Beynəlxalq məsələlər üzrə iranlı ekspert Mehdi Xorsand erməni mediasına müsahibəsində deyib: “Azərbaycan Ermənistanın Zəngəzur bölgəsində hər hansı addım atmağa cəhd etsə, bu, şübhəsiz ki, İrana zərər verəcək və Tehran susmayacaq.
Cənubi Qafqaz regionunda proseslərin inkişafı təkcə Ermənistan və Azərbaycan arasında deyil, daha geniş formatda müzakirə edilməlidir. Çünki bu məsələdə regional – Türkiyə, Rusiya, İran və regiondankənar – Fransanın rəhbərlik etdiyi Avropa Birliyi, İsrail və bir qədər də ABŞ iştirak edir. Onların hər biri öz rolunu oynayır”.
Bu sadəcə ekspert fikridi, yoxsa İran dövlətin marağını əks etdirir?
Siyasi şərhçi Sahil Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İran rəsmilərinin və ya digər siyasilərin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı səsləndirdiyi hər hansı fikir ölkəmizin daxili işlərinə qarışmaq, müstəqilliyinə və suverenliyinə hörmətsizlikdir: “Tehran o halda bölgədə gedən proseslərə qoşula və ya mövqe bildirə bilər ki, baş verənlərin İrana aidiyyəti olsun. Hazırda söhbət Ermənistanla Azərbaycan arasında sülh danışıqlarından, münasibətlərin normallaşmasından və gələcək perspektvlərdən gedir. Bu, İrəvanla Bakının cavabdeh olduğu məsələdir. İranın və ya hər hansı üçücü, dördüncü ölkənin prosesə qoşulmaq istəkləri qəbuledilməzdir. İran siyasətçisinin açıqlamaları məsuliyyətsiz və avantürist bəyanatlardır. Şübhə yoxdur ki, bu onun deyil, İran dövlətinin mövqeydir. Bütün bunlar təxribatdır və bölgədə vəziyyəti gərginləşdirmək məqsədi daşıyır. Çünki hazırkı dövrdə Cənubi Qafqazda yeni müharibə ocağı yaratmaq İrana sərf edir. Azərbaycanın regionda yaranan yeni reallıqlar, qətiyyətli söz sahibi olması, əlbəttə ki, molla rejiminin yuxusunu ərşə çəkib. Azərbaycan heç vaxt olmadığı kimi müstəqil və milli maraqlara tam cavab verən qətiyyətli siyasət yürüdür. Əlbəttə ki. bu, İran, Rusiya, Fransa və digər maraqlı ölkələri qıcıqlandırır. Zəngəzur dəhlizi məsələsinə gəldikdə isə, üçtərəfli bəyanatdan irəli gələn bütün öhdəliklərin yerinə yetirilməsi şərtdir. Azərbaycan dövlətinin mövqeyi məlumdur. Zəngəzur dəhlizi nəyin bahasına olursa olsun açılacaq. Ya xoşluqla, ya da zorla. Çünki İrəvan üzərinə öhdəlik götürüb. Eyni zamanda Zəngəzur dəhlizi təkcə bölgə ölkıələrinin deyil, bütün dünyanın marağında olan nəhəng layihədir”.
Qeyd edək ki, bir neçə gün əvvəl erməni politoloq Stepan Danielyan da bənzər bəyanatla çıxış edib. O deyib ki, Azərbaycan Zəngəzura daxil olsa, İran bizim fikrimizi nəzərə almadan da Ermənistana daxil olacaq”.
O qeyd edib ki, təbii olaraq bunun legitim əməliyyat olması arzuolunan olar, amma belə bir şey olarsa, İran daxil olacaq, ola bilsin Naxçıvana da daxil olsun, bəlkə burada İran-Türkiyə müharibəsi variantı da ola bilər:
“İranın başqa çarəsi yoxdur, çünki İran Ermənistanı sevərək belə davranır, çünki bu onun üçün prinsipial əhəmiyyət kəsb edir və azərbaycanlıların rolunu nəzərə alaraq ölkənin varlığını qoruyur, geosiyasi baxımdan da bu onun üçün Qara dənizə çıxışdır”.
Görünən budur ki, Zəngəzurla bağlı məsələdə dirəniş göstərməkdə İranla Ermənistan birgə hərəkət edir.
Məhəmmədəli QƏRİBLİ