“Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması ilə bağlı konkret rəqəmləri, konkret qrafiki müzakirə etdik”.
Bu barədə Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında bildirib.
Ölkə başçısı nəqliyyat daşımaları ilə bağlı önəmli məqamlara toxunub: “Bu gün biz bu təməli konkret məzmunla zənginləşdiririk və ötən ilin avqust ayında Bakıda qəbul edilmiş qərarlar bu gün artıq reallaşır. O cümlədən, Prezident Tokayevin qeyd etdiyi kimi, Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar. Bu gün biz Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması ilə bağlı konkret rəqəmləri, konkret qrafiki müzakirə etdik və bütün bu məsələlərin ən yaxın vaxtda öyrənilməsi üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verdik”.
“Orta Dəhliz vasitəsi ilə daha böyük yüklərin daşınması gözlənilir”
Məsələyə münasibət bildirən millət vəkili Vüqar Bayramov hesab edir ki, tranzit daşımaları ilə bağlı müzakirə olunan məsələlər önəmli əhəmiyyət kəsb edir: “Azərbaycanla Qazaxıstan regional nəqliyyat dəhlizlərinin reallaşmasında sıx əməkdaşlıq edən ölkələrdir. Məsələ ondadır ki, Orta Dəhlizin, eləcədə Şərq-Qərb dəhlizinin reallaşması ilə bağlı hər iki ölkə tərəfindən infrastrukturun genişləndirilməsi ilə bağlı ciddi işlər görülür. İnvestisiya qoyuluşlarının həcmində artımlar var. Məlum olduğu kimi, Bakıda Ələt limanının yük qəbul etmə həcmi genişləndirilir. Bu liman, Xəzər dənizinin ən böyük limanıdır. O cümlədən, Gürcüstanda yeni Anaki dəniz limanı tikilir. Eyni zamanda, Qazaxıstanda infrastrukturun genişləndirilməsi ilə bağlı işlər görülür. Hər iki ölkədə müasir terminalların istifadəyə verilməsi həm də Orta Dəhliz vasitəsilə daşınan yüklərdə xərcin və vaxtın azalmasına imkan yaradıb. Ona görə də iki ölkə arasında əməkdaşlıq bütövlükdə regional dəhlizlərin reallaşmasına təkan verəcək. Bu da ölkələrin beynəlxalq yükdaşımalardan əldə etdikləri gəlirlərin artmasına şərait yaradacaq. Nəzərə alsaq ki, Azərbaycanla Qazaxıstan enerjidən kənar sahələrin inkişafı ilə bağlı sistemli fəaliyyətlər həyata keçirir, o baxımdan bu yöndə görülən işlərin ciddi perspektivi var. Çünki beynəlxalq yükdaşımalar qeyri-neft sektorunda aparıcı sahələrdən birinə çevrilməkdədir. Özü də Orta Dəhliz vasitəsi ilə daha böyük yüklərin daşınması gözlənilir. Ukrayna müharibəsi ilə əlaqədar proseslər buna doğru getməkdədir. Ona görə də hesab edirəm ki, Qazaxıstanla Azərbaycan arasında əməkdaşlıq bütövlükdə regionun inkişafına xüsusi töhvə verməklə, həriki ölkənin beynəlxalq yükdaşımalardan əldə etdikləri gəlirlərin həcminin kəskin artmasına gətirib çıxaracaq. Bu da böyük gəlirlər deməkdir. Artıq 2022-ci ildən yükdaşımalarda ciddi artımlar müşahidə olunur. Azərbaycan üzərindən daşınan yüklərin həcmində 30 faizdən çox artım qeydə alınıb. Hesab edirəm ki, infrastrukturun inkişaf etdirilməsi ilə paralel, qarşılıqlı əməkdaşlıq nəticəsində daha böyük nəticələr əldə edəcəyik”.
Vidadi ORDAHALLI