Britaniyanın nüfuzlu “Express” nəşrində jurnalist Con Varqanın “Onlar hər şeyi məhv ediblər: Azərbaycan “Hirosima”sının dağıdılmış torpaqlarında” məqaləsi dərc edilib.
Məqalənin müəllifi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə iki günlük səfəri zamanı gördüklərini təsvir edir.
Con Varqa Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanovun sözlərini sitat gətirərək məqaləyə başlayıb: “Biz nifrətin bu dərəcədə olacağını gözləmirdik. Onlar hər şeyi məhv ediblər”.
Müəllif Qarabağın bir vaxtlar ipək və toxuculuq istehsalçılığı ilə məşhur olması, canlı və parlaq rəngləri ilə tanınan Qarabağ xalçalarının istehsal edilməsi ilə bağlı söz açıb. Qarabağ atının vətənindən ötən ilin mayında mərhum Britaniya Kraliçası II Yelizavetaya hədiyyə edilən at haqqında təəssüratlarını qeyd edib .
Müəllif ermənilərin tərk etdiyi müdafiə mövqelərinin, dağıdılmış kəndlərin və vaxtilə həyatın qaynadığı şəhərlərin yanından keçərkən müşahidə etdiyi dağıntının az bir hissəsinin hərbi əməliyyatların nəticəsi olduğunu bildirir. Əksər hallarda bunlar həmin ərazilərdə Azərbaycan xalqının olmasının və onun mədəniyyətinin hər hansı izlərini yox etmək məqsədilə qəsdən törədilmiş əməllərdir.
Arazın dediyinə görə, quldurlar məzarları da dağıdıblar: "Bunu etmələrinin əsas səbəbi bu torpaqlarda Azərbaycan irsini silmək idi. Çünki haradasa qəbrin yoxdursa, deməli, sən o torpağa aid deyilsən”.
Müəllif xatırladıb ki, “Newsweek” jurnalının 16 mart 1992-ci il tarixli nömrəsində Azərbaycanın Xocalı şəhərində mülki şəxslərin erməni qoşunları tərəfindən kütləvi şəkildə qətlə yetirilməsi barədə xəbər dərc edilmişdi. Həmin məqalədə deyilirdi ki, bu insanların çoxu qaçıb xilas olmağa cəhd edərkən yaxın məsafədən güllələnib. Təqribən 600.000 azərbaycanlı Qarabağda öz evlərini tərk etməyə məcbur olub və məcburi köçkün vəziyyətinə düşüb. 2020-ci il sentyabrın axırlarında Azərbaycan işğal altında olan ərazilərini azad etməyə başladı. 2020-ci il noyabrın 9-da Moskvanın vasitəçiliyi ilə barışıq əldə edildi, nəticədə Qarabağın çox hissəsi Azərbaycanın nəzarəti altına qaytarıldı. Hazırda iki tərəf arasında gərginlik yüksək səviyyədədir.
Reyhan Hacıyeva BDU-nun jurnalistika fakültəsinin IV kurs tələbəsi, praktikant