Ermənistanın “Hraparak” nəşri yazıb ki, Xankəndinin Azərbaycana təhvil verilməsi prosesi gedir.
Nəşr Azərbaycanın təcili tibbi yardım maşınının Xankəndiyə daxil olması, erməni xəstələrin azərbaycanlı həkimlər tərəfindən şəhərə aparılması hadisəsini prosesin başlanğıcı adlandırıb:
“Artıq Xankəndidə şəhərin Azərbaycana təhvil verilməsi haqda danışırlar. Qarabağdakı ermənilər şəhərin küçələrində Rusiya sülhməramlılarının müşaiyəti ilə Azərbaycanın təcili yardım maşınını görür və bu, onun psixoloji olaraq vəziyyəti qəbul etməsi ilə nəticələnir. Onlar düşünürlər ki, hətta ruslar da onları müdafiə etmir, Ermənistan müdafiə etmir, Qərb ölkələri də onlara əhəmiyyət vermir. Buna görə də Azərbaycanın qarşısında heç nə edə bilməyəcəklər. Bu o deməkdir ki, inteqrasiya prosesi başlayıb və Rusiya da bu prosesdə Azərbaycandan yanadır”.
Ermənilərin keçirdikləri bu narahatlığı nə dərəcədə əsaslı saymaq olar?
Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məlumatı yayan qəzet Paşinyan iqtidarına müxalif, rusyönümlü, Köçaryan, Sarkisyan cütlüyünə yaxınlığı ilə tanınır: “Onlar Paşinyanın bütün addımlarını tənqid edirlər. Təbii ki, Azərbaycan təcili yardımın Xankəndində olması kiçik bir addım da olsa, müsbət bir hadisə idi. Ermənilər bunu böyük narazılıqla qəbul etdilər. Renteqrasiya məsələsində Qarabağ ermənilərinin buna razı olmadığını ortaya qoydu. Onlar nə vaxta qədər Rusiya müdafiəsində olacaqlar, o qədər də Azərbaycana kəllə atmağa davam edəcəklər. Çünki, onların xisləti belədir. Mənim fikrimcə, renteqrasiya həm sərt, həm də yumşaq siyasət olmalıdır. Təcili yardımın göndərilməsi yumşaq siyasətdir. Amma bununla paralel sərt siyasət də davam edilməlidir. Necə ki, biz bu yaxınlarda yüksəkliklər tutduq, irəlilədik. Məncə, bu siyasət davam etməlidir. Ermənilər görməlidir ki, biz lazım olanda onlara təcili yardım, lazım olanda isə tank da göndərə bilərik. Belə olan halda renteqrasiya daha tez və sürətli olacaq”.
Ekspertin sözlərinə görə, otən ay Azərbaycan Ordusu bir sıra uğurlu əməliyyatlar icra edib: “Ordumuzun keçirdiyi əməliyyat nəticəsində Xankəndi-Xəlfəli-Turşsu yolunun nəzarətə alınması bu ərazidən qanunsuz olaraq silah daşıyan erməni separatçılarının planlarını alt-üst edib. Ordumuzun səssiz əməliyyatı erməniləri təşvişə salıb. Sosial şəbəkələrin erməni seqmentində növbəti hədəfin Xankəndi şəhəri olması barədə həyəcan təbili çalınır. Bildirilir ki, Azərbaycan digər ərazilərdə olduğu kimi, Xankəndidə də öz bayrağınvı ucaldaraq, vahid idarəçilik sistemini tətbiq edəcək.
Çünki Ordumuz bölgədə mövcud olan bütün strateji yollara nəzarət edir. Bundan sonra proses davam edəcək. Təbii ki, bu proses Azərbaycan ərazisindən sonuncu separatçı çıxana qədər davam gedəcək. Ya onların özləri çıxıb getməlidir, ya da Silahlı Qüvvələrimiz bu işi icra edəcək”.
Ekspert Qarabağda yaşayan erməni icmasının Azərbaycana inteqrasiyadan başqa çıxış yollarının qalmadığını söyləyib:
“Əslində onlar üçün ən doğru seçim də məhz budur. Çünki 1988-ci ilə qədər onlar Azərbaycan vətəndaşı olaraq yaşayıblar. Bundan sonra onlar ölkə qanunlarına tabe olaraq digər vətəndaşlarımız kimi normal yaşaya biləcərlər. Bunun əskinə olan bütün yanaşmalar artıq keçərli deyil və onların bu halda ölkə hüdudlarını tərk etməkdən başqa yolları qalmayacaq”.
Məhəmmədəli QƏRİBLİ