Rusiya mediası yenə öz ampluasındadır. Onlar öz ölkələrinin sülhməramlılarının nəzarətində olan ərazilərdə Azərbaycan ordusunun addımlarını yanlış təqdim edir və eyni zamanda yolverilməz terminologiyadan istifadə edirlər.
Bir mətnə diqqət edək: “Azərbaycan Silahlı Qüvvələrinin bölmələri martın 27-də səhər saat 9 radələrində Stepanakert - Lisaqor (Lısoqorye) torpaq yoluna bitişik yüksəkliklərdən biri istiqamətində irəliləməyə cəhd göstərib. Bu barədə “Dağlıq Qarabağ Müdafiə Ordusu”nun (dırnaq işarəsi bizə məxsusdur-red) mətbuat xidməti məlumat verib.
Göstərilən ərazidə döyüş növbətçiliyini yerinə yetirən “Müdafiə Ordusu”nun şəxsi heyətinin qabaqlayıcı tədbirləri nəticəsində Azərbaycan bölməsinin irəliləyiş cəhdinin qarşısı alınıb.
Ötən bazar günü məlum olub ki, Azərbaycan silahlı qüvvələri Stepanakert-Qaybalışen-Lisaqor yolunun kənarında yerləşən yüksəkliklərdən birinə mövqe baxımından irəlilədikdən sonra Rusiya sülhməramlıları bu yüksəkliyi tutub və hazırda ona nəzarət edir”.
Başdan-ayağa kimi təxribatla dolu olan bir mətn. Hansı “Dağlıq Qarabağ Müdafiə Ordusu”ndan söhbət gedə bilər?
Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son günlər Qarabağda yaşananlarla bağlı əksər Rusiya telekanalları ölkəmizin əleyhinə təxribat xarakterli dezinformasiyalar yaydı: “Az qala bütün Rusiya telekanalları biri-birini təkrarlayan proqramlar hazırlayır. Hətta bəzi televiziyaların verilişlərinə dəvət etdiyi qonaqlar da eynilik təşkil edir.
Bu daim belə olub. Yəni proqramlara daha çox erməni mənşəli politoloq, jurnalist, deputat və alim dəvət edirlər ki, onlar da dünyaya təxribat xarakterli məlumatlar üfürməklə məşğul olur. Bir sözlə, gərginliklər zamanı Rusiyadakı ermənilər kifayət qədər fəal iştirak edirdilər. Görünən budur ki, Qarabağ münaqişəsi tarixə qovuşsa da, Ermənistanın Azərbaycana qarşı informasiya savaşı davam edir. 44 günlük müharibədə biabırçı məğlubiyyətə düçar olan işğalçılar hələ də Qarabağın guya Ermənistana məxsus olması barədə gülünc və saxta iddialarla beynəlxalq ictimaiyyətin diqqətini özlərinə çəkməyə, ermənilərin məzlum obrazını yaratmağa çalışırlar. Təəssüflər olsun ki, bu məsələdə onlara ən böyük dəstəyi elə Rusiya mediası verir.
Rusiya Müdafiə Nazirliyi və mediası bizim öz ərazimizdə ermənilərin qanunsuz silah daşımasının qarşısını almağımızı üçtərəfli bəyanatın pozulması kimi qələmə verir. Halbuki, həmin bəyanatın bir neçə bəndini elə sülhməramlıların özləri və onlara arxalanan ermənilər pozur.
Müharibə başa çatan kimi Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında “Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingenti” adlı xüsusi bölmə yaradıldı. Həmin bölmədə yer adları ermənilərin səsləndirdiyi kimi təqdim olunurdu. “Dağlıq Qarabağ” adı ləğv edilsə də, onlar bu təqdimatı edirlər. Azərbaycan tərəfinin dəfələrlə, az qala hər gün və doğru olaraq xəbərdarlığına baxmayaraq, Rusiya Müdafiə Nazirliyi və mediası sülhməramlı kontingentin məsuliyyət zonasından yaydığı xəbərlərdə yenə də yer adlarını təhrif etməkdə davam edir. Belə ki, Rusiya MN israrla “Dağlıq Qarabağ” inzibati vahidinin, onların ayrıca “silahlı qüvvələri”nin olmasını göstərməyə çalışır.
Qarabağın Azərbaycan ərazisi olduğu, Rusiyanın 22 fevral 2022-ci ildə Azərbaycanın ərazi bütövlüyünü tanıyan əməkdaşlıq sazişi imzalaması Rusiya MN-i qətiyyən düşündürmür. Bu nazirlik və onların mediası ermənilərin qəlbini xoş etmək üçün hər cür qanunsuzluğa getməyə, hər cür təhriflərə hazır olduğunu günbəgün daha qabarıq şəkildə göstərir. Bu da iki ölkə arasındakı münasibətləri korlayır”.
Məhəmmədəli QƏRİBLİ