Fəlsəfə, musiqi, riyaziyyat, tibb və botanika elmləri üzrə elm xadimi, orta çağın böyük filosofu, türk oğlu türk Farabi bir türk ölkəsi olan Qazax elində, Seyxun çayının Aris qolu ilə birləşdiyi yerdəki Farab şəhərində 873-cü ildə anadan olub. Əsl adı Məhəmməd ibn Turhan ibn Uzluğ əl-Farabidir. Doğulduğu şəhər münasibətilə ona Farabi deyilib. Qərb fəlsəfə aləmində Alfarabius adı ilə tanınıb.
İlk təhsilini Farabda alan Uzluğ oğlu Farabi atasının tövsiyəsilə Bağdada, o zamanlar elmin mərkəzi olan bu gözəl şəhərə elm öyrənməyə gedib. Ərəb dilini Bağdadda öyrənib və hüquq təhsili aldıqdan sonra orada hakim vəzifəsində işləyib. Amma onun əsl marağı fəlsəfə elminə olub. Bu arzusuna çatmaq üçün xristian filosofu Əbu Bişr Məta ibn Yunusdan fəlsəfə məntiqini öyrənib. Fəlsəfəyə olan eşqi Farabini elə bürüyüb ki, bu elmin o çağlarda bilinən ustadlarını tədqiq etmək ona tapşırılıb. Sonralar Harrana gedərək Yuhanna ibn Xaylandan öyrəndikləri ilə fikir dünyasını daha da genişləndirib.
Farabinin fəlsəfəyə olan eşqi onu xristian filosof Əbu Bişr Metta ibn Yunusla tanış olmağa və ondan dərs almağa sövq edib. Aristotelin və Platonun əsərlərini dəfələrlə oxuyub və özünü tamamən fəlsəfə elminə bağlayıb. Beləcə, dünya tarixində xüsusi yeri olan Farabi fəlsəfi düşüncələrini yavaş-yavaş qələmə almağa başlayıb. Kitablarını ərəbcə yazıb. Farabi ərəbcə, farsca, yunanca və latıncanı mükəmməl bir səviyyədə bilirdi.
Həkimliyə də maraq göstərən Farabi tibb elminin incəliklərini nəzəri olaraq mənimsəyib. Farabi o zamanın bütün elmlərinə maraq göstərib. Deyirlər ki, o bütün bunları fəlsəfə elmində dərinləşmək üçün edib. Musiqi mövzusunda nəzəriyyəçi, həm də icraçı olan Farabi riyaziyyat və botanika ilə də ciddi-ciddi məşğul olub.
Farabi keçmiş yunan filosoflarının əsərlərini ərəbcəyə çevirərkən bir çox əlavələr edərək onları daha asan, oxunaqlı hala gətirib. Xüsusilə Aristotelin əsərləri üzərində apardığı tədqiqat işlərindən sonra şərqli alimlər onu "Mualim-i Sani," yəni Aristoteldən sonra "İkinci müəllim" yüksək adına layiq görüblər.
Bu dəyərli filosof elə dərin fikirlər irəli sürüb ki, yaşadığı zamanın və daha sonra gələnlərin əbədi rəğbətini qazanıb. İbni Xallikanın Farabi üçün etdiyi təsbit belədir: "Farabi islam filosoflarının ən böyüyüdür. Bildiyi fənlərdə heç kəs onun səviyyəsinə yüksələ bilməyib."
Elm dünyasında mükəmməl iz buraxan İbn Sina və İbn Rüşt kimi Şərqin böyük alimləri onun əsərlərindən faydalanıb. İbn Sinanın bu sözləri Farabinin dəyərini ortaya qoymağa yetər: "Mezat (açıq artırma) yolu ilə aldığım Farabinin "Al İbana" kitabını oxudum və bu kitabın sayəsində o zamana qədər anlaya bilmədiyim metafizikanı tamamən qavradım. Bu hala olduqca çox sevindim. Tanrıya şükürlər edərək səcdə etdim, kasıblara sədəqə payladım..."
Böyük dünya alimi olan Farabi elmləri sinifləndirib. Ondan əvvəl elmlər trivium (üçüzlü) və huatrivium (dördüzlü) deyə iki hissədə toplanırdı. Nəhv, məntiq, bəyan üçüzlü elmlərə, riyaziyyat, həndəsə, astronomiya və musiqi isə dördüzlü elmlər qisminə daxil idi. Farabi elmləri fizika, riyaziyyat və metafizika elmləri olaraq üçə ayrılıb. Onun bu metodu avropalı alimlər tərəfindən də qəbul edilib.
