“... Əlbəttə ki, Laçın rayonunun təhlükəsizliyi ilə bağlı başqa addımlar da atılır, tədbirlər görülür və bu tədbirlər imkan verir ki, oraya qayıdacaq soydaşlarımız rahat, təhlükəsizlik şəraitində yaşasınlar". Bunu Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.
Prezident həmin görüşdə Laçının təhlükəsizliyi ilə bağlı danışdı və laçınlıların təhlükəsizliyinin təmin ediləcəyini bəyan etdi.
Bunların nə kimi strateji, cari əhəmiyyəti var?
“Laçının təhlükəsizliyinin təmin edilməsi birbaşa Azərbaycan-Ermənistan sərhədində Ermənistanın təxribatlarının qarşısının alınmağı deməkdir”
Politoloq Tural İsmayılov bizimlə söhbətində bildirdi ki, Laçın rayonunun Azərbaycan üçün xüsusi əhəmiyyəti var. “Çünki nəzərə almaq lazımdır ki, Laçın Azərbaycanla Ermənistan arasında vacib körpülərdən biridir. O, Azərbaycanla Ermənistan sərhədində ən önəmli nöqtələrdən birini təşkil edir. Ona görə də Ermənistan uzun illər Laçın rayonunun işğalda saxlanılması məsələsinə xüsusi əhəmiyyət verirdi. Ermənistanın burada törətdiyi cinayətlərdən biri də Suriyadan, Livandan və başqa ölkələrdən ermənilərin Laçına qanunsuz yerləşməsini həyata keçirmək idi. Onların əsas məqsədi guya Laçının etnik tərkibinin, eyni zamanda da əhali tərkibinin ermənilərdən ibarət olduğu kimi saxta fon və görüntü yaratmaqdan ibarət idi. Lakin Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbədən sonra Laçın diplomatik yollarla işğaldan azad edildi. Və artıq Laçın rayonunda Ermənistanın törətdiyi çoxvektorlu cinayətlər ifşa edildi.
Laçının Azərbaycan dövləti üçün xüsusi əhəmiyyəti var. Laçınla bağlı həyata keçirilən işlər və eyni zamanda Prezidentin Laçına xüsusi nümayəndə təyin edərkən verdiyi mesajlar onu göstərir ki, tezliklə Laçın rayonuna qayıdış baş verəcək”.
İ.İsmayılov qeyd etdi ki, gələn illərdə artıq Laçın hava limanı da hazır vəziyyətə gələcək. “Laçının strateji əhəmiyyəti, eyni zamanda coğrafi mövqeləri də Azərbaycan üçün vacib əhəmiyyətə malikdir. Həmçinin, Laçının çox böyük turizm imkanları var. Hesab edirəm ki, gələcək iqtisadi, siyasi kommunikasiya layihələrində Laçın vacib halqalardan birini təşkil edəcək. Laçının bizim üçün strateji əhəmiyyəti çox böyükdür. Ona görə ki, Laçının təhlükəsizliyinin təmin edilməsi birbaşa Azərbaycan-Ermənistan sərhədində Ermənistanın təxribatlarının qarşısının alınmağı deməkdir. Cənab Prezidentin Laçına təyin etdiyi xüsusi nümayəni qəbul edərkən Laçının təhlükəsizliyi ilə bağlı vurğuladığı mesajların mühüm əhəmiyyəti olduğunu düşünürəm. Azərbaycan dövləti Laçına böyük Qayıdış proqramı hazırlayıb. Bu il ərzində keçmiş məcburi köçkünlərimizin ora qayıdışı prosesi baş tutacaq. Bu o deməkdir ki, Laçında təhlükəsizlik mühiti kifayət qədər yüksək səviyyədə qurulub. Hesab edirəm ki, Laçının təhlükəsizliyi həm də digər bölgələrdə, Qarabağdakı digər ərazilərdə təhlükəsizlik mühitinin yüksək səviyyədə olduğunu söyləməyə əsas verir”-deyə T.İsmayılov qeyd etdi.
İradə SARIYEVA