Məlum olduğu kimi, aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.
Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.
Trendin məlumatına görə, atəşkəsi pozan Ermənistan ordusu ilk dəfə olaraq İranda istehsal edilmiş zərbə PUA-larından istifadə etməklə mövqelərimizi hədəfə alıb. Ermənistanın İran PUA-larından istifadə etməsi halı indiyə qədər olmayıb. Məlum olur ki, Ukraynaya qarşı işğalçı müharibəni genişləndirmək üçün Rusiyaya pilotsuz uçuş aparatları verən İran eyni silahları strateji tərəfdaşı Ermənistana da ötürüb. Görünən odur ki, İran Azərbaycana qarşı bu alçaqlığı da etməkdən çəkinmədi.
“Əgər biz bu gün İran istehsallı zərbə dronlarının Azərbaycan Ordusuna qarşı istifadəsindən danışırıqsa...”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyevin fikrincə, molla rejimindən nə desən gözləmək olar: “Deyim ki, bu gözlənilən idi və eyni zamanda heç təəccüb də doğurmur. Çünki İranın Ermənistana göstərdiyi havadarlığı istər Birinci Qarabağ müharibəsində, istərsə də İkinci Qarabağ müharibəsində özünü kifayət qədər sübuta yetirib. Əgər biz bu gün İran istehsallı zərbə dronlarının aprelin 11-də Azərbaycan Ordusuna qarşı istifadəsindən danışırıqsa, demək ki, hər zaman gözlənilən erməni təxribatında İranın digər silahlarının da erməni terrorçuları tərəfindən istifadə ediləcəyini istisna etmirik. Fakt ortadadır və bütün bunların təməlində dayanan məsələ açıq-aşkar düşmənçiliyin isbatıdır. Tehran rejimi özünü zorla regionda görmək və öz kirli maraqlarını həyata keçirmək məqsədlərini güdür. Misal üçün, narkotika, silah-sursat və s. qanunsuz ticarətini ermənilərin sayəsində reallaşdırmaq. Təəssüf doğuran da budur - özünü "müsəlmanların himayədarı" elan edən "İran" adlı psevdodövlət müsəlman Azərbaycana qarşı siyasətində yenə də islamofob, məscidləri murdarlayan, müsəlman qəbirlərini dağıdan, talan edən, başdaşılardan yol çəkən psevdoxristian, daha dəqiq desək, sektant ermənilərə qahmar çıxır. Fakt da, reallıq da, sübut və dəlil də məhz budur. Artıq 21-ci əsrin üçüncü onillik müddəti gedir və Azərbaycan da ötən əsrin dövləti deyil. Düşünürəm ki, Tehran rejimi bundan sonra da aqressiya nümayiş etdirməklə düşmınlərimizə açıq dəstək göstərməyə davam edəcəksə, rəsmi Bakının və dost-qardaş ölkələrin, əsl strateji tərəfdaşlarımızın cavabları çox sərt olacaq. Yəni fars-molla rejimi elə sanmasın ki, hər şey onun istədiyi kimi olacaq və Azərbaycan dövləti bu kimi məsələlərin üzərindən sükutla keçəcək. Əsla belə deyil. Bu gün "qırmızı xətt" sözünü dilindən salmayan Tehran rejimi özü bu xətləri keçir. Ancaq səbr, təmkinin də vaxtı-vədəsinin bitməsi müddəti var. İran bilməlidir ki, regionun əsas söz sahibi Azərbaycandır. Azərbaycan Zəngəzur dəhlizini də açacaq, tələb olunarsa "Ermənistan" adlanan qondarma dövlətin tarixi Qərbi Azərbaycan torpaqları olduğunu əməli şəkildə isbatlayacaq”.
Vidadi ORDAHALLI