Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb ki, guya aprelin 11-də baş verən təxribatı Azərbaycan törədib. Guya onlarda Azərbaycan hərbçilərinin Dığ kəndi yaxınlığında erməni hərbçilərinə hücum etmələri barədə videogörüntülər var.
Guya videoda Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin “təxribat” məqsədilə avtomobillə mühəndis işləri aparan Ermənistan hərbçilərinə necə yaxınlaşması, daha sonra onlara atəş açması öz əksini tapıb.
Ancaq bununla bağlı erməni tərəfinin yerləşdirdiyi videoya daxil olmaq mümkün deyil. Bir tərəfdən deyirlər ki, onlarda belə bir video var, o biri tərəfdən buna daxil olmaq mümkün deyil. Bunun özü elə sübut edir ki, ermənilər bunu saxta şəkildə qurublar. Provokasiyanı özləri törədiblər və özləri də guya onu sübut etmək üçün bir video oyunu oynayırlar.
“Ermənistan bütün alçaq vasitələrdən istifadə edir və məqsəd həm də beynəlxalq ictimayəti çaşdırmaqdır”
Məsələyə münasibət bildirən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlının fikrincə, Ermənistan tərəfinin belə uydurma ittihamlarla çıxış etməsi gözlənilən idi: “Erməni tərəfi ağla belə gəlməyən uydurma iddialarla çıxış edir. 1988-ci ildən erməni separatizmi başlayandan bəri hər dəfə Ermənistan Azərbaycanı ittiham edib. 1993-cü ilin yayında ard-arda Azərbaycanın rayonlarını işğal edirdilər. Həmin dövrdə ara-sıra atəşkəs razılaşmaları əldə olunurdu və qısa müddətdə Ermənistan tərəfi bunu pozaraq işğalı davam etdirirdi. Həmin dövrdə həyasızcasına vasitəçilərə deyirdilər ki, bəs Azərbaycan atəşkəsi pozduğuna görə hücumları davam etdirirlər. Halbuki, o ağır dövrlərdə Azərbaycan maraqlı idi ki, atəşkəs davam etsin və ölkəmiz toparlansın. Ona görə də Laçındakı məlum toqquşmalardan sonra Ermənistan Müdafiə Nazirliyinin bu cür həyasız bəyanatla çıxış etməsi əsla təəccüblü görünmür. Bu, bir daha onu göstərir ki, Ermənistan bütün alçaq vasitələrdən istifadə edir. Məqsəd həm də beynəlxalq ictimaiyyəti çaşdırmaqdır. Biz nəzərə almalıyıq ki, yeni Laçın yolu ilə əlaqədar Zabux kəndi yaxınlığında yüksəkliklər bu günlərdə ordumuzun nəzarətinə keçdi. Erməni mediası da dayanmadan bununla bağlı spekulyasiyalarla məşğul idi. Dünyaya car çəkirdilər ki, guya Azərbaycan tərəfi Gorus istiqamətində bir neçə yüz metr onların ərazisinə daxil olub. Bununla ölkə ictimaiyyətini və Avropa dövlətlərini yeni eskalasiyanın baş verəcəyinə kökləyirdilər. Xaricdə erməni lobbisinin təsiri altında olan media vasitələri də hər vasitə ilə bu kimi yalan məlumatları tirajlayırdılar. Hesab edirəm ki, Laçın təxribatının arxasında müəyyən güc mərkəzləri dayanır. Çünki gələn ay ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü gözlənilir. Bu da Rusiya və İranı narahat edir. Ona görə ki, sözügedən dövlətlər Qərbin sülh danışıqlarında təşəbbüsü ələ almasını, regionda dayanıqlı sabitliyin bərqərar olmasını istəmir. O üzdən, Ermənistandan bir maşa kimi istifadə olunur”.
Vidadi ORDAHALLI