Almaniya Rusiyanı Suriyadakı hərbi bazalarını bağlamağa və qoşunlarını ölkədən çıxarmağa çağırıb. Almaniya hökumətinin Suriya üzrə koordinatoru Tobias Lindner "Der Spiegel" jurnalına deyib ki, Rusiya Suriyanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir.
"Biz Suriyanın ərazi bütövlüyünün toxunulmaz olması lazım olduğunu deyəndə, bu, bütün aktorlara və xüsusən də Rusiyaya aiddir. Rusiyanın Suriyadakı bazaları bağlanmalı və Rusiya qoşunları oradan çıxarmalıdır", - Lindner bildirib.
Rusiya prezidenti Vladimir Putinin Bəşər Əsəd rejiminə dəstək verərək Suriya xalqına müharibə elan etdiyini qeyd edən Lindner, suriyalıların bununla bağlı çox ağrılı xatirələrinin olduğunu bildirib.
Rusiyanın Suriyadakı hərbi bazalarının təhlükəsizliyini təmin edən hazırkı ikitərəfli müqavilələr barədə suala Lindner belə cavab verib: "Müqavilələrə xitam verilə bilər. Amma təbii ki, qərar suriyalıların özlərinə aiddir".
Lindner Rusiyanın Suriyadakı hərbi mövcudluğunun Avropanın təhlükəsizliyinə daha geniş təsirləri olduğunu deyib: "Ruslar Aralıq dənizi, Liviya və Afrikada fəaliyyət göstərmək üçün oradadırlar. Rusiya yaxın gələcəkdə Avropanın təhlükəsizliyinə ən böyük təhdiddir".
TAHİR