Böyük Britaniya Ukraynada hərbi bazalar və müdafiə infrastrukturu yaratmağı nəzərdən keçirə bilər. Bu Britaniyanın baş naziri Kir Starmerin Kiyevə elan olunmamış səfəri zamanı "100 illik tərəfdaşlıq" sazişinin imzalanması ilə üzə çıxarıb. Müqavilə Britaniya hökumətinin saytında dərc olunub.
Saziş iki ölkənin ümumi hərbi ehtiyaclarını müəyyən etmək və müdafiə texnologiyaları sahəsində əməkdaşlığı genişləndirmək üçün birgə işləməyi nəzərdə tutur. London və Kiyev həmçinin Ukraynada Britaniyanın müdafiə infrastrukturunun, o cümlədən hərbi bazaların, logistika anbarlarının və hərbi texnika anbarlarının yerləşdirilməsi imkanlarını dəyərləndirəcək.
Bundan başqa, Londonun 2030-2031-ci ilə qədər Kiyevə hər il 3 milyard funt-sterlinq dəyərində hərbi yardım göstərəcəyi bildirilir.
Iki ölkə arasında "Yüzillik tərəfdaşlıq" müqaviləsində gizli, qapalı bölmə də var. Bunu Ukrayna prezidenti Zelenski deyib. "Bu müqavilədə həm də gizli və qapalı hissə də var. Bizə dayanıqlı və inkişaf imkanı verən hər şey bu hissədə yer alır" deyən Zelenski əlavə edib ki, bu il təkcə Londondan təxminən 6,6 milyard dollar hərbi yardım alacaqlar.
Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, Britaniya və Ukrayna arasında imzalanan saziş NATO-ya üzvlük demək deyil, ancaq narahatlıq doğurur: "Böyük Britaniyanın NATO üzvü olduğunu nəzərə alsaq, onun hərbi infrastrukturunun sərhədlərimizə doğru çəkilməsi, şübhəsiz ki, narahatedici faktordur. Amma istənilən halda bundan sonra nələrin baş verəcəyini təhlil etmək lazımdır".
Peskov sazişin Azov dənizində əməkdaşlığa dair maddəsinə də toxunub və bildirib ki, bura Rusiyanın daxili dənizidir: Burada Ukrayna ilə Böyük Britaniya arasında əməkdaşlıq mümkün deyil".
TAHİR