Çox maraqlıdır ki, son vaxtlar Ermənistanda Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyasının məqsədəuyğun olmadığı barədə fikirlər artır. Erməni rəsmiləri arasında Rusiya amilinə önəm verənlər artır.
Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin Ermənistana səfər edəcəyi halda İrəvanın onu Beynəlxalq Cinayət Məhkəməsinin orderi ilə həbs etmək niyyəti və istəyi yoxdur: “Biz Rusiyanın səsləndirdiyi narahatlıqları eşitdik və düşünürəm ki, Roma Nizamnaməsi ilə bağlı gələcək prosesin təmin edilməsinin Ermənistan və Rusiya arasında strateji münasibətlərə xələl gətirməməsini təmin edə biləcəyik. İrəvan Moskva ilə müqavilə bağlaya bilər və bu zaman Roma Əsasnaməsi iki ölkə arasındakı münasibətlərə təsir göstərməyəcək”.
Bu arada ən çox Rusiyanı tənqid edən Ermənistan parlamentinin sədri Alen Simonyan da bunun ratifikasiyasına qarşı çıxıb: “Məncə, Ermənistanın Roma Əsasnaməsini tez bir zamanda ratifikasiya etməsinə ehtiyac yoxdur. Bilirsiniz, bu, Rusiyaya qarşı heç də müsbət addım deyil. Onun mənasını və səmərəliliyini anlamıram. Fikrimcə, bu gün belə bir addım atmaq düzgün deyil”.
Maraqlıdır, bununla bağlı Ermənistan hakimiyyətində nə baş verir?
“Tam əminliklə deyirəm ki, bu, Qərbdən verilən təlimat idi”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə Ermənistanın geri addım atmasını bir sıra amillərlə əlaqələndirdi: “Əvvəla, Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma statusunu ratifikasiya etməsinə qarşı parlamentin sədrinin çıxması əsasən Moskvadan sərt mövqe sərgiləməsi ilə bağlıdır. Məsələ ondadır ki, Rusiya prezidenti Vladimir Putinin həbs orderi veriləndən dərhal sonra Paşinyan hakimiyyəti Ermənistanın BCM Roma statutunu ratifikasiya edəcəyini vurğuladı. Belə bir qərarın zamanlamasına baxsaq görərik ki, bu, əsla təsadüfi deyil. Ona görə də, hesab edirəm bu, Kremlə vurulan şillə idi. Çünki bugünə kimi niyə Ermənistanın yadına BCM düşmürdü? Nə oldu ki, Ermənistan hakimiyyəti bunu gündəmə gətirdi? Tam əminliklə deyirəm ki, bu, Qərbdən verilən təlimat idi. Paşinyan da buna getməklə Qərbə göstərdi ki, Putinə qarşıdır. Zatən iki ölkə münasibətləri gərgindir. Moskvada da bunu anlayırlar və İrəvanın bu siyasətinə qarşı hərəkətə keçiblər. Belə bir məqamda erməni rəsmiləri manevr edərək geri addım atır. O üzdən Simonyan bu açıqlamanı verib. Ümumiyyətlə, Ermənistan hakimiyyətinin əsas hədəfi Rusiyadan uşaqlaşmaq və Putinin izolyasiyasına xidmət etməkdir. Bunun nə qədər effektli olacağı şübhə doğurur. Rusiyanın Ermənistana ciddi təzyiqlər etməsi və sanksiyalar tətbiq etməsi mümkündür”.
Vidadi ORDAHALLI