Hava titrəşimlərindən ibarət olan səs hadisəsinin məntiqli izahını dahi elm adamı Farabi verib. O, titrəşimlərin dalğa uzunluğuna görə azalıb-çoxaldığını təcrübələr qoyaraq təsbit edib. Bu ixtirası ilə musiqi alətlərinin düzəldilməsində lazım olan qaydaları da kəşf edib. Bu fəaliyyətləri ilə yanaşı, tibb sahəsində araşdırmalar aparan Farabi bu mövzuda müxtəlif dərmanlarla əlaqəli bir əsər yazıb.
Üstün zəka və qeyri-adi qabiliyyətə sahib olan tarixi şəxsiyyət Farabi sözün əsl mənasında böyük bir filosof idi. O, yunan fəlsəfəsini ən incə ayrıntılarına qədər tədqiq edərək Aristotelin və Platonun əsərlərində irəli sürülən düşüncə və fikirləri bir-birinə uyğunlaşdırmağa çalışıb. Sonralar xüsusi çalışmaları ilə Qərb aləmində tanınan dahi Farabinin mükəmməl əsərlərinə böyük etibar göstərilib və o, Aristoteldən sonra gələn bir filosof olaraq qəbul edilib. Köhnəni yeni fəlsəfəyə böyük ustalıqla əlavə edən Farabi maddə, həyat, kainat, ölüm və sonrası kimi təməl mövzularda islamiyyətin bildirdikləri qarşısında tamamilə aciz və çaşqınlığa düşən Qərb aləminə keçmiş yunan filosoflarını xatırladaraq onların fikirlərini anladıb. Monteskyö, Spinoza kimi qərbli filosoflar Farabinin əsərlərinin təsiri altında qalıb. Fəqət islam dünyasında və islam alimlərinin yanında dinlə fəlsəfəni birləşdirmək arzusu peyğəmbərlərlə keçmiş yunan filosoflarını bir tutmaq və bəzi mövzularda filosofları irəli keçirmək istəyinə görə müsbət rəğbət qazana bilməyib. Farabinin əsərləri islam alimləri tərəfindən didik-didik edilərək düşdüyü yanlışlar və pozuq sözləri ən kiçik ayrıntılarına qədər göstərilib və isbat edilib.
Farabi əsərlərində önə sürdüyü ideallar nəzəriyyəsi, ağıllar nəzəriyyəsi, ağlı fəal nəzəriyyəsi nübuvvət, yəni peyğəmbərlik haqqındakı fikirləri, dövlət və siyasət nəzəriyyələri ilə məşhur olub.
Farabiyə görə, insanların xoşbəxtliyi yalnız dövlət çərçivəsində mümkündür. İnsanlar müxtəlif qabiliyyətlərə malikdir, cəmiyyətə və dövlətə xidmətdə müxtəlif vəzifələri yerinə yetirirlər. Ona görə də dövlət öz vətəndaşları üçün elə şərait yaratmalıdır ki, onlar özlərinin həqiqi qabiliyyətlərini göstərə bilsinlər.
Farabi haqqında çox şey söylənib və yazılıb. Bunlardan Qərb mənbəli olanlar gözəl sözlərlə tərif edilib, islam alimlərinin əsərlərində isə fikirlərinin yanlış və pozuq yerləri isbat edilib. Bunun təməli fəlsəfə ilə din arasındakı ayrılıqdır.
Din Uca Yaradanın mələk vasitəsilə peyğəmbərlərinə bildirdiyi iman, əməl və əxlaq əsaslarıdır. Mənbəyi vəhydir. İslam dinində ağıl vəhylə bildirilənlərə uyar. Fəlsəfənin mənbəyi isə ağıldır. Filosoflar vəhyə inanmazlar. Gənc yaşlarından etibarən keçmiş yunan filosoflarının kitablarını oxuyan və zamanındakı filosoflardan uzun illər boyu dərslər alan Farabi zamanla fəlsəfə yolunu tutaraq İslam dininin bildirdiyi məlum iman əsaslarından ayrılıb. Onun bu halı İslam dininin təməl kitablarından və islam alimlərinin dərslərindən tam bir din bilgisi ala bilməmiş olması ilə izah edilir.
