"Münaqişənin alovlanması qaçılmaz idi. Dondurulmuş deyil, həll olunmamış səviyyədə idi”. APA-nın məlumatına görə, bunu Bakıda rusiyalı politoloq Sergey Markov deyib.
O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi üç xüsusiyyətə görə digər münaqişələrdən fərqlənir. "Birincisi orada heç bir sülhməramlı yoxdur, silahlı qüvvələr üzbəüz dayanıb. İkincisi münaqişə yox, danışıqlar dondurulmuş idi. Hər üç həmsədr ölkəsində erməni diasporu güclüdür və bu da imkan vermirdi ki, həmin ölkə Ermənistana hansısa formada təzyiq göstərsin. Ölkələr arasında güc balansı bütün cəhətdən sürətlə Azərbaycanın xeyrinə dəyişir. Lakin münaqişənin həllində heç bir irəliləyiş olmurdu. Bu isə münaqişənin alovlanmasına təkan verdi”, - deyə politoloq vurğulayıb.
S. Markov bildirib ki, cəbhədə son hadisələrdə ilk addımın kim tərəfindən atılması barədə mübahisələr olsa da, Azərbaycan tərəfi daha əmin mövqe nümayiş etdirməlidir: "BMT-nin Azərbaycanın xeyrinə çıxardığı qətnaməsi var, Madrid prinsipləri var. Ona görə də münaqişənin alovlanmasının məsuliyyəti İrəvanın üzərinə düşür”.
"Azərbaycan bir neçə məqsədə nail olub. Danışıqların donu açılıb. Bu çox vacib, strateji addım idi. Azərbaycan öz hərbi gücünü göstərdi. Hərbi texnika baxımından Azərbaycan iki dəfə güclüdür. Həm də əhali tərəfindən böyük dəstək olub, insanlar müharibəyə başlamaq istəklərini bəyan ediblər. Azərbaycanın ərazi az da olsa, dəyişdi” - deyə rusiyalı politoloq bəyan edib.
Onun fikrincə, hazırkı mərhələdə ATƏT-in Minsk qrupu Rusiyanı dəstəkləməyə başlayacaq.
"ABŞ-ın başı seçkilərə qarışıb, üstəlik erməni diasporunun seçkilərdə dəstəyinə ehtiyac duyur. Fransua Olland hökuməti də o qədər güclü olmadığını göstərdi. Rusiya isə münaqişənin donunun açılmasında təşəbbüskar kimi çıxış etdi. Digər ölkələr bu təşəbbüsü dəstəklədilər. İndi masa üzərində 2011-ci ildə hazırlanan Kazan formulu var. O zaman siyasi iradə olmadığı üçün bu formul həyata keçmədi. Bu formulda müvəqqəti tarixi kompromis nəzərdə tutulur. Plana əsasən əvvəlcə Dağlıq Qarabağ ətrafındakı rayonlar qaytarılmalıdır. Onların sayı yeddidir. Neçəsinin qaytarılacağı isə danışıqlarda müzakirə olunacaq. Bu, Azərbaycanın qazancıdır. Ola bilər ki, bölgəyə sülhməramlılar yerləşdirilsin. Ən əsası Ermənistan blokadadan çıxacaq, iqtisadiyyatı inkişaf edəcək. Növbəti mərhələdə isə Dağlıq Qarabağın statusunun müəyyənləşməsi və qaçqınların geri qaytarılması məsələləri olacaq. Əsas narazılıq bu sahədə olub. Nə zaman referendum olacaq, referendumadək nə qədər qaçqın hara qaytarılacaq. Bu kim məsələlərdə problem yaranmışdı. Ermənistan deyirdi ki, əgər BMT qətnamələrini, Madrid prinsiplərini əsas gətirirsinizsə, bu o deməkdir ki, referendumun nəticələri əvvəldən müəyyən olunub. Mənim proqnozum belədir ki, danışıqlara tezliklə başlanılacaq və onlar əvvəlki kimi çox uzanmayacaq. Hansısa prinsiplərdə artıq razılaşmaya nail oluna bilər və qaçqınların qaytarılmasına başlanıla bilər”, - deyə rusiyalı politoloq vurğulayıb.