Maraqlıdır ki, getdikcə Ermənistanın Ukraynaya qarşı müharibədə iştirak etməsinə dair xarici KİV-lərdə yazılar artır. Artıq getdikcə daha çox xarici media orqanı buna yer verir.
Bu arada bolqarıstanın ən böyük KİV-lərindən olan ingilisdilli “Sofia Globe” nəşri yazır ki, Ermənistan Ukraynaya qarşı Rusiya-İran təcavüzünün mühüm iştirakçısıdır: “Ukraynanın enerji infrastrukturunu bombalayan, ölkəni və qonşu Moldovanı işıqsız qoyan pilotsuz təyyarələr İran İslam Respublikasından Ermənistan vasitəsilə Rusiya Federasiyasına gətirilir. İrəvandakı hakimiyyət orqanlarına malların və texnoloji yüklərin itaətkar tranzitçiləri rolu həvalə edilib. Ermənistan Moskvaya Aİ, ABŞ və Böyük Britaniya sanksiyalarından yan keçməyə kömək edir. Tehran Ermənistanın beynəlxalq və hərbi hava limanlarından İran istehsalı olan pilotsuz təyyarələri və raketləri daşıyır. Moskva artıq bir neçə aydır ki, Ukraynanın enerji və su infrastrukturuna qarşı terror hücumları üçün Ermənistan ərazisində yerləşdirilən İran pilotsuz təyyarələri və raketlərindən istifadə edir”.
“Çünki yeni dünya nizamında işğalçı dövlətlə, ona dəstək olanlar eyni anlamı ifadə edir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, bu, çox ciddi məqamlardan xəbər verir: “Ermənistanın Ukraynaya qarşı Rusiya-İran təcavüzü yanında yer alması bu dövlətin əsl mahiyyətini ortaya qoyur. Ermənistanın təcavüzkar dövlətlərin yanında yer alaraq işğalçı dövlətin bir sırada olması bizim üçün təəccüblü deyil. Çünkü biz son 30 ildə böyük güclər tərəfindən Ermənistanın alət olaraq istifadə olunduğu həqiqəti çox yaxşı dərk edirik. Adətən Ermənistan kimi heç gələcəyi olmayan dövlətlər tarixin bütün dövrlərində işğalçıların yanında yer alıblar. Ancaq belə marionet "dövlətlərin" son aqibətlərinin nə ilə nəticələnməsi hər birimizə yaxşı məlumdur. Ermənistan hal hazırda ortalıqda qalmış bir tabuta bənzəyir. Bu yaxınlarda ABŞ-da keçirilən “Demokratiya sammiti”ndə yer almaqla Birləşmiş Ştatların müttəfiqi görüntüsünü yaratmağa çalışdılar. Ardınca Ermənistanın Rusiya ilə müttəfiq münasibətlərindən danışmağa başladılar. Nonsens deyilmi? Demokratiya hara, işğalçının yanında yer almaq hara. Bütün bunları aydın şəkildə dərk etmək üçün siyasətçi olmağa gərək yoxdur. Daha aydın ifadə etsəm, Ermənistan Rusiyaya yaxınlaşanda, ABŞ tərəfindən kötəklənir. ABŞ-la yaxınlaşdıqda isə Rusiya tərəfindən cəzalandırılır. Necə deyərlər, marionet ölkə olaraq ortada qalıb. Hələ Avropanı demirəm. Ermənistan bu dövlətlərin əlində bir oyuncağa çevrilib. Elə İran məsələsində də belədir. İran Ermənistanı öz yanına çəkməklə guya Rusiya-İran-Ermənistan "müttəfiqliyi" nümayiş etdirməyə çalışır. Ona görə Ermənistan hal- hazırda gedəcəyi məkanı bilməyən bir gəmini xatırladır. Ermənistanın İranla birlikdə Ukrayna təcavüzündə yer alması hər iki dövlətin süqutu ilə nəticələnəcək. Çünkü yeni dünya nizamında işğalçı dövlətlə, ona dəstək olanlar eyni anlamı ifadə edir. Məhz bu baxımdan hesab edirəm ki, İranla Ermənistanın aqibəti eyni olacaq”.
Vidadi ORDAHALLI