
Çinin Rusiya və Ukraynaya təklif etdiyi 12 maddəlik sülh təklifinin uğursuz olacağı ilk gündən məlum idi və hələ 3 həftə əvvəl Çin bunu guya yeni qlobal təhlükəsizlik konsepsiyası kimi təqdim edəndə şəxsən mənim heç bir etimadım yox idi ki, plan qəbul olunacaq. Çünki bu 12 maddəlik sənəd beynəlxalq hüququn hamıya bəlli norma və prinsiplərinin sadəcə sadalanmasından, həm də tam olmayan çərçivədə sadalanmasından başqa bir şey deyildi... Rusiya qoşunlarının Ukraynadan çıxarılması şərti bu sənəddə yoxdursa, dövlətlərin suverenlik prinsipinə hansı hörmətdən danışmaq olar?!..
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Ancaq Çin liderinin belə bir uğursuz sülh sənədi ilə Moskvaya iki günlük səfərə niyə getdiyi çox maraqlıdır. Çin lideri bilməmiş deyildi ki, onun sənədini Rusiyadan başqa kimsə real vəziyyətə uyğun saymayacaq. O zaman Moskvaya niyə gəldi?...
Güman etmək olar ki, Çin Ukrayna məsələsinə münasibətdə Rusiyanın xeyrinə birmənalı seçim etməyə hazırlaşır, uğursuz sülh sənədi isə bu seçimin "alibisi" olacaq, yəni sülh təkliflərimiz qəbul olunmadığı üçün bu seçimi etməli olduq... Təbii, bu seçimin arxasında Çinin maraqları və Rusiyadan umacaqları var... Bunları almamış seçim etməyəcək. Neftdən, qazdan, içməli sudan, ya ərazidən söhbət getdiyini hələlik dəqiq demək mümkün deyil, ancaq aydın olacaq...
Ukrayna müharibəsinin üstündə dünya daha gərgin mərhələyə keçir... Çinin məsuliyyəti də artır...
Tahir TAĞIYEV