Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb.
Bu fikirləri “Bakı-Xəbər”ə açıqlamasında İcmanın sözçüsü Ülviyyə Zülfiqar söyləyib.
Sözçü qeyd edib ki, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtma hüququnun təmin edilməsi, qayıdışdan sonra onların fərdi və kollektiv hüquqlarının, o cümlədən, mülkiyyət hüquqlarının, mədəni-tarixi irsinin bərpası və qorunması məsələlərini əhatə edən Qayıdış Konsepsiyası BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, çin, ərəb və ispan), adı çəkilən əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrıseçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb.
Ü.Zülfiqar qeyd edib ki, Qayıdış Konsepsiyasının BMT-nin əsas orqanlarının sənədləri kimi yayılması Qərbi azərbaycanlıların sülh yolu ilə öz doğma torpaqlarına qayıtması yolunda böyük uğurdur. Sülhpərvər və tamamilə beynəlxalq hüquqa uyğun olan konsepsiyanın BMT-də rəsmi sənəd kimi yayılması Ermənistan hökumətinin Qərbi Azərbaycan mövzusunu təhrif etməsi imkanlarını daha da azaldır, bu ölkəni bir növ İcma ilə danışıqlara başlamağa çağırır və bu mövzuda beynəlxalq prosesin başlanmasını təşviq edir.
Məlumat üçün qeyd edək ki, bu, İcmanın BMT sənədi kimi yayılmış ikinci sənədidir. Bundan əvvəl, yanvar ayında İcmanın beynəlxalq ictimaiyyətə müraciəti yayılmışdı. Qərbi Azərbaycan İcması tərəfindən 26 yanvar 2023-cü ildə qəbul edilmiş Qayıdış Konsepsiyası indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Bütün bunlar onu göstərir ki, Qərbi Azərbaycan İcması dünyada tanınır və qəbul olunur.
BMT-də Qərbi Azərbaycan İcmasının dünyada tanınmasını göstərmək baxımından bunun əhəmiyyəti nədən ibarətdir? Artıq dünya bu icmanı tanımağa başlayıb. Çünki bunun BMT səviyyəsində tanınması ən azı 200-dən çox dövlətin gündəminə daxil olması deməkdir.
“Qərbi Azərbaycandan qovulan soydaşlarımızın hüquqlarının bərpası beynəlxalq arenaya çıxır”
Əslən Qərbi Azərbaycandan olan AMİP funksioneri Əli Orucov hesab edir ki, Qayıdış Konsepsiyasının BMT çərçivəsində rəsmi sənəd kimi qəbul olunması önəmli hadisədir: “Məsələ ondadır ki, uzun illər bununla bağlı Azərbaycan ictimayətində gözləntilər az idi. Bunun da bir sıra səbəbləri var idi. Əsas səbəb onunla bağlı idi ki, ikili standartlar səbəbindən bu məsələlərə ciddi yanaşılmayacağını hesab edirdilər. Çünki ərazilərimizin işğalı ilə bağlı 4 qətnamənin kağız üzərində qalması ümidləri azaltmışdı. Ancaq 44 günlük müharibədə uğurumuz situasiyanı dəyişdi və indi tamamilə yeni reallıqlar yaranıb. BMT müstəvisində ikinci dəfə belə bir mövqenin ortaya qoyulması o deməkdir ki, artıq erməni yalanları dünyanı aldatmaq gücünü itirir. Bu, ermənilərə vurulan siyasi zərbədir. O mənada ki, Qərbi Azərbaycandan qovulan soydaşlarımızın hüquqlarının bərpası beynəlxalq arenaya çıxır”.
Vidadi ORDAHALLI