Azərbaycan Xarici İşlər Nazirliyi bu günlərdə iki dəfə Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti ilə bağlı rəsmi bəyanat verib.
Ən son Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 3-də Bakıda Avropa Xarici Fəaliyyət Xidmətinin Şərq Tərəfdaşlığı məsələləri üzrə xüsusi nümayəndəsi Dirk Şubellə görüşdə bəyan etdi ki, Avropa İttifaqının Ermənistandakı missiyasından Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xələl gətirmək üçün bəhanə kimi sui-istifadə edilməsi yolverilməzdir. Nazir Ermənistanın öhdəliklərindən boyun qaçıraraq davamlı hərbi-siyasi təxribatlar törətməsinin, mina təhdidini davam etdirməsinin sülh quruculuğu prosesinə xələl gətirdiyini diqqətə çatdırıb. C.Bayramov onu da bildirib ki, son dövrlərdə Ermənistan tərəfindən törədilən təxribatlar intensivləşib: “Bunun Aİ-nin Ermənistandakı missiyasının mövcudluğu dövrünə təsadüf etməsi narahatlıq doğurur”.
Bundan əvvəl də Azərbaycan XİN-i sərt bəyanat yaymışdı. Bəyənatın məzmunu ondan ibarət idi ki, Azərbaycan Aİ missiyasının daha obyektiv yanaşacağını gözləyirdi. Ancaq onlar Ermənistanın bu missiyanın mövcudluğundan vəziyyəti gərginləşdirməkdə vasitə kimi istifadə etməsinin qarşısını almırlar.
Ümumiyyətlə, Azərbaycan Aİ-nin Ermənistandakı missiyasının fəaliyyətinə qarşı ciddi ittihamlarla çıxış edib. Ciddi şübhələr var ki, Ermənistan öz təxribatlarını bu missiyanın varlığı ilə ört-basdır etsin. Ancaq Azərbaycanın Aİ missiyasının fəaliyyəti ilə bağlı yaranmaqda olan bu şübhələrlə bağlı mövqeyinə hələ də Avroittifaq ölkələrindən, o cümlədən sözügedən monitorinq missiyasından heçbir reaksiya gəlməyib. Qəribəsi həm də odur ki, Aİ-nin Azərbaycanla çox yaxın olan ölkələrindən də bir reaksiya yoxdu. Halbuki, həmin ölkələr Azərbaycanın enerji siyasətinin mühüm tərəfdaşlarından sayılırlar. Məsələn, İtaliya. İtaliya Avropaya ixrac olunan Azərbaycan qazının əsas alıcısıdır. Azərbaycanla geniş iqtisadi-ticarət əlaqələrinə malik olan digər Avropa dövlətləri də Ermənistandakı Aİ missiyasının fəaliyyəti ilə bağlı yaranmış şübhələrə, onun fəaliyyətinin lazım olmayan sahələrə yönəlməsinə bu günə qədər reaksiya verməyiblər.
“Bu səbəbdən Ermənistanın təxribatlarına göz yumurlar və Azərbaycanın etirazlarına izahat vermirlər”
Sözügedən məsələyə aydınlıq gətirən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı bunu bir sıra Aİ üzvlərinin qurumda siyasi passivliyi ilə əlaqələndirdi: “Əvvəla, Avropa İttifaqı 27 dövlətdən ibarət olsa da bunların hamısı fəal deyil. Qurumun aparıcı dövlətləri Fransa və Almaniyadır. Bütün bunların da arxasında Fransa dayanır. Çünki biz 44 günlük Vətən müharibəsində Fransanın əsil simasını gördük. Fransa əvvəl ATƏT-in Minsk Qrupunda bizə qarşı gizli fəaliyyət göstərirdisə, müharibədən sonra prezident səviyyəsində açıq fəaliyyətə keçdi. Daha sonra Fransa çalışdı ki, Aİ səviyyəsində Azərbaycana qarşı fəaliyyət göstərsin. Xüsusən də Aİ-nin sərhəddə fəaliyyət göstərən monitorinq missiyası sırf ermənipərəstdir. Aİ missiyası monitorinqə gələndə hazır tapşırıqla gəlir. Ermənistanda fəaliyyət göstərən Aİ-nin monitorinq missiyası xüsusi tapşırıqla gəlib. Bu səbəbdən Ermənistanın təxribatlarına göz yumurlar və Azərbaycanın etirazlarına izahat vermirlər. Sırf ermənipərəst fəaliyyətlə məşğuldular. Azərbaycan da haqlı olaraq buna etiraz edir. Çünki obyektiv monitorinq aparmaq üçün hər iki tərəfin rəyi nəzərə alınmalıdır. Birtərəfli monitorinq obyektiv ola bilməz. Bunlar istəyir ki, sərhəddə baş verən istənilən insidentin günahını Azərbaycanın üstünə atsınlar. Ona gör də bütün bunların arxasında Fransa dayanır. Böyük Britaniya Aİ-ni tərk edəndən sonra Fransanın ölkəmizə qarşı təxribatları artıb. Əfsuslar olsun ki, İtaliyanın bu məsələlərdə seyirçi qalmasının səbəbləri bizə məlum deyil. Bəlkə də İtaliya Aİ-dən çox subsidiya aldığına görə susur. Yəni, Fransa və Almaniyaya qarşı getmək istəmir. İstənilən halda Azərbaycanla yaxın tərəfdaş olan ölkələr buna qarşı olmalıdılar”.
Vidadi ORDAHALLI