İran nə Tehrandakı səfirliyimizdə törədilən terror aktı ilə bağlı izahat verir, nə də Bakıdakı qanlı terrorla bağlı mövqe açıqlayır. Üstəlik, bu ölkənin Azərbaycan mətbuatındakı yazılarla bağlı ölkəmizə nota verməsi nonsesdir.
Martın 31-də Təbrizdəki Baş Konsulluğumuz önündə bir qrup adam etiraz aksiyası keçirib. Bu barədə “Güney Azərbaycan” Teleqram kanalı məlumat yayıb. Aksiyanın məhz azərbaycanlıların soyqırım günü keçirilməsi də düşündürücüdür, İran bununla ermənilərə də isti mesaj vermiş olur. İsraildə səfirliyimizin fəaliyyətə başlamasına etiraz bildirən “aksiyaçılar” Təbrizdəki konsulluğun dərhal bağlanmasını tələb ediblər. Eyni gündə İran XİN-in mətbuat katibi Nasir Kənani guya İran əleyhinə İsrail-Azərbaycan “iş birliyi” haqda danışaraq, rəsmi Bakıdan izahat tələb edib. Söhbət martın 30-da Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında onun israilli həmkarı Eli Kohenin “İsrail və Azərbaycan İrana müqavimət göstərmək üçün birlikdə çalışmalıdır” açıqlamasından gedir. Yəni ifadə C.Bayramova məxsus olmayıb. Azərbaycan XİN-in cavabında isə vurğulanır ki, “Azərbaycan öz ərazisindən heç vaxt üçüncü dövlətlərə qarşı istifadəyə imkan verməyib”. Ardınca ölkəmiz əleyhinə cənub qonşumuzun pislikləri Tehrandakı səfirliyimizə hücum da daxil olmaqla, bir-bir sadalanıb. Təbrizdəki konsulluğumuz qarşısında siyasi şouya gəlincə, fars rejimi nəyə nail olmaq istəyir? Bu, konsulluğa da terror hücumunun ola biləcəyinin bir anonsumu? Onsuz da məlum səbəbdən iki ölkə arasında diplomatik münasibətlər üç aydır, faktiki, dayanıb. Konsulluğun bağlanması isə ikitərəfli rəsmi əlaqələrin sıfırlanması demək olacaq. O halda ölkəmizdəki İran səfirliyinin də bir işi qalmayacaq.
İran konsulluğumuzu hədəf almaqla bunu istəyir?
Politoloq Elşən Mustafayev qəzetimizə bildirdi ki, səfirliymizə qarşı törədilən terror ssenarisinin təkrarlana biləcəyi istisna edilməməlidir: “İkincisi, konsulluğumuzu “xarici qüvvələrin İranda iğtişaşlar törətmək planının icrası üçün istifadə edilən mərkəz” kimi təqdim edə bilərlər. Azərbaycanın İsraildə səfirlik açmasından sonra konsulluğumuz yenidən hədəfə götürüldü: rəsmi Bakının bu addımına etiraz olaraq. Tehran rejimi Təbrizdəki konsulluğun qarşısında “bağlansın” tələbi ilə aksiya təşkil etdi. Ekspertlərinin dili ilə konsulluğu “şeytan yuvası” adlandırdı. Aksiyanın məqsədi “Azərbaycanı Təbrizdə də istəmirlər” görüntüsü yaratmaqdır. Lakin burada digər səbəb də var: konsulluğu Cənubi Azərbaycandakı soydaşlarımızla rəsmi Bakı arasında qeyri-rəsmi “bağ” olaraq görürlər və bunu qoparmaq istəyirlər.
Cənubi Azərbaycandakı türklərin qürurunu, əzəmətini qırmaq üçün belə bir diplomatik gediş lazımdır. Bununla da azərbaycanlı fəalların İranın dövlət siyasətinin əleyhinə çıxmaqlarını bəhanə edərək orada nə qədər düşünən beyin var onların hamısını fiziki və mənəvi cəhətdən sıradan çıxartmağa çalışacaqlar.
Eyni zamanda, Şimali Azərbaycana göz dağı vermək istəyəcəklər. Hamı bilir ki, Təbrizdə iki cüt, bir tək erməni var. Bununla belə erməni-fars birliyi Təbrizdə konsulluq açmağa hazırlaşır. Həm təbrizliləri provakasiyaya çəkmək, həm də Azərbaycana qıcıq vermək istəyir”.
Məhəmmədəli QƏRİBLİ