Ölkəmizdə Tehran rejiminin casus şəbəkəsinin ifşa edilməsi istiqamətində proses gedir. İndiyə qədər xeyli sayda şeyx, məşədi, kərbəlayi, hacı titulu daşıyan və İran casus şəbəkəsinin üzvü olan şəxslər ifşa olunaraq həbs olunub. Molla rejiminin casusları sırasında məscid axundlarının olması da diqqətdən yayınmır.
Bakıda məscidin axundu İrana casusluqda şübhəli bilinərək saxlanılıb. Bu barədə "MOUZE" teleqram kanalı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Azərbaycanda İranın casus şəbəkəsinə qarşı həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbəsində yerləşən "Məşədi Kazım" məscidinin axundu Hacı Eldar da tutulub.
Bu gün molla rejiminin casusları arasında məscid axundunun olması onu göstərir ki, rejim Azərbaycanda məscidlərə dərindən nüfuz etməyə çalışıb.
“Həbs olunan axund kimi axundları Ocaqnejati yetişdirdi...”
Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, ilahiyyatçı Tural İrfan "Bakı - Xəbər"ə şərhində “Təbii ki, İran casuslarının həbs olunması təqdirəlayiqdir, bunu alqışlayırıq. Hərçənd, biz bunu bir qədər gecikmiş saysaq da, əlbəttə dövlət, hüquq-mühafizə orqanları özləri bu işin mahiyyətini daha yaxşı bilir ki, hər şeyə vaxtında tədbir görmək lazımdır. Bu zahiri baxımdan bir qədər gecikmiş görsənir. Ona görə ki, hesabda agentlərin sayı 10 mini keçib. Şübhəsiz ki, İran ideologiyasını, əqidəsini daşıyan hər şəxs elə agentdir. Rəsmi agent deyilsə də, agent mahiyyətindədir. Bu baxımdan, görülən tədbirlər alqışlanmalıdır. Həbs edilənlərin arasında axundlar da olacaq, ola bilsin, belələri böyük dövlət vəzifələrində işləyənlərin də içərsində var. Bunu hüquq-mühafizə orqanları araşdırıb üzə çıxaracaqlar. Amma bu məsələlər dinlə bağlı olduğu üçün İran daha çox din adamlarına, dini fiqurlara önəm verib ki, insanları dini cəhətdən təsir altına ala bilsin və özününküləşdirsin. Bir qədər əvvəllər İranın Azərbaycandakı mədəniyyət mərkəzinin rəhbəri Ocaqnejat adlı bir şəxs idi, o mərkəz rəhbəri olsa da burada axundluq edirdi, cümə namazı qıldırırdı, namazlara rəhbərlik edirdi, burada moizələr oxuyurdu. O mədəniyyət mərkəzinin rəhbəri idi, amma nəyə görə ona dini fəaliyyətlə məşğul olmağa icazə verilirdi, mən o tərəfə toxunmuram. Yəqin ki, o da araşdırılar. Həbs olunan axund kimi axundları Ocaqnejat yetişdirdi, insanları onun adamları agent olmaq üçün Quma və digər yerlərə göndərib oxutdurdu. 30 ilə yaxın Ocaqnejat burada oturdu və o işlərlərlə məşğul oldu, böyük himayə, dəstək gördü, önə çəkildi, Şuşaya aparıldı, başa çıxarıldı. Bunlar nə görə edildi, niyə edildi? Yəqin ki, hüquq-mühafizə orqanları yavaş-yavaş artıq bu işin mahiyyətinə də nəzər salacaq. Hələ bu görünən tərəfləridir, budaqlarıdır, bunun kökü, gövdəsi var. Ona görə də düşünürəm ki, tamamilə kökündən qazınmalıdır, qazılmasa bu yenidən pöhrələnəcək, casus şəbəkələri yenidən yaranacaq. Bəli, saysız axundlar var, hərçənd, mən hüquq-mühafizə orqanlarının işinə qarışa bilmərəm, amma ilahiyyatçı mütəxəssis, ekspert kimi öz analizlərim var. Bu gün ölkəmizin İran casuslarından təmizlənməsinə önəm verilir. Təkcə İranın deyil, başqa ölkələrin də din pərdəsi altında casus şəbəkəsi yetişdirdiyinə şübhə etmirəm. Şiə ideologiyası, siyasi şiəlik adı altında fəaliyyət göstərən şəbəkələrdən biri də əslən fars olan Sadiq Şirazinin qruplaşmasıdır ki, onlar bizim Böyük Britaniyadakı səfirliyimizə hücum etmişdilər. Onların İran rəhbərliyinə müxalif olduğu deyilsə də, mahiyyət etibarı ilə onlar fars-sasani ideologiyasında eyni amala xidmət edirlər. Ona görə də hesab edirəm ki, ilk növbədə bu cür axundlar, əsasən cəmiyyətə nüfuz etmək səlahiyyətləri olan şəxslər zərərsizləşdirilməlidir. Deyərdim ki, axundların 80 faizə yaxını ya İran casusudur, ya da ki, birbaşa molla rejiminin siyasi-dini ideologiyasını daşıyan və təbliğ edən şəxslərdir. Bu birmənalıdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən əvvəlki idarənin təyin etdiyi axundların, demək olar ki, 100-də 100 faizi ya İran agentidir, ya İran ideologiyasını daşıyan şəxslərdir”.
