yaratmışıq. Gələcəkdə daha da böyük işlər görüləcək. Əlbəttə ki, bütün bu işlərin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əgər xalq bizə dəstək verməsəydi, bütün bu işləri görə bilməzdik. Ona görə, bizim bütün uğurlarımızın mərkəzində də Azərbaycan vətəndaşı dayanır. Xalq, ictimaiyyət tərəfindən verilmiş və verilən dəstək, əlbəttə ki, bizi həm gücləndirir, həm də ruhlandırır. Onu da qeyd etməliyəm ki, biz bütün bu işləri o qədər də asan olmayan şəraitdə icra etmişik. Yaxşı bilirsiniz ki, bizə qarşı mütəmadi qaydada qarayaxma, böhtan, təhdid kampaniyaları aparılır. Ancaq bunların heç biri bizə təsir eləmir. Çünki biz bilirik ki, bu kampaniyalar haradan qaynaqlanır, kimlər bunun arxasında dayanırlar, onların məqsədi nədən ibarətdir. Ona görə də öz yolumuzla gedirik və həyat hər şeyi öz yerinə qoyur. Artıq bizə qarşı çirkin kampaniyaları təşkil edənlər özləri də siyasi səhnədən kənarlaşdırılıblar. Artıq dünya Azərbaycanı daha yaxşı tanıyır, görürlər ki, bu müstəqil dövlətdir, ləyaqətli dövlətdir. Azərbaycan xalqı qürurlu xalqdır, heç vaxt imkan verə bilməz ki, kimsə bizə nəyisə diqtə eləsin. Həmişə biz öz ləyaqətimizi saxlamışıq və saxlayırıq. Ölkəmizi bundan sonra inamla irəliyə aparmaq üçün biz bütün lazım olan məsələləri həll etməliyik. Onların içində, əlbəttə ki, regional inkişaf proqramı xüsusi yer tutur. Əminəm ki, 2018-ci ilə qədər proqramda nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq və əlavə məsələlər də proqrama əlavə olunacaqdır".
Bu il Bakıda yataqxanalarda məskunlaşmış köçkünlərin də köçürülmə prosesi başlayacaq
Mövcud qəsəbələrdə məcburi köçkünlər üçün yeni fərdi evlərin tikintisi nəzərdə tutulub. Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı bildirib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə yeni yaşayış binalarının tikintisi nəzərdə tutulur: "Qeyd etməliyəm ki, son illər ərzində 100-ə yaxın məcburi köçkün qəsəbəsi inşa edilib, 200 mindən çox məcburi köçkün bu binalara yerləşdirilib. Bütünlükdə isə son illərdə məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması məqsədlərinə 5 milyard manatdan çox vəsait ayrılıb. Bu il yeni binalar tikilməlidir, yerlər ayrılıb. Eyni zamanda, mövcud qəsəbələrdə yeni fərdi evlərin tikintisi də nəzərdə tutulub. Çünki orada artıq infrastruktur var və infrastruktura vəsait qoymağa ehtiyac yoxdur. Eyni zamanda, tapşırıq verilib ki, bu il Bakıda yataqxanalarda məskunlaşan köçkünlərin köçürülməsi prosesi də başlasın. Artıq müvafiq göstərişlər verilib, layihələr hazırlanır və əlavə vəsait ayrılacaq ki, bu il və bundan sonrakı illərdə yataqxanalarda yaşayan vətəndaşlarımızın mənzil şəraitini yaxşılaşdıraq. Yenə də demək istəyirəm ki, bütün müvafiq göstərişlər verilib, indi hesablamalar aparılır, layihələndirmə işləri aparılır və ümid edirəm ki, yaxın gələcəkdə, bəlkə də bir ay ərzində artıq praktiki tikinti işləri başlanmalıdır".
Cocuq Mərcanlı kəndinin sakinləri qayıtmağa həvəslə baxırlar
"Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı müvafiq sərəncam imzalanıb. Bu layihənin icrası çox böyük rəmzi məna daşıyır. Bu, tarixi hadisədir" - deyən dövlət başçısı daha sonra bildirib: "Biz kənd sakinlərini işğaldan azad edilmiş kəndə qaytarırıq. Mən çox şadam ki, Cocuq Mərcanlı kəndinin sakinləri buna çox böyük həvəslə, maraqla yanaşırlar. Əminəm ki, onlar indi səbrsizliklə o günü gözləyirlər. Əminəm ki, qısa müddət ərzində Cocuq Mərcanlı kəndini yenidən quracağıq".