Farabi bir çox düşüncə və görüşləri ilə Qurani-Kərim və hədislərlə bildirilən iman əsaslarından ayrılıb. Bunların arasında ən əhəmiyyətliləri: peyğəmbərliyin çalışmaqla ələ keçə biləcəyini sanması, filosofları peyğəmbərlərə bərabər və hətta onlardan üstün bilməsi, maddənin əzəli olduğuna inanması, dinə yeni şeylər əlavə etmək və bəzi şeyləri çıxartmaq istəməsidir. Bu cür fikirlərin sahibini imansızlığa və təhrifə götürdüyü İslam dininin təməl kitablarının hamısında yazılıdır. Bu əsərlərdə islam alimləri tərəfindən maddənin əzəli yox ikən sonradan Uca Yaradan tərəfindən yaradıldığını və yenə yox ediləcəyini, peyğəmbərliyin çox çalışmaqla, elm təhsil etmək, çox ibadət etmək və yaxşı işlər görməklə ələ keçməyəcəyini, bunun Uca Yaradanın bir lütfü və ehsanı olduğunu, hər peyğəmbərin peyğəmbərliyinin əzəldə təqdir edildiyini, dünyaya peyğəmbər olaraq gəldiyini və zamanı gəldikdə peyğəmbərliyinin özünə bildirildiyini, heç bir insanın, nə qədər yüksəlirsə yüksəlsin, peyğəbərin dərəcəsinə çata bilməyəcəyini, dinin hər baxımdan tamam olduğunu, bu xüsuslarda ortaya atılacaq ən kiçik bir əlavə və ya çıxarmanın dini pozmaq olacağı çox açıq və qəti bir dil ilə bildirilir.
Farabinin din mövzusunda irəli sürdüyü fikirlərindəki yanlışlıqlar şəxsən imam Qazalini və imam Rabbani kimi böyük islam alimlərinin kitablarında açıq bir şəkildə təsbit edilib. Farabinin tələbələrindən ən başda gələnləri Zəkəriyya ibn Adiyy və Süleymani Sicistanidir. Tanınmış şəxsiyyətlər ibn Rüşd, ibn Hazm və ibn Sina da Farabinin əsərlərinin təsiri altında qalaraq yetişiblər.
Kosa saqqallı, qısa boylu olaraq təsvir edilən Farabi eyni zamanda bir bəstəkar idi. Kanon adındakı çalğı alətini o kəşf edib: rübab deyilən çalğını inkişaf etdirməklə onu bugünkü halına gətirib. Onun çox sayda bəstəsi var. Farabinin musiqini yaxından bilməsi, ona dərindən bələd olması, özünün də musiqi alətində çalmağı bacarması təsadüfi deyil. Çünki qədimdən türklər düşmən üzərində qələbə çaldıqdan sonra qələbələrini musiqi ilə qeyd edib və məclislərinə el aşıqlarını dəvət ediblər. Türklərin o dövrdə məharətlə etdiyi ifalar onların el şənliklərinin ruhu idi. Təbii ki, belə bir mühitdə böyüyən Farabi hələ uşaq yaşlarında musiqi alətində çalmağı öyrənmişdi. Ona görə də o musiqi sahəsini tədqiq edərək bu sahəni elmi şəkildə tədqiq edən ilk alim olmaq şərəfinə nail olub. Onun "Musiqi haqqında böyük kitab" adlı əsəri bu gün də araşdırmaçı musiqişünaslar üçün qədim türk və şərq milli musiqisini öyrənmək və tədqiq etmək baxımından olduqca qiymətli bir mənbədir.
Farabinin çox sayda əsərləri günümüzə gədər gəlib çatıb. Bu əsərlərin ən tanınanları bunlardır: "İhsau'l Ulum" (Elmlərin sayımı), "Kitabi Füsusü'l Hikem" (Hikmətlərin əsasları), "Siyasətü'l Medeniyye" (Mədəni siyasət), "Medinetül Fazıla" (Fəzilət şəhərciyi), "Felsefetu Eflatun" (Əflatunun fəlsəfəsi), "Felsefetu Aristo" (Aristotelin fəlsəfəsi).
Farabinin "İhsauTl Ulum" əsəri ərəb dilində yazılan ən böyük və ilk elmlər ensiklopediyasıdır. Bu, Farabinin latıncaya çevrilən dörd əsərindən biridir. Bu əsər elmləri bölmələrə ayırma nəzəriyyəsi baxımından əsrlər boyu fikir dünyasına çox böyük təsir göstərib.
Dünyanı gəzmək üçün bir səyahətə çıxın. Bu səyahətdə bilən adamlara belə bir sual verin:
"Ərəblərə öz dillərində ilk böyük ensiklopediyanı qazandıran, Şərqə Aristoteli həqiqi anlamda tanıdan, Qərbə musiqi alətləri haqqında ilk həqiqi təlimatı verən, fəlsəfə, musiqi, riyaziyyat, tibb və botanika alimi kimdir?" Alacağınız cavab "FARABİ" olacaq! Yəni Farabi irsi bu gün də öz əhəmiyyətini qoruyub saxlamaqda davam edir və o, əbədiyyətə kimi özündən sonra qoyub getdiyi zəngin elmi əsərləri ilə yaşayacaq.
Dünyamıza gələn ən böyük elm günəşi, müxtəlif elm sahələrində böyük ixtiraları olan Farabi 950-ci ilin yanvar ayında Şamda vəfat edib, Babüssağır məzarlığına dəfn edilib.
Ruhu şad olsun!
Fazil QARAOĞLU professor