T.İrfanın qeyd etdiyinə görə, hətta o dövrdə həmin şəxslərdən imtahan götürüb onları axund təyin edəndə İran müctəhidini təqlid etməyən, İran siyasi rəhbərliyinə tabe olmayan şəxsləri kənarda qoyublar. “İçi mən özüm qarışıq bizim kimilərə məscidlərdə iş vermirdilər, axund təyin etmirdilər. Ona görə bayaq dedim ki, yəqin bu məsələnin kökünə gediləndə bu məsələlər də araşdırılacaq. Yəni o axundlar həmin məscidlərə təsadüfən gedib çıxmayıblar, özbaşına gedib yerləşməyiblər, onları ora yerləşdirənlər, qoyanlar olub. Bu məsələlər kökündən araşdırılmalıdır. İranın casus şəbəkəsi çox təhlükəlidir. Onlar cildlərini dəyişiblər. Bəzi sələfi, vəhabi qruplar var ki, onlar öz cildlərində, öz formalarında görsənməyə üstünlük verirlər, açıq mübarizə aparmağa üstünlük verirlər. Amma İran şiəliyi siyasi şəbəkəsi cild dəyişərək mübarizə aparır. Bu da aldadıcı olduğu üçün bizim cəmiyyətimiz onları tanımır. Bu gün hər idarədə, hər müəssisədə, hər təşkilatda, hər toplumun içində İran casusunun olmasına şübhəm yoxdur. Birbaşa olmasa da, dolayı yolla xidmət edirlər. Hətta qadınlardan ibarət şəbəkələr var. Bu şəbəkələr, deyərdim ki, daha fəaldırlar. Qadınların vasitəsilə də İran siyasi rəhbərliyi Azərbaycanda öz maraqlarını təmin etmək üçün böyük casus şəbəkəsi qurub. Hesab edirəm ki, bu əməliyyatlar davamlı olmalıdır. İlanı yaralayıb buraxmaq olmaz. Bu mübarizə başlayıbsa axıra çatdırılmalıdır. Burada artıq xəyanəti, hansısa casusu gizlətmək, işləri yarımçıq qoymaq dövlətə xəyanət olardı. Ona görə, casusluq, xarici ölkələrə casusluq məsələsində kimliyindən asılı olmayaraq həmin şəxslərə qarşı tədbir görülməlidir. Şübhəsiz ki, bunlar əsasən məscidlərdə geniş yayılıblar. İndi Dini Komitə yeni axundlar, imamlar təyin etməsinə baxmayaraq, həmin o məscidə 30 il ərzində toplaşan o icmanın, o camaatın, ibadət üçün o məscidə toplaşanların içində 80 faiz adamlar İran təsirində olan adamlardır. Təsəvvür edin, əgər axund İran agentidirsə, demək onun moizə oxuduğu insanlar da şübhəsiz, İran ideologiyasına xidmət edən şəxslərdir. Ona görə də bu məsələnin qarşısının alınması vacibdur”-deyə T.İrfan qeyd etdi.
Əli TURABOV