Rusiyanın hazırda münasibətlərində gərginlik yaşanan hər iki ölkə - həm Azərbaycan, həm də İranla tərəfdaş, dost əlaqələri var. Məlumdur ki, Azərbaycanla İran arasında münasibətlərin səviyyəsi gərginlikdən xəbər verir. Rusiya nüvə proqramı ilə bağlı İrana qarşı qoyulan sanksiyalarda iştirak etmədi. Ukraynada müharibə başlayandan sonra isə Rusiya ilə İran arasında münasibətlər daha da yaxşılaşdı. Hazırda İran Rusiyaya müxtəlif hərbi sursatlar göndərir.
Rusiyanın Azərbaycanla da münasibətləri normaldır, hətta strateji müttəfiqlik səviyyəsinə çatıb. Maraqlıdır ki, Rusiya iki qonşu ölkə arasındakı gərginliyi azaltmaq üçün səy göstərmir, heç konkret mövqe də bildirmir.
Rusiyanın bu susqunluğunun səbəbi nə ilə izah oluna bilər?
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan və İran arasında münasibətlər kifayət qədər gərginləşib: “İkinci Qarabağ müharibəsindən sonra İran Azərbaycana qarşı ritorikanı sərtləşdirib, sərhədlərimizə yaxın hərbi təlimlər keçirib, eyni zamanda Xankəndiyə qanunsuz daşımalar həyata keçirib. Bu ilin yanvar ayında Tehrandakı səfirliyimizə silahlı hücum edilməsi isə gərginliyi pik həddinə çatdırıb.
Gözlənildiyi kimi, Azərbaycan Tehranın qərəzli siyasətinə adekvat cavab verərək, qonşu ölkəyə dəfələrlə xəbərdarlıq edib, habelə dövlətimiz əleyhinə səsləndirilən saxta ittihamlar rəsmi qurumlar tərəfindən real faktlar əsasında ifşa olunub. Bütün bunlara baxmayaraq, ermənipərəst mövqe tutan İran hakimiyyəti hələ də Azərbaycanı hədəf almağa davam edir. Münasibətlərin gərginləşməsi fonunda bəzi ölkələr İran və Azərbaycan arasında vasitəçilik təklifi irəli sürüb. Türkiyədən vasitəçilik təklifi ilə bağlı bir neçə dəfə təklif səsləndirilib. Rusiya da İran və Azərbaycan arasında münasibətlərdə vasitəçilik etmək istəyir. Moskvada iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüş zamanı Rusiya XİN başçısı Sergey Lavrov bildirib ki, Moskva Bakı-Tehran münasibətlərindəki gərginliyin müvəqqəti xarakter daşıyacağına ümid edir.
Rusiya öz maraqları üçün Azərbaycanla İran arasında vasitəçilik etmək istəyir. Azərbaycan-İran münasibətlərinin gərginləşməsi fonunda Rusiyanın vasitəçilik rolunda çıxış etmək istəyi Moskvanın maraqlarına uyğundur. Çünki onlar cənub-şimal dəhlizinin açılmasını istəyir. Bu da Azərbaycan və İrandan keçir. İranla Azərbaycan arasında hərbi münaqişə yaradacaq səviyyədə ziddiyyət yoxdur. Rusiyanın baxışına görə, münaqişə ehtimalı çox azdır. Gərginlik artacaq, müəyyən bəyanatlar olacaq, lakin münaqişəsiz ötüşəcək”.
Məhəmmədəli QƏRİBLİ