İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Çinin paytaxtı Pekində saziş imzalayıblar. Çin ilk dəfədir ki, münaqişə tərəflərini barışdıran məkana çevrilib.
Adətən bu rola ABŞ və Avropa İttifaqı iddia edir. Bu səbəbdən İranla Səudiyyə Ərəbistanın qəbul etdikləri barışıq planı və bu planda Çinin yer alması Qərb paytaxtlarında və İsraildə ciddi suallar yaradıb.
Bu sazişə görə İran və Səudiyyə Ərəbistanı səfirliklərini və konsulluqlarını yenidən açmaq barədə razılaşıblar.
Sazişdə iki ölkənin qarşılıqlı inamı və əməkdaşlığı genişləndirmək, regionda təhlükəsizlik, sabitlik və rifahın yaradılmasının hədəf göstərildiyi yazılıb. İki ölkənin xarici işlər nazirləri qarşılıqlı səfər etmək barədə də razılığa gəliblər. Tehran Səudiyyə Ərəbistanı ilə barışmaqla yanaşı, 7 ildən sonra Birləşmiş Ərəb Əmirliklərinə səfirini göndərib.
İranın Səudiyyə Ərəbistanı ilə münasibətləri 2016-cı ildə pozulub. Həmin il Səudiyyə Ərəbistanında şiə din xadimləri terrorçuluq ittihamı ilə edam ediliblər. Bundan sonra Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edilib və iranlı nümayişçilər tərəfindən yandırılıb. Bu təxribata cavab olaraq Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt və Sudan İranla diplomatik əlaqələri kəsib, Birləşmiş Ərəb Əmirlikləri isə münasibətlərini müvəqqəti işlər vəkili səviyyəsinə endirib, Tehran isə bu ölkədəki səfirini geri çağırıb.
İranla Azərbaycanın da münasibətləri gərgindir. Bu konfiqurasiya bizə nə vəd edir?
Müstəqil siyasətçi Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Çinin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı və İranın arasında aprılan danışıqlar və sonda sazişin imzalanması dünyada çox ciddi geopolitik dəyişikliklər baş verdiyini göstərdi:
“ Başqa cür ifadə etsək, Çinin nüfuzu durmadan artır. Bunu Çinin rəhbərinin Moskvaya səfəri də göstərdi. Göründü ki, Rusiya Çinin kiçik qardaşı olması ilə az qala qürur duyur və ona möhtac olduğunu gizlətmir. Bunu Avropa və Asiya dövlətlərinin Çinə səfərləri də göstərdi. Xüsusilə Makronun Çinə səfəri sübut etdi ki, dünya güclərinin bir qütblü dünya yaratmaq cəhdləri uğursuzluğa məhkumdur və Çinin ətrafında ikinci qütbün yaranması etimalı çox güclüdür. Təbiidir ki, biz bi reallığı mütləq nəzərə almalıyıq. Azərbaycan Çin münasibətləri kifayət qədər yüksək səviyyədədir. Bundan sonra da, əlimizdən gələni etməliyik ki, bu münasibətlər daha da inkişaf etsin. İranın Səudiyyə Ərəbistanı ilə münasibətlərinin normallaşması və bunun İsrail tərəfdən narahatlıqla qarşılanması təbiidir. Bundan əvvəl İsrailin ərəb ölkələri ilə imzaladığı “Avraam” sazişi də narahatlıqla qarşılanmışdı. İsrailin digər ərəb ölkələri ilə də münasibətlərini düzəltmək cəhdləri davam edir. İran müsəlman dünyasını Azərbaycana qarşı qaldırmaq üçün əlindən gələni edir və bundan sonra da davam edəcək. Rusiya Ukrayna müharibəsində qeyri-müəyyənliyin artması, gərginliyi daha da artıracaq. Yaxında Azərbaycanı çox ciddi diplomatik mübarizə gözləyir. Addım-addım öz istəklərimizə nail olmalıyıq. İranla münasibıtlərdə bir qədər ehtiyatlı davranmalıyıq. Dünya dəyişir, formalaşan yeni konfiqurasiyalar bizə heç də rahat həyat vəd etmir. Tariximizin ən məsuliyyətli dönəmini yaşayırıq”.
Məhəmmədəli QƏRİBLİ