Ermənistan-Türkiyədə arasında sərhəd-keçid məntəqələrinin açılması üzərində iş aparılır. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib:
“Ermənistan səfirliyinin açılması yaxın vaxtlarda baş tutmaya bilər, çünki əvvəlcə başqa addımlar atmalıyıq. Biz Ermənistan üçün hava məkanımızı açmışıq, yük uçuşları həyata keçirilir, qarşılıqlı hava əlaqəsi başlayıb, Ermənistan təyyarələri hava məkanımız üzərindən üçüncü ölkələrə uça bilər. Amma quru sərhədlərinin açılması üçün siyasi şərtlərlə yanaşı, ilk növbədə yolları hazırlamaq, körpünü bərpa etmək lazımdır. Artıq körpünün tikintisi ilə bağlı razılaşmalarımız var”.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyə-Ermənistan sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılacağı barədə məlumat yayılmışdı. Çavuşoğlu müsahibəsində bu məsələyə toxunmayıb.
Quru sərhədlərinin açılması üçün siyasi şərtlər nə ola bilər?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son aylar Ermənistanın Türkiyə ilə sərhədlərin açılması mövzusunda istər erməni dövlət rəsmilərindən, istərsə də siyasi ekpertlərindən, həm də qardaş ölkədən mesajlar eşitməkdəyik: “Baş nazir Paşınyan tez-tez Türkiyədən Ermənistanla dialoqa başlamaq barədə alınan "müsbət siqnallar", eləcə də Ermənistanın Türkiyə ilə münasibətləri tənzimləməyə hazır olması ilə bağlı açıqlamaları təkrarlayır.
Ümumən münasibətlərin normallaşması üçün iki ölkənin xüsusi nümayəndələri - Sərdar Kılıç və Ruben Rubinyan artıq 4 görüş də keçiriblər.
Ancaq bütün bunlar mesajdan o tərəfə keçmir və real addımların atılması görsənmir. Zəlzələyə görə Türkiyəyə humanitar yardım və xilasedici dəstə - göndərənlər arasında Ermənistan da var idi. Bundan sonra Ermənistanda artıq belə rəy yaranıb ki, 1993-cü ildən bağlanan Ermənistan-Türkiyə sərhədindəki “Marqara” körpüsü 30 ildən sonra açılıb və bir daha bağlanmayacaq. Şərtlər haqqında danışırıqsa bunlar hər bir tərəfdə var və Ermənistan-Türkiyə münasibətlərinin normalaşması kontekstində bir mərhələ olaraq nəzərdən keçirilə bilər.
Bu proses məhz 10 noyabr üçtərəfli bəyanatında kommunikasiyaların bərpasını nəzərdə tutan bəndlərin davamı olmalıdır.
Ermənistan Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rustam Badasyan məlumat verib ki, ölkəsi Türkiyə ilə sərhəddə “Marqara” keçid məntəqəsini işə salmağa hazırlaşır. Onun sözlərinə görə, “Diplomatik pasportlara malik şəxslər və üçüncü ölkə vətəndaşları üçün sərhədlərin yaxın vaxtlarda açılması ilə bağlı razılıq əldə olunub. Bu sərhəd ötən əsrin 90-cı illərində Ermənistanın Azərbaycana təcavüzü səbəbi ilə bağlanıb. Təcavüz tam bitməyib”. Ermənistan -Türkiyə sərhəddinin açılmasının guya Azərbaycana heç bir ziyanı olmayacağı barədə deyilənlər reallığı əks etdirmir. Eyni zamanda erməni tərəfi Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından çəkinməlidir. Azərbaycanla sülh sazişini imzalamalıdır. Hətta bu istiqamətdə Türkiyə Ermənistanla hava sərhədlərinin açılması ilə bağlı da addımlar atdı. Amma Ermənistan bu mənada həqiqətən də sülh müqaviləsinin bağlanması istiqamətində addımlar atmasa, o zaman sərhəddin bu şəkildə açılması müvəqqəti xarakter daşıyır. Yəni hazırda sərhədlərin açılması sadəcə yardım maşın karvanının göndərilməsi məqsədi üçün olub. Bundan başqa Zəngəzur dəhlizi təkcə Azərbaycandan və yaxud da Ermənistandan keçmir, ümumilikdə dünyanı birləşdirir. Ermənistan isə onu sabotaj edir.
Məhəmmədəli QƏRİBLİ