Ermənistan kəşfiyyatı 2026-cı ildə Azərbaycanla hərbi gərginlik ehtimalı ilə bağlı dərc etdiyi hesabatda belə bir risqin aşağı olduğunu bildirib.
Hesabatda qeyd olunur ki, və Azərbaycanla Ermənistan arasında dövlətlərarası sülh və münasibətlərin qurulması ilə bağlı anlaşmanın mətninin 2025-ci ildə müzakirələrdən sonra paraflanmasının ardından hərbi gərginlik ehtimalı əhəmiyyətli dərəcədə azalıb, sülh yolu ilə həll ehtimalı isə artıb.
Ermənistanla Azərbaycan arasında hərbi gərginlik ehtimalının 2026-cı ildə olduqca aşağı olduğu bildirilən hesabatda, il ərzində sərhədlərin demarkasiyası, ikitərəfli ticarət və iqtisadi təşəbbüslər, vətəndaş cəmiyyətləri arasında dialoq, humanitar və digər sahələrdə irəliləyiş ehtimalının yüksək olduğu vurğulanır.
Hesabatda regional nəqliyyat infrastrukturunun açılması ilə bağlı davam edən proseslərdə irəliləyiş əldə ediləcəyi və Ermənistanın qonşuları ilə ikitərəfli əlaqələrinin daha böyük regional iqtisadi layihələri dəstəkləyəcəyi vurğulanıb.
Qeyd olunur ki, Ermənistan, Türkiyə və Azərbaycan arasında nəqliyyat əlaqələrinin yenidən qurulması insanların, malların və xidmətlərin daha sürətli və daha ucuz daşınmasına imkan verəcək və bununla da regionun rəqabət qabiliyyətini və beynəlxalq cəlbediciliyini artıracaq. Bildirilir ki, Qars-Gümri dəmir yolu xəttinin açılması və Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsi regional ticarətin genişləndirilməsi üçün hərtərəfli iqtisadi və logistik imkanlar yaradacaq.
TAHİR