Ermənistandan daha bir rəsmi etiraf. Məsələ ondadır ki, 44 günlük Vətən müharibəsi bitən kimi, Ermənistan Baş naziri Nikol Paşinyan ordudakı kütləvə fərarilikdən bəhs etdi. Paşinyan qeyd etdi ki, müharibə vaxtı fərari sayı 10 min nəfər olub.
Bu günlərdə isə Paşinyanın həyat yoldaşı Anna Akopyan müharibədə 11 min hərbçinin fərarilik etdiyini qeyd etdi. Ancaq bu arada Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri, hakim partiyanın təmsilçisi Andranik Köçəryan fərari sayının deyilən rəqəmlərdən də çox olduğunu qeyd edib. A.Köçəryan bəyan edib ki, 44 günlük müharibə zamanı Ermənistan ordusundan fərarilik edən hərbçilərin sayı 11 min nəfərdən çoxdur: “Qısa zamanda tələsik qismən səfərbərlik keçirilirdi və heç də hər kəs təyinat yerinə çatmırdı. Ora çatanlara isə həmişə hamını bir yerə yığmaq müəssər olmurdu. Bununla bağlı minlərlə cinayət işimiz var. Problem indi istintaq orqanlarında araşdırılır”. A.Köçəryan müharibəni araşdıran parlament komissiyasının fərari sayının 12 min olduğunu araşdıracağını qeyd edib.
“Bununla Paşinyan hakimiyyəti revanşistlərə mesaj verir ki, ermənilər Qarabağ uğrunda döyüşmək istəmir”
Məsələyə münasibət bildirən Yeni Yol Partiyasının sədri Ramil Hüseynov hesab edir ki, rəsmi səviyyədə belə etiraflar çox ciddi məqamlardan xəbər verir: “Bu, əslində o deməkdir ki, müharibə dövründə fərari sayı qeyd edilən rəqəmlərdən də çoxdur. Aradan hardasa iki il yarım vaxt keçib. Ermənistan rəsmiləri ilk dövrlərdə fərari sayının daha böyük olduğunu bəyan etsəydilər, bu, ölkədə ciddi çaxnaşma yarada bilərdi. Xüsusən də revanşist qüvvələr bundan məharətlə Paşinyana qarşı istifadə edərdilər. Görünən odur ki, sular durulduqca, bir sıra məsələlər gün üzünə çıxır. Nəzərə almaq lazımdır ki, Azərbaycan qəflətən Ermənistana qarşı müharibə elan etməyib. Ərazilərimiz işğal altında olduğu və danışıqlar nəticə vermədiyi üçün müharibə gözlənilən idi. Bunu Ermənistan tərəfi də bilirdi. Üstəlik, 2019-cu ilin avqustunda Paşinyan “Qarabağ Ermənistandır” deyəndə de-fakto danışıqlara nöqtə qoydu. Bu baxımdan Ermənistan ordusunda kütləvi fərarilik onu göstərir ki, onlarda motivasiya olmayıb. Çünki özgə dövlətin ərazisini işğal ediblər. Bu isə o deməkdir ki, onlar boş yerə ölmək istəməyiblər. O üzdən, çıxış yolunu kütləvi fərarilikdə görüblər. Bununla Paşinyan hakimiyyəti revanşistlərə mesaj verir ki, ermənilər Qarabağ uğrunda döyüşmək istəmir. İstintaq prosesinin davam etməsi ona işarədir ki, müharibə vaxtı fərarilərin sayı əslində daha çox olub. Bu baxımdan hesab edirəm ki, sözügedən məsələnin yenidən aktuallaşması təsadüfü deyil”.
Vidadi ORDAHALLI