Əli Orucov: “ABŞ-ın bununla bağlı koalisiya yarada biləcəyi real görünmür”
Pentaqon bəyan edib ki, ABŞ Hörmüz boğazından gəmiçiliyi bərpa etmək üçün beynəlxalq koalisiya yaratmaq niyyətindədir. Bildirilib ki, ABŞ İranla danışıqların dayandırılması səbəbindən hələ də blokda qaldığı üçün Hörmüz boğazında gəmiçiliyi bərpa etmək üçün beynəlxalq koalisiya yaratmaq niyyətindədir.
Dövlət Departamentinin sözçüsü bildirib ki, Dəniz Azadlığı Quruluşu (DDQ) "real vaxt rejimində məlumat, təhlükəsizlik təlimatı və koordinasiya təmin etmək də daxil olmaqla, təhlükəsiz və etibarlı gəmiçiliyi təmin etmək üçün addımlar atacaq". O, ABŞ səfirliklərinin xarici hökumətləri bu səylərə qoşulmağa çağırdığı diplomatik teleqramın mövcudluğunu təsdiqləyib.
“The Wall Street Journal” qəzeti yazır ki, ABŞ Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin etmək məqsədilə yeni beynəlxalq koalisiya yaratmaq üçün digər ölkələrə müraciət edib. Bildirilir ki, ABŞ Dövlət Departamenti bu təşəbbüslə bağlı Amerika səfirliklərinə bildiriş göndərərək, diplomatlara xarici hökumətləri koalisiyaya qoşulmağa inandırmaq tapşırığı verib.
O da məlum olub ki, Böyük Britaniya və Fransa ayrıca dəniz təşəbbüsü ilə bağlı danışıqlara rəhbərlik ediblər və bu yaxınlarda bu məsələ ilə bağlı 50 ölkənin nümayəndələri ilə görüşlər keçiriblər.
Maraqlıdır, ABŞ Hörnüzün açılması üzrə beynəlxalq koalisiya yarada biləcəkmi?
Sözügedən məsələyə aydınlıq gətirən AMİP funksioneri Əli Orucov bali-xeber.com-a açıqlamasında bunu istisna etdi: “ABŞ-ın Hörmüzlə bağlı koalisiya yarada biləcəyi real görünmür. Ona görə ki, Tramp Avropa ölkələri ilə olan “körpüləri yandırıb”. Koalisiya o vaxt yaradılır ki, müttəfiq dövlətlərlə normal münasibətlər olur. Ancaq bu gün reallıq ondan ibarətdir ki, ABŞ-ın NATO üzvləri ilə, xüsusən də Avropa İttifaqının aparıcı dövlətləri ilə münasibətləri gərgindir. Hətta Böyük Britaniya kimi ABŞ-ın tarixi, ənənəvi müttəfiqi Trampın siyasətindən narazıdır. İspaniya ərazisindəki NATO bazalarından ABŞ-ın İrana qarşı istifadə etməsinə icazə vermədi. Almaniya kansleri Fridirx Merts Trampın İranla bağlı siyasətini tənqid edib. Hətta ABŞ-ın İtaliya ilə münasibətlərində belə, gərginlik yaranıb. Halbuki, digər Aİ üzvləri ilə müqayisədə Trampın İtaliya baş naziri Ciorcia Meloni ilə çox yaxşı münasibətləri var idi. Nəzərə alsaq ki, Tramp Avropada ABŞ qoşunların sayını azaldır, bu ölkələrdən idxal olunan məhsullara 25 faiz rüsum tətbiq edir, Ukraynaya silah yardımını azaldır. Baxmayaraq ki, ABŞ silahlarını Avropa pul verərək alır, o zaman hansı beynəlxalq koalisiyadan söhbət gedə bilər? Bu baxımdan bunu o qədər də real hesab etmirəm”.
Vidadi ORDAHALLI