Ermənistanın “Milli Təhlükəsizlik Xidmətinin Ehtiyatda olan Zabitlər İttifaqı” ictimai təşkilatı bəyanat yayaraq, respublikanın hakimiyyət orqanlarından KTMT-dən yardımın qəbulu ilə bağlı sənədlər paketini imzalamağı və lazım gələrsə, Ermənistan-Azərbaycan sərhədi boyunca təşkilatın qüvvələri yerləşdirilsin.
Bəyanatın əsas müəllifləri Ermənistanın baş kəşfiyyat xidmətinin keçmiş yüksək rütbəli zabitləridir. Müraciət müəllifləri qeyd edirlər ki, 2022-ci ilin noyabrında baş nazir Nikol Paşinyan KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) İrəvana yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında sənəd layihəsini imzalamaqdan imtina edib. Lakin bundan sonra həm KTMT-nin baş katibi, həm də Rusiyanın xarici işlər naziri bəyan etdilər ki, KTMT missiyasının yerləşdirilməsi planı hələ də masadadır və o, 1-2 gün ərzində işə salına bilər.
Belə bir müraciətin meydana çıxması təsadüfi deyil. Xüsusən də indiki situasiyada.
Maraqlıdır, Ermənistan buna gedə bilərmi? Yəni bununla bağlı KTMT-yə müraciət edə bilərmi? Ermənistan-Azərbaycan sərhədi boyunca KTMT sülhməramlıları yerləşdirilsə, bunun Azərbaycan üçün nə kimi nəticələri olar?
“KTMT qüvvələri sərhədə gətrilsə, bu, Aİ-nin monitorinq missiyası ilə gərginliyin yaranmasına yol açacaq”
Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmlinin fikrincə, Paşinyanın indiki halda buna gedəcəyi real görünmür: “Əvvəla bu, Rusiyadan gələn təlimatdır. Rusiya Ermənistanda təsiri altında olan qüvvələrə təlimat verib ki, buna getsinlər. Biz nəzərə almalıyıq ki, Rusiyanın Ermənistanın hərbi elitasına təsir imkanları böyükdür. Hələ onu demirəm ki, hakimiyyətdə Qərbə yaxın olan qüvvələr olsa da, orada Rusiyanın hərbi bazaları var. Paşinyan ona görə buna getməz ki, o, Rusiyadan uzaqlaşmaq yolunu tutub. Ən başlıcası, Ermənistan sərhədə Avropa İttifaqının monitorinq missiyasını gətirib. KTMT qüvvələri sərhədə gətrilsə, bu, Aİ-nin monitorinq missiyası ilə gərginliyin yaranmasına yol açacaq. Daha sonra digər problemlərin yaranmasına yol açacaq. Ona görə də indiki halda Paşinyanın buna gedəcəyi real deyil. Üstəlik Paşinyan görür ki, Rusiyanın Ukraynadakı durumu getdikcə pisləşir. Belə olan halda niyə buna getsin ki?”.
Vidadi ORDAHALLI