Prezident İlham Əliyev qeyd edib ki, hazırda minalardan təmizləmə işləri aparılır: "Televiziyada kəndin görüntüləri göstərilib. Bir neçə ay o kənd işğal altında olub. Ondan sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Horadiz əməliyyatı keçirilmişdi və işğalçılar, düşmənlər o kənddən qovulmuşdular. Bir neçə ay ərzində onlar o kəndi yerlə-yeksan ediblər. Əlbəttə ki, indi orada minalardan təmizləmə işləri, sonra isə infrastruktur layihələrinin icrası olmalıdır. Mən göstəriş vermişəm ki, beynəlxalq təşkilatlara da müraciət olunsun ki, onlar da öz nümayəndələrini kəndə göndərsinlər. Görsünlər ki, erməni vəhşiliyi nədən ibarətdir".
Dövlət başçısı deyib ki, indi digər işğal edilmiş torpaqlara erməni işğalçıları beynəlxalq müşahidəçiləri buraxmır: "Ağdamın, Füzulinin və digər şəhərlərimizin dağıntılarını beynəlxalq mətbuatda az-az görə bilirik. Niyə görə? Çünki buraxmırlar. Amma Cocuq Mərcanlı erməni vəhşiliyinin, vandalizminin canlı şahididir. Gəlsinlər görsünlər ki, özlərini mədəni xalq kimi təqdim etməyə çalışanlar hansı vəhşiliklər törədirlər. Ona görə orada bu işlər görülməlidir. Sonra isə bütün sənədləşmə işləri aparılmalıdır, pasportlaşdırma, erməni vəhşiliklərinin sənədləşdirilməsi aparılmalı, video, foto, bütün dağılmış binaların ölçüləri, dəymiş ziyan hesablanmalıdır. Yəni bu işlərə çox əsaslı yanaşmalıyıq və orada ilk növbədə qeyd etdiyim kimi infrastruktur - yollar, qaz, su, işıq xətləri çəkilməli, ondan sonra isə mütləq məktəb, uşaq bağçası, tibb məntəqəsi və fərdi evlər tikilməlidir. İlkin mərhələdə 50 ev tikiləcək, amma göstəriş vermişəm ki, kəndin master planı hazırlansın. Mən əminəm ki, burada gələcəkdə 200 ev tikiləcək. Əlbəttə ki, burada yaşayacaq insanlar üçün iş yerləri açılmalıdır. Əkin sahələri və digər iş yerlərinin təmin edilməsi üçün tədbirlər görüləcək və beləliklə, biz vətəndaşlarımızı uzun fasilədən sonra öz doğma ata-baba yurdlarına qaytaracağıq".
Xalça fabriklərinin sayı 10-a çatdırılmalıdır
"Xalçaçılıq sənətini yaşatmaq, iş yerlərini yaratmaq və ixrac imkanlarını genişləndirmək üçün "Azərxalça" yaradıldı və artıq 1-ci fabrik Füzuli şəhərində açılıb və mən orada iştirak etmişəm. Bu il bu fabriklərin sayı 10-a çatdırılmalıdır" - deyən Prezident bildirib ki, həm ənənəvi sənət yaşadılmalı, həm xalçaçılıq sənayesi də yaradılmalıdır: "Həm əllə, həm də maşınlarla toxunan Azərbaycan xalçaları dünyada təbliğ edilməli və bu, böyük gəlir mənbəyinə çevrilməlidir".
Turizmlə bağlı görülmüş işlərdən danışan dövlət başçısı qeyd edib ki, Azərbaycan beynəlxalq turizm üçün çox cəlbedici bir ölkəyə çevrilir:
"Xüsusilə vizayla bağlı atılan addımlar bu sahədə dönüş yaratdı. Əlbəttə ki, Azərbaycan turizm üçün çox cəlbedici bir ölkədir. İlk növbədə Azərbaycanda zəngin, mədəni irs var. Tarixi abidələrimiz, bizim qədim mədəniyyətimiz turistləri cəlb edir. Digər tərəfdən, Azərbaycan müasir ölkədir və burada turizm infrastrukturu da çox inkişaf edib. 2014-cü ildən bu günə qədər Azərbaycanda 300-dən çox mehmanxana tikilib. Bakı şəhərində dünyanın aparıcı hotellər şəbəkələrinin mehmanxanaları var. Bizim əla mətbəximiz, gözəl iqlimimiz, vətənpərvər və qonaqpərvər insanlarımız Ü bütün bunlar turistləri cəlb edir. Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik - bütün bu faktorlar var. Viza sadələşdirilməsi də həll olunub. Sadəcə olaraq, biz işləri düzgün təşkil etməliyik və ölkəmizin güclü turizm sənayesi yaradılmalıdır. Bu sahədə böyük təcrübəsi olan ölkələrin təcrübəsindən istifadə etməliyik".
Təhlükəsizlik üçün idxaldan asılılıq azalmalıdır
Rəqəmlər onu göstərir ki, biz son illər ərzində öz ərzaq təhlükəsizliyimizi müəyyən dərəcədə təmin edə bilmişik. Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı daha sonra deyib ki, əgər sovet dövrünə nəzər salsaq, görərik ki, o vaxt bölgü aparılırdı: "Azərbaycanda üzüm, pambıq, tütün, meyvə-tərəvəz istehsal edilirdi, ancaq ət, yağ, un başqa respublikalardan gəlirdi. Bu da vahid ölkə üçün məqbul variant idi. Ancaq biz indi müstəqillik dövründə yaşayırıq və əlbəttə çalışmalıyıq ki, öz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək. Buna nail oluruq. Əlavə tədbirlər nəticəsində və 150-160 min yeni suvarılacaq əkin sahələrinin hesabına biz nəinki bu boşluğu bağlaya bilərik, eyni zamanda çox böyük ixrac imkanımız da yaranacaq".
Prezident İlham Əliyev qeyd edib ki, taxılçılıq strateji sahədir: "Düzdür, bu gün də bu böyük gəlir gətirən sahə deyil. Əgər digər kənd təsərrüfatı məhsulları ilə müqayisə etsək, bəlkə də ən az gəlir gətirən sahədir. Amma bu, strateji sahədir. Ona görə də biz kömək göstəririk ki, böyük fermer təsərrüfatları, aqroparklar yaradılsın, məhsuldarlıq artsın və keyfiyyət yaxşılaşsın ki, indiki 53 faizdən daha da yüksək faizə nail olaq. Beləliklə, idxaldan da asılılıq azalacaq. İndi bu gün hardasa 250-300 milyon dollar ancaq bu məqsədlər üçün xaricə gedir. Əlbəttə ki, bunun suvarma ilə bağlı olan problemləri var, bu da həll olunacaq. Texnika ilə təmin etmişik. Azərbaycanda gübrə zavodu tikilir. Əminəm ki, maksimum gələn il o, artıq istifadəyə veriləcək. Gübrə ilə bağlı xaricə valyuta getməyəcək. Azərbaycanda pestisid istehsalı da qurulmalıdır. Bu il işlər başlanılmalıdır ki, pestisidləri də xaricdən almayaq. Bir sözlə, maksimum dərəcədə idxaldan asılılıq azalmalıdır. Bu, həm təhlükəsizlik üçün lazımdır, həm də biz valyutamıza qənaət etməliyik".
Prezidentdən məmurlara yeni xəbərdarlıq...
Məmur yekəxanalıq etməməli, qanunsuz tələb irəli sürməməli, rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır. Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı daha sonra qeyd edib ki, insanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür:
"Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi demişəm, bu gün də deyirəm. Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın: məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır - özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır. Məmur bax belə, dediyim kimi olmalıdır. Mən hər bir dövlət məmurunu təyin edəndə və ya icra başçısını başqa vəzifəyə qəbul edəndə də göstərişlər verirəm ki, get, insanlara qulluq elə, xidmət elə, dövlətə xidmət elə, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar və onların da cəzası verilir və veriləcəkdir. Biz bütün bu işləri görürük ki, Azərbaycanda inkişaf hərtərəfli və sürətli olsun, xoşagəlməz hallara son qoyulmalıdır".
Baki-xeber.com