Millət vəkili Fazil Mustafaya qarşı törədilən sui-qəsdlə bağlı 6 nəfər saxlanılıb. “Trend”in əldə etdiyi xəbərə görə, cinayət işi üzrə 6 nəfərin saxlanıldığı və digər şəxslərlə bağlı araşdırmaların aparıldığı məlum olub.
Saxlanılan şəxslərin kimliyi də məlum olub. İlkin məlumata görə, hücumun təşkilatçısı Səricanov Azər Kamran oğludur.
O, 1976-cı ildə Salyan rayonunda anadan olub. Şiə məzhəbli dindar şəxsdir, 2010-2019-cu illər aralığında 11 dəfə İrana səfər edib. 1993-2002-ci illərdə Qum şəhərində yaşamaqla orada təhsil alıb, təhsil aldığı müddətdə İran İslam Respublikasının xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunub. Azərbaycana qayıtdıqdan sonra İran xüsusi xidmət orqanlarının maliyyə dəstəyi ilə xeyriyyəçilik adı altında ölkədə biznes fəaliyyəti qurub. Sonrakı müddət ərzində dəfələrlə İrana səfərlər edib. İran xüsusi xidmət orqanlarından aldığı sifariş əsasında məlum cinayətin törədilməsinin maliyyə və təşkilatı işlərini təmin edib.
Deputata atəş açan Şirinov Səbuhi Vəliyəddin oğludur. 1986-cı ildə Ağdam rayonunda anadan olub. Şiə məzhəbli dindar şəxsdir. 2017-2022-ci illər aralığında 15 dəfə İrana səfər edib. Orada olduğu müddətdə İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunub və döyüş hazırlığı keçib. Azər Səricanovdan aldığı təlimat əsasında məlum cinayəti icra edib.
Dəstənin digər üzvləri isə bunlardır:
Əsgərov Elşad Tofiq oğlu 1983-cü ildə Bakı şəhərində anadan olub. Şiə məzhəbli dindar şəxsdir, 2013-2018-ci illər aralığında 9 dəfə İrana səfər edib. Əliyarov Emin Rafiq oğlu 1970-ci ildə Bakı şəhərində anadan olub. Şiə məzhəbli dindar şəxsdir, 2004-2015-ci illər aralığında 3 dəfə İrana səfər edib.
Hər iki şəxs Fazil Mustafaya qarşı terrorun törədilməsinin təşkilində Azər Səricanova köməklik göstərib.Saxlanılanlar arasında İranda gizlənərək deputat Fazil Mustafaya onu terrorla öldürəcəkləri barədə təhdid ünvanlamış Hüseynov Hüseyn Ramiz oğlunun qardaşı Hüseynov Həsən Ramiz oğlu da var.
Belə ki, Həsən Hüseynov Tural Məmmədova İran xüsusi xidmət orqanlarının tapşırıqlarının icrası müqabilində pul vəsaitlərinin göndərilməsini təşkil edib (Tural Məmmədov xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycanda güdmə, tapşırılan ünvanların gizlin videoçəkilişlərini apardığına görə hava məkanında obyektlərin hərəkət trayektoriyası müşahidə edən İrandan göndərilmiş xüsusi qurğu ilə həbs edilib).
Məlum olub ki, Həsən Hüseynov terrorçuluğa cəhd və dövlətə xəyanət əməllərinə görə İranda gizlənən İsgəndər Hüseynovun qardaşı oğludur.
Qeyd edək ki, 28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.