Dağ-Gorunzur (Tex-Kornidzor) ərazisində Azərbaycan və Ermənistan nümayəndələri arasında görüş baş tutub. Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, nümayəndələr sərhədin dəqiqləşdirilməsi üzrə işlər aparıb, nəticədə bu seqmentdə vəziyyət xeyli yaxşılaşıb:
“Hazırda ərazidə işlər davam etdirilir və nəticəsi barədə əlavə məlumat veriləcək”.
Sərhədlərin dəqiqləşməsi ilə bağlı vasitəçilərsiz, birbaşa təmasların olduğu üzə çıxır. Bu format irəliləyişə səbəb ola bilərmi?
Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələlər təkcə Ermənistanla Azərbaycana buraxılsaydı, çoxdan hər bir məsələ həll edilərdi: “Ancaq təəssüf, ortada maraqlı, Ermənistana havadarlıq edən qüvvələr var. Onlar da imkan vermirlər ki, məsələ həll olsun. Bunun da başının üstündə Rusiya durub. 30 ildir bu məsələnin ortada olmasının maraqlı tərəfi Ermənistanla bərabər Rusiyadır. Ermənistan Rusiyanın dəstəyi ilə ərazilərimizin bir hissəsini işğal etməyə müvəffəq olub. İndi də Rusiya məsələni dondurur, ən azı 30 il uzatmaq istəyir, ərazidə mövcudluğunu qorumağa çalışır. Bundan əvvəl də deyənlər var idi ki, Azərbaycanla Ermənistan özləri məsələləri həll etməyi bacarmalıdırlar. Hətta bu cür ifadələr xaricdən də səsləndirildi. Amma bəzən belə ifadələr səmimi olsa da, bəziləri özündə qeyri-səmimiyyət daşıyırdı. Mən düşünmürəm ki, Rusiya həqiqətən maraqlı bu problemləri Azərbaycanla Ermənistanın öz aralarında həll etməsində maraqlıdırlar. Amma istənilən halda, hansısa məsələdə Azərbaycanla Ermənistan üz-üzə gəlib danışıqlar apara bilirsə, mənim fikrimcə, gələcəkdə daha böyük məsələlərdə razılaşa bilərlər. Bu format sülh müqaviləsinin bağlanmasında da Azərbaycan- Ermənistan münasibətlərinə öz müsbət təsirini göstərə bilər”.
Birbaşa təmasların üstünlüyü barədə danışan politoloqa görə, vasitəçilər gündəmə öz maraqlarını da gətirə bilərlər: “Rusiyanın Cənubi Qafqazda yeganə marağı yaxın xaricdə öz dominantlığını saxlamaqdır, Azərbaycanla Ermənistan arasında sülh isə Putinin məqsədlərinə xidmət etmir. Azərbaycan və Ermənistan 2020-ci ildəki müharibədən sonra əlaqələrini bərpa etməyə çalışırlar. Dəfərlərlə həm Azərbaycan, həm də Ermənistan rəhbərləri və dipolmatları Qərb, Rusiya tərəfinin vasitəçiliyi ilə görüşüblər. Tərəflərin arasında Gürcüstanın da vasitəçilik addımları məlumdur.
Rusiyanın Ukraynaya müdaxiləsindən sonra bu proses bir qədər də sürətlənib. Azərbaycan və Ermənistan liderləri artıq bir neçə dəfə Rusiya və Avropada görüşüblər. Vasitəçilərin cəlb olunması Bakı və İrəvan üçün “məsuliyyətin bölüşdürülməsi” deməkdir. Onlar təkbətək danışanda müəyyən kompromislərə görə məsuliyyət daha çox danışıqlar tərəflərinin üzərinə düşür.
ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel martın 27-də ənənəvi brifinq zamanı Birləşmiş Ştatların Dağlıq Qarabağdakı son vəziyyətdən narahat olduğunu və davamlı sülh naminə birbaşa dialoqa çağırdığını bildirib.
O, ABŞ-ın Ermənistan-Azərbaycan sülh danışıqlarına sadiqliyini vurğulayıb: “Dövlət katibinin dəfələrlə dediyi kimi, birbaşa dialoq bu problemi həll etmək və davamlı sülhə nail olmaq üçün açardır. Bu münaqişənin hərbi yolla həlli yoxdur. Biz Ermənistan və Azərbaycan arasında ikitərəfli, eləcə də tərəfdaşlarla çoxtərəfli təşkilatlar çərçivəsində müzakirələrə kömək etməyə davam edəcəyik”.
Xatırladaq ki, martın 1-də Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinləri ilə təmaslar üzrə məsul şəxs olan Milli Məclisin deputatı Ramin Məmmədov Xocalı şəhərində Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.
Məhəmmədəli QƏRİBLİ