Azərbaycanla İran arasında hərbi toqquşma ehtimalı azdır bu barədə ABŞ-ın özəl kəşfiyyat və analitik nəşri “Stratfor” yazır.
Məqalədə bildirilir ki, Ermənistanla Azərbaycan arasında genişmiqyaslı hərbi əməliyyatların bərpası, eləcə də İranla Azərbaycan arasında toqquşma ehtimalı azdır.
“Stratfor” analitiklərinin fikrincə, Bakı Azərbaycan və Ermənistan arasında sülh sazişini təhlükə altına almaqda maraqlı deyil. Bununla belə nəşr qeyd edir ki, Ermənistan və Azərbaycan arasında sülh danışıqları dayandıqca, istər Qarabağın dağlıq hissəsində, istərsə də Ermənistan-Azərbaycan sərhədində münaqişənin alovlanması ehtimalı artır.
ABŞ kəşfiyyatı Azərbaycanın İran və Ermənistanla mümkün müharibəsi barədə gəldiyi rəyi nə dərəcədə əsaslı saymaq olar?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Statfor bu fikirləri - Cənubi Qafqazda olan sülh və risklərin dəyərləndirilməsinə aiddir: “ İran və Azərbaycan arasındakı genişmiqyaslı hərbi əməliyyatın olmayacağı haqqında ehtimalı, yaxud Ermənistan və Azərbaycan sərhəddində gərginliyin həm olması, həm olmaması anlamına gələn fikirlərdi. Onu qeyd etmək lazımdır ki, Ermənistan və Azərbaycan münasibətləri çərçivəsində, hətta İranla Azərbaycan münasibətlərində analitiklərin fikirləri müəyyən dairələri sakitləşdirmək üçündür. Məsələ ondadır ki, istər Qərbdə, istər ABŞ - da Azərbaycanı İranın basqılarından qorumaq çərçivəsində müəyyən bir koalisiya mövcuddur. Bu koalisiya ABŞ Dövlət Departamentində " Azərbaycanla sərhədi qorumalıyıq " çağırışını səsləndirib. Bu regionda planları pozulan bəzi dairələr, İranın Azərbaycanla gərginliyi pozisiyasını əsas götürüb Ermənistan - Azərbaycan münasibətlərində bu mərhələ üçün hər hansı güzəştə gedə bilər. Azərbaycanı müdafiə etməliyik, qorumalıyıq mesajını verən dairələri sakitləşdirməyə hesablanmış mesajlardı. Digər tərəfdən Avropa Birliyi dairələrində də İranın Ermənistanla müştərək olaraq Azərbaycana qarşı fəaliyyəti haqqında geniş danışırlar. Statfor da analitikası ilə çatdırmağa çalışır ki, belə bir şey yoxdur. Ermənistan İran cütlüyü Azərbaycan üçün heç bir hədə formalaşdırmır. Uzun müddətli də ola bilər, qısa da. Birmənalı olaraq mövcud proseslərə təsir etmək istəyənlərin informasiyadan təsir alətləri kimi nəzərdə tutulan analitikadır.
Bir il əvvəl İranın Azərbaycana qarşı genişmiqyaslı müharibəsini təsəvvür etmək qətiyyən mümkün deyildi. Lakin sürətli beynəlxalq və regional dinamika məqbul olanın hüdudları haqqında anlayışımızı dəyişir. Keçən il Tehran Rusiyanın Ukrayna üzərində qələbəsinə inandı və qərara gəldi ki, bu, yeni dünya düzənini yazacaq qalibin müttəfiqi olmaq üçün unikal şansdır. Tehran üçün bu halda regional nailiyyətlərini möhkəmləndirmək, yeni silah və texnologiyalara çıxış əldə etmək, həmçinin gəlir əldə etmək üçün görünməmiş bir fürsət pəncərəsi açıldı. Əslində, o vaxtdan bəri regional müharibədən hipotetik deyil, ehtimal olunan bir hadisə kimi danışılır. Belə bir vəziyyətdə İrandakı azərbaycanlıların necə davranacağını söyləmək çətindir, amma yəqin ki, molla rejiminə İran cəmiyyətinin bu mühüm hissəsinin sədaqətinə ümid etməyə dəyməz. Güclə söndürülməyə müvəffəq olan rejim əleyhinə kütləvi etirazlar fonunda növbəti gərginlik ocağı yaratmaq riskli addım olacaq”.
Məhəmmədəli QƏRİBLİ