Ermənistan prezidenti Vaaqn Xaçaturyan İsveç parlamentinin İsveç-Ermənistan dostluq qrupunun rəhbəri Byorn Syoderin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə respublika Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Ermənistanın İsveçdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Arzumanyan, xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan və deputat Hripsime Qriqoryan iştirak edib. Ermənistan prezidenti qonaqları salamlayaraq, Ermənistan-İsveç parlamentlərarası əlaqələrinin dinamik inkişafının vacibliyini vurğulayıb:
“Ermənistan Respublikası hökumətinin, hakimiyyətinin arzusu birdir: regionda sülhün bərqərar olması və danışıqlar yolu ilə Azərbaycanla yekun sülh sazişinin bağlanması”. Prezident Vaaqn Xaçaturyan regional reallıqlara toxunub, üç aydan artıqdır davam edən humanitar Laçın dəhlizinin Azərbaycan tərəfindən güya blokadaya salınması barədə İsveç parlamentarilərinə məlumat verib.
Respublika Prezidenti Cənubi Qafqazda sabit və davamlı sülhün bərqərar olması perspektivindən danışaraq, Ermənistanın qonşularla ilkin şərt olmadan mehriban qonşuluq münasibətləri qurmaq, kommunikasiyaların qarşısının alınması və sərhədlərin açılması mövqeyinə sadiq olduğunu vurğulayıb.
Göründüyü kimi, Ermənistan prezidenti heç bir ilkin şərt olmadan ölkəsinin sülh sazişişini imzalamağa hazır olduğunu bəyan edir. Ancaq baş nazir Paşinyanın irəli sürdüyü yersiz şərtlərə görə sülh sazişinin imzalanması yubanır. Belə çıxır ki, Ermənistan prezidenti ilə baş nazir arasında sülh sazişinin imzalanmasına görə prinsipial fikir ayrılığı var?
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanda prezident formal xarakter daşıyan vəzifədir: “Onun əlində heç bir real səlahiyyət yoxdur. Sabiq prezident Armen Sarkisyanla Paşinyan arasında olan fikir ayrılıqları prinsipial idi. Bu aydın hiss edilirdi. Hətta onlar bir-birinin qərarlarını da ləğv edirdilər. Məhz bu səbəbdən də Sarkisyan vaxtından əvvəl prezidentlikdən istefa verdi. Onun yerinə Paşinyan öz yaxın adamını vəzifəyə gətirdi. Yeni prezident sırf Paşinyan komandasının adamı sayılır. Onun belə vacib məsələdə Paşinyana qarşı getməsi heç də inandırıcı görünmür. Əslində elə o da məsələyə münasibətini diplomatik tərzdə ifadə edir. Ölkəsinin sülh istədiyini bəyan edir. Bu fikirləri Paşinyan da deyir, ancaq əməldə tam fərqli mövqe ortaya qoyurlar. Burada diqqət çəkən məsələ onun “heç bir ilkin şərt olmadan” ifadəsini işlətməsidir. Ermənistan bütün şərtləri pozduğu, özünə sərf edən yeni şərtlər diqtə etdiyi üçün belə vəziyyət yaranıb, sülh sazişi gecikir. Prezidentin bu sözlərini bir manevr kimi də dəyərləndirmirəm. Çünki hamı gözəl bilir ki, o, Paşinyana qarşı gedə biləcək iradəyə və gücə sahib deyil. Ermənistan dövlət qurumları arasında bir-birilə uzlaşmayan bəyanatlara şahid oluruq. Bu məsələni həmin rabitəsizlik kontekstindən dəyərləndirə bilmərik. Sadəcə, fikirlərin ifadəsində, cümlə quruluşlarında bir qədər fərqlilik bu mənzərəni yaradıb. Biz bu yeniliyi, “novatorluğu” əməllərdə görmək istərdik.
Məhəmmədəli QƏRİBLİ