
Ermənistanın XİN başçısı Ararat Mirzoyanın Azərbaycan Xarici İşlər Nazirliyinin bir neçə gün öncəki bəyanatına bu gün verdiyi reaksiya bir məqama görə, diqqətimi cəlb etdi.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Mirzoyan hakim partiyanın deputatının sualını cavablandırarkən diqqəti Azərbaycan XİN-in bəyanatında ifadə olunmuş tutarlı bir tezisə yönəldib. Azərbaycan XİN bəyan etmişdi ki, Ermənistan Avropa İttifaqının missiyasından öz təxribatlarını ört-basdır vasitəsi kimi istifadə edir... Görünən budur ki, Ermənistan Azərbaycan XİN-in dəqiq ifadə tərzindən narahat olub və inandırmaq istəyir ki, Ermənistan heç bir təxribat etmir və Avropa İttifaqının missiyası mülki xarakterlidir... Guya Azərbaycan təxribatların Avropa missiyasının üzvləri tərəfindən törədildiyini iddia edirmiş...
Ermənistanda çox yaxşı anlayırlar ki, ölkədə Avropa missiyasının mövcudluğundan pərdə kimi istifadə etmək və "biz təxribat törətsəydik Avropa missiyası bunu görərdi" demək olar.
Ancaq erməni tərəfin arqumentləri tutarsızdır.
Ağıllı adamlar başa düşür ki, Azərbaycan Ermənistanı çox həssas yerindən vurub, belə ki, Avropa missiyası İrəvanın zəif yeridir, çünki hazırda Rusiya da İrəvandan Avropa missiyaçılarını çıxarmağı tələb edir. Rusiya siyasi olaraq İrəvandakı Avropa missiyasından narahat olduğunu xeyli əvvəl açıq bəyan edib, Putin və Lavrov bunu birmənalı bəyan ediblər, ruslar İrəvana iki illik Avropa missiyasının gəlişinin Azərbaycanla müzakirə edilmədiyini də açıq dilə gətiriblər. İndi yaranmış vəziyyətə baxın - Rusiya daha öncə Ermənistanda Avropa missiyasını geosiyasi qarşıdurmanı artıran faktor adlandırıb, indi isə Azərbaycan Ermənistanın Avropa missiyasına söykənərək gərginliyi artırdığını ortaya qoyub. Mirzoyan konkret olaraq bu məsələdə həm Rusiya, həm də Azərbaycan tərəfindən ağır təzyiq altına düşdüklərini anlayır və bu gedişlə Avropa missiyasının ölkədən çıxarıla biləcəyindən qorxuya düşüblər...
Mirzoyanın tələsik və isterik formada ad çəkmədən Azərbaycan XİN-ə cavab verməsi məhz bu qorxudan irəli gəlib. Əslində hakim partiyanın deputatının ona bu mövzuda sual verməsi də tam quramadır, öncədən təşkil ediblər...
Ölkədə Avropa missiyasının mövcudluğu Ermənistanın təxribat planlarını ört-basdır etməyə imkan verir və bu səbəbdən missiyanın 2 il tamam olmamış ölkədən getməsini istəmirlər...
Tahir TAĞIYEV