“Azərbaycan tərəfi belə ərazilərdə 5 kilometrlik dəhliz məntiqinə uyğun mövqe infrastrukturları yaradır”. Bunu Ermənistanın “Şərəf duyuram” fraksiyasının katibi Tiqran Abramyan Facebook səhifəsində yazıb.
T.Abramyan fikirlərini belə əsaslandırmağa çalışıb: “Azərbaycan yenidən Xankəndi-Turşsu torpaq yolunun qoşunların təmas xəttində mövqe irəliləyişi etməyə cəhd edib, Məlumata görə, bunun qarşısı alınıb. İki gündür ki, azərbaycanlılar Xankəndidən Şuşaya gedən və digər ətraf ərazilərdə fəal iş aparırlar. Maraqlıdır ki, Azərbaycan tərəfi belə ərazilərdə 5 kilometrlik dəhliz məntiqinə uyğun mövqe infrastrukturları yaradır. Problem ondadır ki, istənilən insident, hücum daha böyük eskalasiya üçün yeni yol açır”.
Bir daha aydın olur ki, erməni həyasızlığı heç bir çərçivəyə sığmır. Məlum həyasız yanaşmanın mahiyyəti ondan ibarətdir ki, bunlar məsələni fərqli formada təqdim edirlər. Məsələni elə qələmə verməyə çalışırlar ki, guya bunlar eni 5 kilometr olan yoldan qanunsuz silah daşımaq üçün istifadə edə bilərlər, amma Azərbaycan orada təhlükəsizlik və nəzarət infrastrukturu yarada bilməz. Axı Laçın yolu ermənilərə ona görə verilməyib ki, onlar bundan gizli məqsədlər üçün, silah daşımaqdan ötrü istifadə etsinlər. Həmin yolda 5 kilometrlik məsafə təhlükəsizlik üçün verilib. Əgər o təhlükəsizlik üçün nəzərdə tutulan məsafədən ermənilər gələcəkdə yeni təhlükə yaratmaq üçün vasitə kimi istifadə edirlərsə, əlbəttə ki, bunun qarşısı alınmalıdır.
“Bu o deməkdir ki, ermənilər “quyruqları qapı arasında” qalanda hay-həşir qoparırlar”
Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, erməni tərəfi istənilən absurd arqumentə istinad etməkdən çəkinmir: “O baxımdan, məlum həyasız yanaşma bizim üçün təəccüblü deyil. Əvvəla, 10 noyabr 2020-ci ildə əldə olunan üçtərəfli razılaşmada Laçın yolundan hərbi məqsədlər üçün istifadə olunması nəzərdə tutulmayıb. Söhbət həmin yoldan mülki məqsədlər üçün istifadə edilməsindən gedir. Ancaq razılaşma əldə olunandan bəri erməni tərəfi buna əməl etmədi. Elə ilk gündən bundan gizli məqsədlər üçün istifadə etməyə başladılar. Sülhməramlıların nəzarətində olan yol vasitəsi ilə Qarabağa silah və minalar daşımağa başladılar. Rusiya sülhməramlıları da buna göz yumdular. Bu azmış kimi, Qarabağda təbii sərvətlərimizi qanunsuz talayaraq bu yolla daşımağa başladılar. Azərbaycan dəfələrlə xəbərdar etməsinə baxmayaraq buna məhəl qoymadılar. Ən nəhayət, yerli QHT-lər dekabrın 12-də Laçın-Xankəndi yolunun Şuşadan keçən hissəsində aksiya keçirərək bunun qarşısını aldılar. Belə olan halda erməni separatçıları növbəti qanunsuz addımları atmağa başladılar. Xankəndi-Xələfli-Turşusu torpaq yolu ilə Ermənistandan silah daşımağa başladılar. Bu dəfə də Azərbaycanın xəbərdarlığına məhəl qoyan olmadı. Belə olan halda ordumuz sözügedən yolu nəzarətə götürərək silah daşınmasının qarşısını aldı. Nəticədə utanmadan 5 kilometrlik mühafizə zolağına Azərbaycanın müdaxiləsindən danışırlar. Məgər həmin yolla silah daşınması 10 noyabr razılaşmasında var? Təbii ki, yox. Bu o deməkdir ki, ermənilərin “quyruğu qapı arasında” qalanda hay-həşir qoparırlar. Baş verənlər bunun bir göstəricisidir”.
Vidadi ORDAHALLI