Aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib.
Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.
Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.
Hazırda qeyd olunan istiqamətdə nisbi sakitlikdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
X X X
Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat məqsədilə Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən döyüş mövqelərini intensiv atəşə tutub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınır.
Bölmələrimiz tərəfindən görülən cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.
Hazırda minaatan və iriçaplı silahlardan istifadə etməklə mövqelərimiz ermənilər tərəfindən atəşə tutulur.
Qarşı tərəfin atəş mövqelərinin susdurulması məqsədilə zəruri addımlar atılır.
Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
İctimaiyyəti təmkinli olmağa və yalnız rəsmi məlumatlara istinad etməyə çağırırıq.
Xarici İşlər Nazirliyindən isə bildirilib ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumata əsasən 11 aprel tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.
Ermənistanın bu kimi təxribatlarının beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir. Ermənistanın bu kimi hərbi təxribatları, eyni zamanda siyasi təhrikçi addımlarla və bəyanatlarla müşayiət olunur.
Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq Azərbaycana qarşı apardığı təxribatlar nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozur, eyni zamanda regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir.
Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır.
Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri bütün lazımı tədbirləri görür və bundan sonra da görəcəkdir.
Bir daha bəyan edirik ki, Ermənistanın törətdiyi təxribatlara görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.