10/06/2023 08:47
728 x 90

Paşinyan Laçın yolunun girişinə Ermənistan sərhədçilərini gətirir - Azərbaycanın nəzarət postu reallaşır...

Afsəddin Nəbiyev: “Belə olacağı halda qarşılıqlı etimadın yaradılması üçün münbit şərait yarana bilər”

img

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib ki, İrəvan Bakıya sərhəd qoşunlarını Laçın yolunun girəcəyinə yerləşdirməyi təklif edib. O deyib ki, Ermənistan-Azərbaycan sərhədində, Laçın yolunun girəcəyində silahlı qüvvələrin bölmələrinin əvəzinə Ermənistan sərhəd qoşunları yerləşdiriləcək və bu barədə İrəvan Bakını məlumatlandırıb.

Paşinyan bununla bağlı arqumentlərini belə əsaslandırıb: “Dünən biz Azərbaycana məlumat vermişdik ki, Ermənistandan Laçın yoluna birləşən yol tam hazır olmadığı üçün Kornidzor körpüsündən  (Gorunzur – Zəngəzurda yaşayış məntəqəsi) sonra yol yalnız Ermənistan ərazisindən keçməklə davam edəcək. Ermənistanın sərhəd qoşunları bu hissədə dövlət sərhədinin mühafizəsini təmin edəcək. Sərhəd qoşunları bu əraziyə Ermənistan Müdafiə Nazirliyinin bölmələrinin yerləşdiyi mövqelərdə yerləşdiriləcək. Biz orada silahlı qüvvələrin bölmələri əvəzinə sərhəd qoşunlarını yerləşdirmək niyyətindəyik. Eyni təkliflə biz Azərbaycana da üz tutmuşuq”.

Belə görünür ki, Ermənistan Laçın yolunun başlanğıcında Azərbaycanın nəzarət-buraxılış məntəqəsi yaratmaq istəyini qəbul edəcək.

  • “Bu gün Gürcüstan, Rusiya və digər dövlətlərin vətəndaşları ölkəmizə daxil olarkən hansı proseduralar tətbiq olunursa...”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyev buna bir neçə aspektdən yanaşdı: “Əvvəla, Paşinyan hökumətinin Ermənistanla  Azərbaycanın sərhəd tənzimlənməsi təklifi, əslində yenilik deyil. Bu məsələ beynəlxalq hüququn qanunları əsasında tənzimlənməlidir. Azərbaycan dövləti öz suveren ərazisində, sərhəd keçid və yaxud gömrük nəzarəti məntəqələri  təşkil edə bilər. Sərhəd nəzarət-buraxılış məntəqəsinin birinin də ermənilərin bizim ərazilərimizə daxil olduğu Laçın yolunun üzərində qurulması istisna olunmur. Təbii ki, bu keçid məntəqəsinə Azərbaycanın Sərhəd Qoşunları ilə bərabər, eyni zamanda gömrük orqanlarımızın əməkdaşları nəzarət etməlidir. Son zamanlar erməni ekspertləri artıq etiraf etməyə başlayıblar ki, hər iki tərəf arasında sülhün təmin olunması üçün məhz ilkin olaraq bu addımlar atılmalıdır. Belə olacağı halda qarşılıqlı etimadın yaradılması üçün münbit şərait yarana bilər. İstər Kornidzor yolu, istərsə başqa yollar olsun, bütün yollara nəzarəti Azərbaycan dövləti həyata keçirəcək. Bunun başqa alternativi yoxdur. Dünyada  dövlətlərin ərazilərinə daxil olma və çıxma haqqında qəbul olunmuş bir sıra beynəlxalq konvensiyalar mövcuddur. Bu konvensiyaların əsas məğzi dövlətlərin öz sərhədlərinin təhlükəsizliyini təmin etməyi özündə ehtiva edir. Yəni bu gün Gürcüstan, Rusiya və digər dövlətlərin vətəndaşları ölkəmizə daxil olarkən hansı proseduralar tətbiq olunursa, Ermənistandan ərazilərimizə daxil olan ermənilərə də eyni qanunlar tətbiq olunacaq. Bu bütün dünyada belədir. Ona görə də ermənilər bu həqiqəti nə qədər tez dərk edib, bu qanunlara əməl etsələr bir o qədər onlar üçün də yaxşı olar”.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər