Rusiya Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma statutuna mümkün qoşulmasını “tamamilə yolverilməz” hesab edir. Moskva İrəvana bu addımın ikitərəfli münasibətlər üçün "son dərəcə neqativ nəticələrinin" olacağını bildirib.
Martın 17-də Haaqa məhkəməsi Rusiya prezidenti Vladimir Putinin Ukrayna ərazisində törətdiyi hərbi cinayətlərə görə onun həbsinə order verib. Qaydaya görə, Roma statutunu imzalamış ölkələr Beynəlxalq Cinayət Məhkəməsinin orderini icra etməyə məcburdurlar. Kreml Putin barəsində orderi “qanunsuz” adlandırıb və bildirib ki, Rusiya BCM-in üzvü olmadığından, onun üçün bu order “bir hüquqi heçdir”. Bununla belə, Rusiya hakimiyyəti sözügedən orderi icra edəcək ölkələri hədələyib. Hazırda Roma statutunu 123 ölkə imzalayıb.
Martın 24-də Ermənistanın Konstitusiya Məhkəməsi Roma statutunun ölkə Konstitusiyasına uyğunluğu barədə rəy verib. Bunun ardınca Ermənistan parlamenti həmin sənədi ratifikasiya etməlidir. Ermənistan bu statutu 2004-cü ildə imzalasa da ratifikasiya etməmişdi.
Bütövlükdə, Ermənistanın Roma statutunu ratifikasiya etməsi o deməkdir ki, Vladimir Putin potensial olaraq onun ərazisində həbs oluna bilər. Belə görünür ki, Rusiya Ermənistanın bu yöndə ata biləcəyi addımlardan narahatdır.
“İki dövlət arasında siyasi böhran dərinləşəcək və yeni problemlər ortaya çıxacaq”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə Rusiyanın bununla bağlı narahatlığına bir neçə prizmadan yanaşdı: “Məsələ ondadır ki, Rusiya prezidenti Vladimir Putinə qarşı Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarı verməsindən sonra Ermənistanın bu qurumun Roma statusunu imzalaması təsadüfi deyil. Bu, faktiki olaraq Moskvaya İrəvan tərəfindən vurulan ən böyük zərbədir. Deyərdim ki, uzun illər strateji müttəfiq olan bir ölkədən aldığı gözlənilməz zərbədir. Nikol Paşinyan bununla Avropa İttifaqına mesaj verir ki, bu məsələdə sənin yanındayam. Təbii ki, bu qərar Ermənistan rəhbərliyinin Putinə qarşı demarşıdır. Düşünürəm ki, Ermənistan tərəfinin bu addımları Moskva tərəfindən ciddi narahatlıq kimi qəbul edilib və İrəvana təzyiq ediləcək. Ancaq ermənilər Putinin Ermənistanda həbsi risqinə getməzjlər. Bu onu göstərir ki, Ermənistan artıq Rusiyanı özünə müttəfiq hesab etmir. Moskva da bilməlidir ki, Ermənistandan müttəfiq olmaz. Bu ölkə istənilən addımda ən yaxın silahdaşına zərbə vurur. Bu gün Ermənistan bunu edibsə, demək Rusiya üçün Ermənistan problemli ölkə olur. Ermənistanda Rusiyanı qəbul etmirlər. İki dövlət arasında siyasi böhran dərinləşəcək və yeni problemlər ortaya çıxacaq”.
Vidadi ORDAHALLI