Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq əməkdaşları bir qrup şəxsin İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində və dini təbliğat yolu ilə ələ alınaraq ölkə ərazisində sabitliyin pozulması istiqamətində törədəcəkləri cinayət əməllərinin qarşısının alınması məqsədilə birgə xüsusi kompleks əməliyyat tədbirləri həyata keçirib.
Bu barədə hər üç dövlət qurumu birgə məlumat yayıb.
Müəyyən edilib ki, İranda yaşayan həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif Cümşüdovu şirnikləndirci vədlər müqabilində ələ alaraq ona ölkə ərazisində silahlı iğtişaşlar törətməklə hakimiyyətin ələ keçirilməsi və Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətinin qurulması məqsədilə “müqavimətçi dəstə” yaratması barədə tapşırıqlar veriblər. Arif Cümşüdov verilmiş tapşırıqlar əsasında ətrafında olan dini radikalizmi təbliğ edən tanışları - Tərzan Qaraşov, Sənan Məmmədov, Xəqani Məmmədov və İqbal Axundovu bu işə cəlb edib. O, yaşadığı evdə mütəmadi olaraq təşkil etdiyi gizli yığıncaqlarda Rufulla Axundzadə və Bəxtiyar Bayramovun göstərişlərini həmin şəxslərə çatdırıb. Saxlanılan şəxslər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də insanların toplaşdığı mərasimlərdə İran və dini radikalizm lehinə təbliğat apararaq Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqları yerinə yetiriblər. Bu istiqamətdə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Məlum olur ki, İran Azərbaycanda çox böyük əməliyyat hazırlayırmış. Məqsəd ölkədəki dövlət quruluşunu devirmək imiş. Azərbaycan hüquq mühafizə orqanlarının ayıq-sayıqlığı, peşəkarlığı İranın mənfur planlarının həyata keçməsinin qarşısını alıb.
“İran Azərbaycanın güclənməsindən, regionun lider dövlətinə çevrilməsindən hər zaman narahat olub”
Məsələyə münasibət bildirən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin fikrincə, bütün bunların İranın əsil simasını bir daha ortaya qoyur: “Düzdür, İranın Azərbaycanla bağlı çirkin planlara malik olması bizim üçün təəccüblü deyil. Çünki İran tarixən Azərbaycana qarşı qərəzli, ədalətsiz və yaramaz bir siyasət yürüdüb. Xüsusən də Azərbaycan müstəqillik əldə edəndən bəri İran ölkəmizə qarşı din pərdəsi altında pozuculuq fəaliyyəti ilə məşğul olub. O vaxt Azərbaycan yeni müstəqillik əldə etdiyi üçün bir sıra sahələrdə boşluqlar var idi. Üstəlik, Ermənistan ərazilərimizi işğal edirdi. Belə bir mürəkkəb mərhələdə İran Azərbaycanda öz təbliğat şəbəkəsini qurmağa başladı. Bir sıra gənclər təsir altına salınaraq İranın dini məktəblərinə yönəldildi. Bütün bunlarda məqsəd o idi ki, Azərbaycanda özlərinə oxşar dini dövlət qursunlar. Aparılan yaramaz siyasətin nəticəsində belə bir terrorçu qruplar formalaşdırılıb. Nə yaxşı ki, Azərbaycanın müvafiq hüquq-mühafizə orqanlarının peşəkarlığı və operativliyi onların planlarının qarşısını zamanında ala bilib. Belə olmasaydı, o zaman bu, ölkəmizdəki siyasi sabitliyə mənfi təsir edərdi. Biz nəzərə almalıyıq ki, İran dövlət səviyyəsində terroru himayə edir. Belə bir dövlətdən nə desən gözləmək olar. Ən başlıcası, İran Azərbaycanın güclənməsindən, regionun lider dövlətinə çevrilməsindən hər zaman narahat olub. İranda milyonlarla soydaşımız yaşayır. Molla rejimi böyük Azərbaycanın yaranmasından narahatdır”.
Vidadi ORDAHALLI